Cavanşirdən Könülə:“Zəngilana, Cəbrayıla da mahnı yazsın da...” 

“Könül Kərimovanın “Laçınım” mahnısının müəllifi olduğunu söyləməsindən xəbərim var. Könül xanım gözəl sənətkarımızdır, əməkdar artistdir. Onu ilk dəfə Məhəbbət Kazımov ilə tanımışıq. Uzun illər birgə çalışıblar, M.Kazımov rəhmətə gedəndə hamıdan çox Könül ağladı. Mən bunun şahidi oldum”.
Bu sözləri “Sherg.az”a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov söyləyib. Onun fikrincə, mahnı ərsəyə gələn ərəfədə Könül xanıım bunu dilə gətirə bilərdi:
“Məhəbbət də efirdə deyərdi ki, K.Kərimova yazıb laçınlılara hədiyyə edib. Bilmirəm, niyə  məsələ indi gündəmə gəlir. Məncə, Məhəbbətin ruhu rahat olsun, bu söhbətlər lazımsızdır.

Onu da qeyd edim ki, bir dəfə toyda ifa edirdik, laçınlılar qonaq gəlmişdilər. Məhəbbətə “Laçınım” mahnısını sifariş verdilər. Mən də çıxış etdim ki, Laçın işğal altında olduğu müddətdə  bu mahnıya rəqs etməyin.

Çünki olmaz, həmin mahnıya ancaq  kədərlənməliyik. İndi biz “Laçınım” mahnısına oynaya da bilərik. Allah Ali Baş  Komandanımızın canını sağ, müzəffər ordumuzu var eləsin. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Mövzuya  qayıdaq... Məsələn, həmin mahnını mən yazmış olsam, deyərdim ki, Məhəbbətindir. Çünki Məhəbbət  çox yanğı ilə oxuyub və onun mahnısı kimi qəbul etmək lazımdır. Sual olunur ki, Könül xanım heç sözügedən əsəri ifa edib? Mən eşitməmişəm. Axı bəstəkar yazdığı mahnını ilk özü oxumalıdır.

Görkəmli bəstəkarımız Emin Sabitoğlu ilk dəfə özü ifa edirdi. Necə ola bilər ki, mahnını yazım, deyim Məhəbbət oxu, özüm də bir qıraqda dayanım. Belə məsələlərə diqqətlə yanaşmalıyıq. Könül xanımı qınamıram. Lakin  birgə çörək pulu qazanıblar, yuxusuz gecələri olub, rayonlara  gediblər. Allah Məhəbbətin oğluna can sağlığı versin. Onun ailəsi yaralı quş kimidir. Məhəbbət yoxdursa, deməli heç nə yoxdur. Onları qıcıqlandırmağın nə mənası var?

Rəhmətlik Zöhrə Abdullayeva bir dəfə açıqlama verdi ki, Məmmədbağır Bağırzadə sirlərini mənə danışardı. Deyirdi, deyirdi də. Bunu  dilə gətirmək, onun övladlarına, qızına yara vurmaq düzgün deyil axı.

Biz Firuzə  İbadova ilə  yol gedirik, onunla nəsə müzakirə  edirik. Firuzə xanım  mən vəfat etdikdən sonra  bunları açıqlamalıdır? Belə şey olur? Biz sənət adamlarına zərbə tez dəyir, həddindən artıq diqqətli olmalıyıq. Mədəniyyət göstəricisi  kimi təqdim olunuruq. İlk dəfə kimin yazıb oxuduğu önəmsizdir. Tutaq ki, Könül  xanım yazıb. Dünya dağılır? Könül Zəngilana, Cəbrayıla, Kəlbəcərə də mahnı yazıb oxusun.

Hamısı bizim torpaqlarımızdır. Belə söhbətlərin müzakirə olunmasına pis baxıram. Azərbaycanda narkomaniya baş alıb gedir, gənclərimizi düzgün yola çəkməliyik. Yoxsa bu mövzuları gündəmə gətirmək yanlışdır”.