“Azərbaycanda böyük maarifçilər, yazarlar, siyasət adamları olub, ancaq əsas boşluq siyasi fikir adamı obrazındadır”. Sherg.az-ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa “Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” layihəsi üzrə keçirilən tədbirdə deyib.
F.Mustafanın sözlərinə görə, bizdə iki böyük siyasi fikir adamı olub ki, bunlardan biri Əhməd bəy Ağaoğlu, digəri Rəsulzadədir:
“Onların borcunu hələ də millət və dövlət olaraq qaytara bilməmişik. Əhməd bəyin siyasi düşüncəsində elmi ağırlıq daha çox öndədir. Rəsulzadədə isə nəzəriyyə ilə praktikanın uzlaşması prioritet olaraq diqqət çəkir. Rəsulzadənin siyasi düşüncəsinin episentri Azərbaycan dövləti olduğuna görə, dəyişən tarixi şərtlərə uyğun yol xəritəsi ortaya qoya bilib. Rəsulzadə heç bir ideoloji görüşdə statik deyil, dəyişik siyasi modellərə uyğun kursu müəyyənləşdirmək dinamizminə sahibdir. Təəssüf ki, Azərbaycanın siyasi elitasında böyük çoxluq Rəsulzadənin şüarlarını əzbərləməyə baş qatdılar, mətnini öyrənə bilmədilər. Ona görə də Qarabağ itkisini önləmək üçün tarixi şəraitin doğru proqnozlaşdırmasını ortaya qoya bilmədilər”.
Fazil Mustafa: “Böyük Məhəmməd Əmin Bəyin doğum günü hər bir evdə qutlanmalıdır”
Deputat bildirib ki, borcunu qaytarmadığımız başqa bir sima isə böyük qəhrəmanımız Nuri Paşadır:
“Bu obraz da bizim üçün mümkün olmayan şərtlərdə qələbə qazanmaq modelini təqdim edib. Bu dövlət onun şücaəti ilə ayaqda qala bilib. Bir sözlə, borcu o insanlar qaytarır ki, onlar borclu olduğunu anlayırlar. Bunu anlayanların sayı çoxalarsa, mütləq qaytarılacaq. Böyük Məhəmməd Əmin Bəyin doğum günü hər bir evdə qutlanmalıdır. O evlərdə ki, orada Azərbaycan bayrağına, istiqlalına sevgi və sayğı var”.
Qeyd edək ki, “Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” İctimai Qrupu tərəfindən Bakıda “Məhəmməd Əmin Rəsulzadənin iris – Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Dünən başlayan konfrans, bu gün davam edəcək.