Elektrik dirəyindəki usta da 1 dəqiqəlik farağat dayandı
Türkiyə Cümhuriyyətinin qurucusu və öndəri Mustafa Kamal Atatürk 57 illik həyatında millətin və Vətənin müstəqilliyi üçün apardığı hər mücadilədə hərbi və siyasi dühasıyla zəfərləri taclandıraraq adını Türk və dünya tarixinə qızıl hərflərlə yazdırdı.
“Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, dünən Mustafa Kamal Paşanın əbədiyyətə qovuşmasının 83-cü ildönümü ənənəvi olaraq bütün ölkədə 1 dəqiqəlik sükut və sayğı duruşuyla qeyd edilib.
Noyabrın 10-u saat 09:05 dəqiqədə Türkiyədə səssizlik hökm sürüb. O dəqiqədə kim hardaydısa, oradaca sayğı duruşuna dayanıb. Belə məkanlardan biri də İstanbul metrosu olub. İstanbulun metro və tramvaylarında saat 09:05 dəqiqəni göstərdiyində Zülfü Livanelinin “İgidim, aslanım” mahnısının sədaları altında Atatürkü anma anonsu elan edilib. Həmin an İstanbul metrosunda 55 min sərnişin varmış. Metronun 16 xəttində eyni anda vaqonların hərəkəti dayandırılıb, sərnişinlər ayağa qalxaraq Atatürkə vəfa, sədaqət borcunu bir dəqiqəlik sükutla ifadə ediblər. Ardınca “İstiqlal marşı” oxunub.
İstanbul metrosundan təsirli fotolar sosial şəbəkələrdə yayılıb. Atatürkə sayğı duruşu bütün ölkədə, ən qaynar nöqtələrdə gerçəkləşib. Küçələrdə, prospektlərdə, körpülər üzərində, magistral yollarda avtomobillərin hərəkəti dayanıb, sürücülər, sərnişinlər avtomobildən enib, piyadalar hərəkətsiz dayanıb, mağaza sahibləri, satıcılar, müştərilər qapıya çıxaraq Atatürkə sayğılarını 1 dəqiqəlik sükutla ifadə ediblər. Ən təsirlisi isə Bursa şəhərində həmin dəqiqələrdə elektrik dirəyində işinin başında olan bir elektrik ustasının belində təhlükəsizlik kəmərinə bağlı olduğu halda farağat dayanmasını əks etdirən görüntülərdir. Bu görüntülər Osmanqazi bölgəsi Çekirgə Meydanında çəkilib.