İki gün sonra qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümü tamam olacaq. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. Yanvar gecəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Faciə milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu gün 30 ili arxada qoyan Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Bu baxımdan hər il 20 yanvar hadisəsinin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, faciəni əks etdirən filmlər, tamaşalar nümayiş olunur. Qanlı yanvar hadisəsinin 30 illiyinin genişmiqyaslı qeyd olunması üçün ötən ilin sonunda Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçiriləcək. Bununla əlaqədar Prezident Administrasiyasına 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncamda vurğulanıb ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçsə də, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər Xiyabanında da hazırlıq işləri aparılır. Qısa müddət ərzində Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub. Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bütün işlərə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub. Anım günündən əvvəl artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var. Ümumiyyətlə, yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görülməsi planlaşdırılır.
Hər il olduğu kimi bu dəfə də 20 Yanvar faciəsinə xarici ölkələrdən reaksiya gəlib. ABŞ Konqresi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılıb. Buna baxmayaraq, bildirilib ki, o zaman, Azərbaycan xalqı sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib. Qeyd olunub ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verib. Bunun nəticəsində, 147 nəfər mülki əhali qətlə yetirilib, yüzlərlə insan yaralanıb və həbs olunub. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılıb. Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanıb. Konqresin bütün üzvləri Qara Yanvarı yad etməyə çağırılıb.
Lakin 20 Yanvar faciəsinin və cinayətkarların beynəlxalq aləmdə tanıdılması üçün daha çox işlərin görülməsi zərurəti hələ də vurğulanmaqdadır.
Tarixçi-alim Dilavər Əzimlinin sözlərinə görə, Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan Qanlı Yanvar faciəsinin otuz illiyinə bir-iki gün qalsa da, ciddi fəaliyyət hiss olunmur.
Onun sözlərinə görə, SSRİ dönəmində bütün tarix dərsliklərində “9 Yanvar” faciəsi əhatəli şəkildə verilir və “Qanlı Yanvar” adlandırılırdı. Bu hadisə Rusiyada baş vermişdi və onu bizim beynimizə elə yeritmişdilər ki, hamımız öz faciəmiz kimi qəbul edirdik: “1905-ci il millətimizin başına gətirilən faciəni unutduq, sonra 1918-ci il soyqırımlarını yaşadıq. Onu da unutduq, ardınca 1948-ci il hadisələri, ondan sonra isə 1988-ci il olayları baş verdi. Faciələrə münasibətimizə görə, dünyada imicimiz formalaşır. Sanki, 30 il bundan qabaq SSRİ-nin bizə qarşı qətliam həyata keçirdiyini deməyə, Qanlı Yanvarı gündəmə gətirməyə ehtiyat edirik, çəkinirik. Ancaq reallıq odur ki, 19 yanvardan 20-nə keçən gecə Bakıda dəhşətli faciə yaşandı. Əminliklə deyirəm ki, bu qətliam olmasaydı, Xocalı soyqırımı da baş verməzdi, rayonlarımız işğal edilməzdi. Bunların hamısının arxasında ozamankı SSRİ Baş Kəşfiyyat İdarəsinin planı dayanırdı. Azərbaycan cəzalandırılmalıydı və cəzalandırıldı. Lakin bu həqiqətləri yazan tarixçi yoxdur. Düşünürdüm ki, müəyyən müddət keçəndən sonra Azərbaycan Cümhuriyyətini, onun qəhrəmanlarını, “Difai” Partiyasını lənətləyən, amma bolşevikləri, şaumyanları tərifləyib “elmlər doktoru” adı alan həmvətənlərimiz yazdıqlarından imtina edəcək, bu millətdən üzr istəyəcəklər. Amma belə olmadı, əksinə, indi hamısı “millətçi” kimi gəzirlər, parlamentdə təmsil olunurlar. Soyqırımlar, faciələr əvvəlcə daxildə hamı tərəfindən bilinməli, öyrənilməli, qəbul edilməlidir. Daha sonra xarici ölkələrdə təbliğatdan, tanıdılmadan danışılmaq lazımdır”.