Rəsulzadə ilə bağlı toplantı: “Borcumuzu qaytaraq” kampaniyası davam edir

Qulu Məhərrəmli: “İşçi qrupu həm ümumi işləri aparacaq, həm də görülən işlərlə bağlı Feysbuk səhifəsində, mətbuatda ictimaiyyətə məlumat verəcək”



Bu gün dahi bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun ev muzeyində “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin Ev-Muzeyi” təşəbbüsü üzrə yaradılmış ictimai qrupun toplantısı keçirilib. Toplantıda tarixçi alimlər, deputatlar, tanınmış ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər. 

Görüşlə bağlı Sherg.az-a açıqlama verən professor Qulu Məhərrəmli bildirib ki, yeni yaradılan İctimai qrupda təxminən 100-ə yaxın elm və mədəniyyət xadimi, incəsənət adamı, gənclər təşkilatlarının nümayəndələri yer alır. Q.Məhərrəmlinin sözlərinə görə, bir müddət əvvəl yaradılmış “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin Ev-Muzeyi” təşəbbüsü geniş miqyas almaqdadır: 

“Görüşdə təşəbbüs qrupunun gördüyü işlər barədə danışıldı. Təkliflə bağlı ictimaiyyət nümayəndələri - deputat Fazil Mustafa, xalq şairi Sabir Rüstəmxanlı, xalq artisti Ramiz Mirzəyev, Ramiz Məlikov və başqaları çıxış etdilər və maraqlı təkliflər irəli sürdülər. Daha sonra görüləcək işlərlə bağlı tarixçi-alimimiz Solmaz Tohidi və mən məlumat verdik. Eyni zamanda yeni yaradılmış “Rəsulzadənin ev muzeyi” adlı xüsusi Feysbuk səhifəsinin təqdimatı oldu. Bu səhifənin məqsədi Rəsulzadənin ev muzeyi ilə bağlı bütün yenilikləri vaxtında ictimaiyyətə çatdırmaqdır. Bir də qərara alındı ki, yanvarın 30-31-də Rəsulzadənin anadan olmasının növbəti il dönümü ilə bağlı beynəlxalq konfrans keçirilsin. Həmin konfransda Rəsulzadənin həyat və yaradıcılığı ilə bağlı məruzələr qoyulacaq və dəyirmi masa keçiriləcək. Beynəlxalq konfransa Fransadan, İrandan, Türkiyədən, Rusiyadan, Polşadan Rəsulzadə irsinin araşdırmaçıları dəvət olunacaq”. 

Q.Məhərrəmlinin sözlərinə görə, bugünkü ictimai qrupun yekunu olaraq işçi qrupu da yaradıldı: 

“İşçi qrupu həm ümumi işləri aparacaq, həm də görülən işlərlə bağlı Feysbuk səhifəsində, mətbuatda ictimaiyyətə məlumat verəcək. Bu, xüsusi olaraq cəmiyyətin öz təşəbbüsüdür. İctimaiyyətin bu məsələdə könüllü iştirakı var. Ev muzeyi ilə bağlı əmlak və hüquq məsələləri, muzey yaradıcılığı məsələsi də toplantıda müzakirə olundu. Hesab edirik ki, bu, olduqca ciddi hadisədir. Müvafiq dövlət orqanları ilə bu məsələnin reallaşması üçün danışıqlar nəzərdə tutulur”.