"Cümhuriyyətlə bağlı nadir material əldə etdim”


“Bir neçə gün öncə tərtibatçısı olduğum “Cümhuriyyət xatirələri” kitabı işıq üzü gördü. Kitabda Cümhuriyyət xadimləri ilə yanaşı, Osmanlı hərbçilərinin, müəllimlərinin də xatirələrinə yer vermişik”. 

Bu barədə “Sherg.az”a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçısı, tanınmış yazar-jurnalist, kolleksiyaçı Dilqəm Əhməd deyib. 
Araşdırmaçı bildirib ki, xüsusilə Osmanlıdan Bakıya dərs demək üçün göndərilmiş Rəmziyyə Hisar xanımın xatirəsi çox maraqlıdır: 

“Cümhuriyyət dövrü təhsil həyatımızın bir mərhələsinə işıq tutur. Kitabda Şəfi bəy Rüstəmbəylinin, Əbdüləli bəy Əmircanın, Zahid xan Xoyskinin, Niyazi Yusifbəylinin, Tahir Çağatayın, Hilal Münşinin və başqalarının xatirələri yer alıb. Bu kitabla "Çapar" nəşriyyatı olaraq "Memuar ədəbiyyatı" silsiləsinə də başlamış olduq. Tezliklə Rəsulzadə haqqında xatirələr kitabı da hazırlayacağıq. Bu 28 May gününə başqa töhfələrimiz də var. Cümhuriyyət xadimlərindən Əhmədcövdət bəy Pepinov haqqında baş redaktoru olduğum "Çapar" jurnalının özəl sayı çıxdı. İyun ayının əvvəlində isə Rəsulzadənin Cümhuriyyət dövründə çıxan bir kitabçasını yeni oxunuşda təqdim edəcəyik. 

Cümhuriyyət arxivimə gəldikdə isə ötən aylarda nadir bir material əldə etdim. Cümhuriyyət tələbələrindən Məhəmmədzəki Dursunzadəyə aid xarici pasport və Maarif nazirliyinin verdiyi sənədi İstanbuldan əldə edə bildim. Cümhuriyyətin xarici təzkərəsi olduqca maraqlıdır, çox nadir nümunədir. Bu tələbəmiz sonradan qayıdıb və repressiyaya məruz qalıb. Görünür, Sovet Azərbaycanına qayıdarkən Cümhuriyyət pasportunu gətirməyib. Pasportun arasından bu tələbənin və digər tələbələrin şəkilləri də çıxdı".