Ortaq Türk Tarixi dərsliyi gün üzünə çıxdı: Türk gəncliyi üçün faydalı əsərdir

Hafiz Cabbarov: "Mübahisəli məsələlərdən qaçmağa, dünya tarixində qəbul olunmayan məqamların üzərindən keçməyə çalışdıq”


Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan və Türk Şurasına üzv ölkələrdə tədris ediləcək olan Ortaq Türk Tarixi dərsliyi nəhayət çap olunub. Bu barədə Milliyyətçi Gənclər Təşkilatının Türkiyə başqanı Odər Əlizadə Feysbuk profilində yazıb.



O. Əlizadə dərsliyin Türk dünyası tarixinə bütöv yanaşma yolunda mühüm addım olacağını deyib: “Millətləri və onu təşkil edən fərdləri tərbiyə edən ortaq tarixin tədrisi türk dünyasına böyük pəncərədən baxmağımıza şərait yaradacaq. Ortaq Türk Tarixi dərsliyinin yoxluğu və bunun səbəb olduğu problemlərə elmi dissertasiyamda ətraflı toxunmuşdum. Ümid edirəm, bu kitabla az da olsa Azərbaycanın sərhədləri ilə çərçivələnən türk tarixi anlayışımız qırılacaq”. 
Məlumat üçün deyək ki, dərsliyin birinci hissəsi qədim dövrdən XV əsrədək olan dövrü əhatə edir. Orta məktəblərdə tədrisi nəzərdə tutulan dərsliyin ikinci hissəsinin sonrakı əsrləri əks etdirəcəyi vurğulanır. Mütəxəssislərin fikrincə, “Ortaq Türk Tarixi” türk xalqlarının inteqrasiyanı sürətləndirə bilər. 

Dərsliyin hazırlanması layihəsində iştirak etmiş Heydər Əliyev adın Litseyin və “Hədəf” kursunun tarix müəllimi Hafiz Cabbarov Sherg.az-a açıqlamasında “Ortaq Türk Tarixi”nin ərsəyə gəlməsindən və bu yöndə fəaliyyətindən bəhs edib. Tarixçi vurğulayıb ki, dərslik çox aktual və gələcək üçün vacib bir addımdır: 



“İlk təşəbbüs olduğu üçün istər-istəməz müəyyən qüsurların olması qaçılmazdır. Ancaq bütün hallarda türk dünyasının gənc nəsli üçün faydalı əsərdir. Dərsliyin hazırlanmasında ekspert kimi iştirak etmişəm, Qazaxıstanda, Nursultan şəhərində olmuşam. Kitab qədim dövrdən XV əsrə qədər türk dünyasının tarixini özündə əks etdirir. Çalışmışıq ki, dərslikdə ən vacib məqamlara, ortaq tarixi-mədəni məsələlərə daha çox yer verək. Tarixi mərhələlərdə yaşanmış müəyyən qarşıdurmalara toxunmayaq. Düzdür, buna nail olmaq bizə asan başa gəlmirdi. Çünki hər türk xalqı istəyir ki, kitabda onun tarixinə daha geniş yer verilsin. Ancaq müzakirələrdən sonra konsensusa gəldik ki, türk dünyası üçün ortaq dəyərlərin aşılanmasına üstünlük verək. Ona görə də bir çox türk toplumlarının tarixində mühüm rol oynayan ən böyük dövlətlərin dərsliyə salınmasına qərar verdik. Mübahisəli məsələlərdən qaçmağa, dünya tarixində qəbul olunmayan məqamların üzərindən keçməyə çalışdıq”.  

Alim bəyan edib ki, bu təşəbbüsün 100 illik tarixi var:

“Fikrimcə, Ortaq Türk Tarixi dərsliyi Əli bəy Hüseynzadə ideyalarının, İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” şüarının reallaşmasına zəmin hazırlayacaq. Əgər Qazaxıstanda, Qırğızıstanda, Macarıstan və digər türk respublikalarında təhsil alan şagirdlər Azərbaycan tarixindən bilgilər əldə edəcəksə, bu, sadəcə bizim deyil, türk dünyasının faydasına olacaq. Türk dünyasının həm coğrafiyası böyükdür, həm də tarixi genişmiqyaslıdır. Ona görə də 1-8-ci siniflər üçün qədim zamanlardan orta əsrlərə qədərki dövrü kitabın birinci hissəsinə saldıq. Bundan sonra 9-ci siniflər üçün “Ortaq Türk Tarixi”nin XV-əsrdən müasir zamana qədərki dövrünü əhatə edən ikinci hissəsini hazırlayacağıq. Kitab üzərində türk respublikalarının tarixçi-alimləri, ekspertləri işləyiblər, müəyyən təkliflər irəli sürüblər. Düzdür, təkiflərin bəziləri nəzərə alınmayıb. Çünki konsensusun əldə olunması vacib idi. Söz verdilər ki, nəsə problem olsa, gələcək nəşrlərdə onları aradan qaldıracaqlar”.