TARİXİ SƏFƏR: Mirzə Cəlilin nəticəsinin Bakıya gəlişi hamını duyğulandırdı

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəlib. Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli ədibin anadan olmasının 150 illik yubileyi ilə ölkədə geniş qeyd edilir. Cəlil Məmmədquluzadə nəslinin davamçılarının Bakıya dəvəti də bu tədbirlər çərçivəsindədir və onlar  Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi-mədəni tədbirlərə qatılacaqlar. C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

Bu barədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məlumat paylaşıb və Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələrinin Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən dəvət edildiyini bildirib.



Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də 1998-ci ildə Parisdə görüşərək, onunla da əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.



Rəşad Məcid: "Mirzə Cəlilin nəsli İranda “Molla Nəsrəddin”ə məlum münasibət səbəbiylə soyadlarını dəyişmək məcburiyyətində qalıblar. Kimliklərini gizlətmək üçün Cavanşiri soyadını üzərlərinə alıblar"


Fikirlərini “Şərq”lə bölüşən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, Mirzə Cəlil şəcərəsi nümayəndələrinin Bakıya gəlişi əlamətdar hadisədir: 

"Müəyyən tarixi proseslərin axarıyla Azərbaycanı tərk etmiş görkəmli şəxsiyyətlərin nəvə-nəticələrinin bir əsr sonra Vətənə qayıtması həmişə məni təsirləndirib. Amma, Vətənə gəlmək, ulu babalarının yurdunu görmək bəlkə də bizdən qat-qat artıq o, insanları təsirləndirir. Məsələn, hardasa 15 il əvvəl Ceyhun Hacıbəylinin nəvəsi Bakıya gəlmişdi və biz onun necə heyran qaldığını görmüşdük. Səhv etmirəmsə, Ceyhun bəyin nəvəsi ad-soyadı Ceyhun Kvema Hacıbəyli idi. O, Ceyhun bəyin oğlu Timuçinin övladı idi. Həm də cazmen idi. Onun gəlişindən çox təsirlənmişdim. Ancaq görünürdü ki, o daha artıq təsirlənib. Hətta istəyirmiş babasının doğma yurdu Şuşaya səfər etsin, Ermənistan dövlətinə müraciət edib. Baxmayaraq ki, Fransa vətəndaşıdır, soyadı erməniləri narahat etdiyindən ona viza verilməmişdi. Bu çox yaxşı haldır ki, vaxtilə mühacir həyatı yaşamış bizim görkəmli xadimlərin nəvələri, nəticələri Azərbaycana səfər edir, Vətənlə əlaqə yaradırlar. Mirzə Cəlilin nəsil şəcərəsinin axtarıb tapılması isə akademik İsa Həbibbəylinin zəhmətinin nəticəsidir. İsa müəllim bu işlə bağlıl həqiqətən də çox çalışıb, İranda onları axtarıb tapıb. Mirzə Cəlilin nəsli İranda “Molla Nəsrəddin”ə məlum münasibət səbəbiylə soyadlarını dəyişmək məcburiyyətində qalıblar. Kimliklərini gizlətmək üçün Cavanşiri soyadını üzərlərinə alıblar. İndi Bakıya gələnlər isə Polşada yaşayan nəticələridir. Xarici ölkələrdə yaşayan soydaşlarımızı axtarıb tapmaq, onlarla əlaqə yaratmaq əlbəttə lazımdır. Amma Cavad Heyət bir dəfə İsa müəllimə deyib ki, Mirzə Cəlilin nəvəsi sənsən. Yəni, o mənada ki, biz hamımız Mirzə Cəlilin mənəvi övladlarıyıq. Bu gün hansısa xarici ölkədə Mirzə Cəlilin nəsil şəcərəsinini nümayəndələri yaşasa da, Azərbaycanda onun mənəvi nəvələri saya gəlməzdi".