Nuru Paşanın Göyçaydakı qərargahı dağılır: Biganəlik tariximizə, millətin ruhuna xəyanətdir

Feysbukda yaradılmış “Difai Təşkilatı” adlı səhifə Azərbaycanın xilaskarı Nuru Paşanın Göyçaydakı qərargahının fotosunu paylaşıb. Sosial şəbəkədə yayılan fotolar tarixçilərin narazılığına səbəb olub. Çünki qəhrəman Paşanın Göyçaydakı qərargahının yerləşdiyi bina tamamilə bərbad hala düşüb və xarabalığa çevrilib.

Münasibət bildirənlər binanın bu vəziyyətdə saxlanmasını tariximizə və şəhidlərin ruhuna xəyanət kimi dəyərləndiriblər. Onların fikrincə, Nuru Paşa qərargahının qorunması və tarixi binanın restavrasiya olunması zəruridir. Məlumat üçün əlavə edək ki, sözügedən qərargah Sadıq bəy və Həzrət bəy Ağabababəyovların evi olub. 



Dilavər Əzimli: “Müstəqillik dövründə bu cür tarixi abidələrin dağılıb, yox olmaq təhlükəsi ilə üz-üzə qalması ciddi narahatlıq doğuran məqamdır”


Narazılıqla bağlı “Şərq”ə danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, bu cür məsələlər daima gündəmə gəlsə də, hələ haraylara fikir verən yoxdur: 

“Bu sahələrə cavabdeh olan şəxslər və qurumlar millətin tarixini oxuyurlarmı? İnanın ki, oxumurlar. Oxusaydılar, bu cür biganəliyin şahidi olmazdıq. Onları daha çox postmodernizm və multikultural dəyərlər maraqlandırır. Rayonlara gedəndə nə qədər xarabaya qalmış abidələrlə, dağılıb, viran qalmış bəy evləri ilə rastlaşıram. Onlardan biri də Nuru Paşanın Göyçaydakı qərargahı, Sadıq bəy və Həzrət bəy Ağabababəyovların evidir. SSRİ dönəmini başa düşürdük. Hələ yaxşı ki, sovet vaxtı bu evləri qorudular və tamamilə silib-atmadılar. Narahatlıq doğuran odur ki, müstəqillik vaxtında bu cür tarixi abidələr dağılıb, yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Görəsən, həmin rayonların məmurları utanır, xəcalət çəkirmi? Mədəniyyət və Turizm Nazirliyi hara baxır? Gərək hər məsələyə birbaşa ölkə başçısı reaksiya versin, sonra qurumlar işə başlasın. Nuru Paşaya biganəlik tariximizə, millətin ruhuna xəyanətdir”.

 

D.Əzimli tarixi abidələrə qarşı qəribə bir laqeydlik olduğunu söyləyib: 

“Gözümüzün qabağında İçərişəhərin başına oyun açırlar. Tarixi əhəmiyyətli məkanlada restoranlar, kafelər, çayxanalar açılır. Vaxtilə Riqada olanda gördüm ki, onların “İçərişəhər”ində fayton belə sürmürlər. Tarixi abidələrinə ziyan gəlməsinə heç cür imkan vermirlər. Bizdə isə İçərişəhərin önündə metro tikiblər. Bilirsiz, bu metro ora nə boyda ziyan vurur?! Bəzi ziyalılarımız isə Rəsulzadənin ev muzeyi ilə bağlı imza toplayırlar. Bu nə biabırçlıqdır?! Üçrəngli bayrağı başımızın üstünə qaldırırıq, amma altında min oyundan çıxırıq. Vallah, adam xəcalət çəkir. Bəlkə biz ayrı ölkənin sakinləriyik və Rəsulzadə də bizim tarixi şəxsiyyətimiz deyil?! Gürcüstanda bu cür muzeylər çoxdan açılıb. Bəs biz niyə gecikirik? Məncə, ilk növbədə vətəni, dövləti, milləti sevmək lazımdır. O halda bu cür problemlər dərhal həll edilərdi”.