Milli Müstəqillik günümüz təmtəraqlı keçirilməlidir

Faiq Ələkbərli: "Bütün Cümhuriyyət qurucularına xatirə muzeyi yaradılmalıdır"

İki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaranmasının 104-cü ildönümü qeyd olunacaq. 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalına məruz qalaraq süquta uğrayan Cümhuriyyət xalqımızın tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordunu, milli pulu, milli bankçılığı, azad seçkiləri də təmin edib. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 

Türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü daha təmtəraqlı keçirilməlidir. Alimin sözlərinə görə ötən illərdə pandemiya şəraitinə görə, genişmiqyaslı tədbirlər keçirilə bilmirdi. Amma indi konfranslar, tədbirlər maneəsiz keçirilir: 

“Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən, əvvəllər “Respublika Günü” kimi qeyd olunan 28 may bundan sonra “Müstəqillik Günü” kimi anılacaq. Bu, mühüm və vacib qərar idi. İldönümü ərəfəsində müəyyən tədbirlər, konfranslar, simpoziumlar təşkil olunur. Dövlət səviyyəsində də müəyyən addımlar atılır. Ümumi anlamda görülən işlər qənaətbəxş olsa da, yetərli saymaq olmaz. Müstəqillik günlərini qeyd edən ölkələrlə müqayisədə bir qədər geri qalırıq. Məsələn, qonşu Gürcüstan, Latviya, Litva və dövlətlər istiqlal günlərini daha təmtəraqlı qeyd edirlər. Biz də o günə xüsusi önəm verməliyik. Gənc nəsil bilməlidir ki, 1918-ci ilin 28 mayında dövlətçilik ənənələrimizə uyğun olaraq bir Cümhuriyyət qurmuşuq. Özü də bu dövlət yeni dövrün şərtləri altında yaranıb və bir çox ilklərə imza atıb. Milli müstəqillik gününün önəmini, Cümhuriyyətin anlamını hamı dərk etməlidir. 28 May gününə özəl elmi konfranslarla, bayram tədbirləri ilə yanaşı, İstiqlal abidəsi də daha geniş və fərqli məkana daşınmalıdır. Məhəmməd Əmin Rəsulzadə olmaqla bütün Cümhuriyyət qurucularına xatirə muzeyi yaradılmalı, abidələr ucaldılmalıdır”.