4 iyun qiyamı...

Surət Hüseynovun qarşısı alınmaqla Azərbaycan dövlətçiliyi təhlükədən xilas oldu

Abutalıb Səmədov: "AXC-nin ən ağıllı addımı Heydər Əliyevi dəvət etmələri oldu. Heydər Əliyev gəldi və qiyamçıların qarşısını kəsdi"

   1993-cü il 4 iyun hadisələrindən 29 il ötdü. “4 iyun qiyamı” adlanan hadisələr illər keçdikcə, yenə də müzakirə obyektidir. Məlumat üçün qısaca deyək ki, həmin vaxt  Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub. “Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətinin yıxılması ilə nəticələnib. 1993-cü ilin fevralında mərhum prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi. S.Hüseynov nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik, Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Surət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Surət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi. Ancaq sərəncamdan heç bir ay keçməmiş Surət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi. Elçibəy 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. S.Hüseynov Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina edib. Üstəlik, şəhərə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürülüb. Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edilib. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə, hakimiyyəti zorla ələ alma, yaxud qiyam adlandırılıb. 

1993-cü ilin iyununda hökumətdə baş nazir vəzifəsini icra edən Pənah Hüseyn “Şərq”ə bildirib ki, 4 iyun hadisələri Azərbaycanın ən yeni tarixində ciddi rol oynamaqla yanaşı, həm də sonrakı dövrlərə təsirsiz ötüşməyib: 

“Həmin proses bu gün də öz aktuallığını saxlayır. Hər il “4 iyun hadisələri”nin ildönümü ərəfəsində məsələyə müxtəlif mövqelərdən münasibətlər bildirilir. Müəyyən fikirlər söylənilir. Bu da “4 iyun hadisələri”nin ölkənin ictimai rəyində maraq kəsb etməsinin sübutudur. Ona görə də təkrar-təkrar gündəmə gətirilir, müzakirələr aparılır. Bu da təbiidir”. 

Azərbaycan Naminə Alyans Partiyasının sədri, keçmiş millət vəkili Abutalıb Səmədov “Şərq”ə açıqlamasında 1993-cü il Gəncədə Surət Hüseynovun 2 dəfə qiyam qaldırmasına diqqət çəkib. Partiya rəhbəri vurğulayıb ki, fevral və iyun qiyamları diqqətlə araşdırılmalı, öyrənilməlidir: 

“Nədən, hansı səbəbdən Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə qiyam qaldırdı və Ali Baş Komandana tabe olmayacağını bildirdi? Hətta Əbülfəz Elçibəyin Gəncə səfəri zamanı onun həyatına çox ciddi təhlükə yaradıldı. Lakin bütün bunlardan lazımi nəticə çıxarılmadı. Təsəvvür edin, fevral ayında başlayan qiyam ziyalıların köməyi, böyük nüfuza malik olan Heydər Əliyevin hamını Elçibəyin ətrafında birləşməyə çağırması ilə önləndi. Təxminən bir ay sonra, mart ayının sonlarında qiyamı aradan qaldırmaq mümkün oldu. Martın sonunda Surət Hüseynov ikinci korpusun rəhbərliyindən getməyə razılıq verdi və hərbi hissəni Rafiq Ağayev təhvil aldı. Azərbaycan böyük bir təhlükədən xilas oldu. Ancaq cəmi bir həftə, on gün sonra Xalq Cəbhəsi hakimiyyəti yenidən S.Hüseynovdan xahiş etdi ki, bir briqada yaratsın. Aprelin 1-də hərbi hissənin yaranması haqqında əmr imzalandı və təxminən 15 gün sonra yeni qiyam başladı. Hakimiyyətin məqsədi nə idi? Bir adamı dilə tutub, günlərlə yalvarıb əlindəki korpusu birtəhər alırsınız, 5-6 gün sonra ondan əlahiddə briqada yaratmasını xahiş edirsiniz. Bunun kökündə naşılıq dayanırdı, yoxsa ağılsızlıq?! Yaxud da hakimiyyətə müxalifətdəki qüvvələri qorxutmaq üçün bir qiyamçı lazım idi? Yəni hakimiyyət istəyirdi ki, qiyamçını hamının gözü qarşısında məhv eləsin və qorxu mühiti yaratsın? Bunların hamısı aydınlaşmalıdır. Əsas məsələ odur ki, 709 saylı hərbi hissəni Müdafiə Nazirliyinə tabe etmək üçün atılan addımlar nəticə vermədi. Qərara gəlindi ki, həmin briqada ləğv olunsun.

 Bunun üçün əməliyyat hazırlandı və əməliyyata rəhbərlik müdafiə naziri Dadaş Rzayevə tapşırıldı. O da AXC hakimiyyətinə yad adam idi. Briqadaya göndərilənlər ciddi tərəddüd içində idilər. Demək olar ki, heç biri öz üzərinə düşən vəzifəni icra etmədi. O dövrdə prosesə ümumi rəhbərliyi həyata keçirən Pənah Hüseyn Gəncəyə getmədi. Prosesləri Bakıdan idarə etmək istədi. Ən dəhşətlisi isə odur ki, əməliyyat ərəfəsində, Gəncədə təlatümün, çaşqınlığın hökm sürdüyü bir vaxtda Azərbaycan rəhbərliyi tam tərkibdə Filarmoniyada Xuraman Qasımovanın konsertinə getdi. Təsəvvür edirsizmi, Gəncədə əməliyyat pozulub, Dadaş Rzayevi heç kim tapa bilmir, tapşırıqlar verilmir, çaş-başlıq hökm sürür. Surət Hüseynovu həbs etməli olan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi dəstəsi ciddi tərəddüd içində idi. Sülhəddin Əkbər (1992-92-cü illərdə Milli təhlükəsizlik nazirinin 1-ci müavini olub – red) və xüsusi dəstənin komandiri Bakıya zəng edir ki, əməliyyat dayandırılsın və s. Bax, belə gərgin bir məqamda ölkə rəhbərliyi konsertə gedir”.

A.Səmədov vurğulayıb ki, hökumət konsertdən sonra əməliyyatla ciddi şəkildə məşğul olmağa başlasa da, artıq çox gec idi: 

“MTN-in xüsusi dəstəsi Surət Hüseynovu həbs etmədi. O, rahat şəkildə hərbi hissəyə gəldi. Daha sonra orada nələr baş verdi, kim-kimə hücum çəkdi, ilk atəşi kim açdı? Bunlar kifayət qədər mübahisəli məsələlərdir və ciddi araşdırılmasına ehtiyac var. Reallıq odur ki, hakimiyyət ağır məğlubiyyətə uğradı və ard-arda yanlış addımlar atıldı. Əvvəlcə qərara aldılar ki, 4 min nəfərlik ordu göndərilsin. Əbülfəz Elçibəy əmr verdi ki, ordu yeritmək məsələsi saxlanılsın və ağsaqqallar göndərilsin. Ağsaqqalların da hamısı, yaxud böyük əksəriyyəti müxalifətçilər idi. Onlar qayıtdıqdan sonra baş verənlərə görə bütün günahı hakimiyyətin üzərinə yıxdılar. Böhran qarşısıalınmaz səviyyəyə çatdı. Artıq Surət Hüseynovun qabağını almaq mümkün deyildi və o, hakimiyyətə doğru iri addımlarla irəliləyirdi. Özünün bəyanatı da var idi ki, heç kim onun qabağına keçə bilməz. AXC-nin ən ağıllı addımı Heydər Əliyevi dəvət etmələri oldu. Heydər Əliyev gəldi və qiyamçıların qarşısını kəsdi. Onları zərərsizləşdirmək üçün müəyyən müddət vəzifələr verilsə də, məqsəd aydın idi. 1994-cü ilin oktyabr ayında Surət Hüseynovun növbəti qiyamı onun ağır məğlubiyyəti ilə nəticələndi. Heydər Əliyev AXC-Müsavat iqtidarına öyrətdi ki, qiyamçılarla necə rəftar etmək lazımdır”.