Çünki o, heç zaman milli mövqeyindən dönməyib
"Əhməd Cavad Anadoluda evsiz-eşiksiz qalmış adamlara köməklik göstərib. Eyni zamanda onu valideynlərini itirmiş uşaqların ermənilər və gürcülər tərəfindən zorla aparılmasına, uşaqların erməniləşməsinə, gürcüləşməsinə mane olan bir mücahid kimi də görürük"
Türkiyənin paytaxtı Ankarada poeziyanın nadir simalarından biri, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim, Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub. Küçəyə Əhməd Cavadın adının verilməsi istedadlı şairin anadan olmasının 130 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirlər çərçivəsində görkəmli şairin adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.
Əhməd Cavad küçəsinin açılışından sonra Ankaranın Etimesgut rayonunda şairin şeirlər kitabının təqdimatı olub, həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Görkəmli şairin 130 illiyi ilə bağlı görülən işləri “Şərq”ə dəyərləndirən tarixçi-alim Boran Əzizli bildirib ki, Azərbaycan milli-azadlıq hərəkatına və dövlətçiliyin yaranmasına ideoloji cəhətdən dəstək verən, kömək edən, insanların qəlbində bu hisslərin yer etməsinə çalışan önəmli şəxslərdən biri də Əhməd Cavaddır.
Tarixçi deyib ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantik cərəyanın praktik cəhətdən qeyri-mümkün olduğunu deyən, realizm mövqeyində dayanan adamlar Əhməd Cavad, Abdulla Şaiq və digərlərini ittiham edirdilər: “Milli şairləri insanları reallıqdan uzaq düşüncələrə sövq etməkdə suçlayırdılar. Amma zaman Əhməd Cavadın doğruluğunu sübut etdi, onu haqlı çıxartdı. Birinci Dünya müharibəsində erməni-rus, gürcü və yunan quldur dəstələri Qars, Ərdahan, İğdır bölgəsində çoxlu sayda türk-müsəlmanları qətlə yetiriblər, kəndləri viran qoyublar. Azərbaycandan Osmanlıya gedən Müsəlman Xeyriyyə Cəmiyyətinin tərkibində Xosrov bəy Sultanovla bərabər Əhməd Cavad da olub. Əhməd Cavad Anadoluda evsiz-eşiksiz qalmış adamlara köməklik göstərib. Eyni zamanda onu valideynlərini itirmiş uşaqların ermənilər və gürcülər tərəfindən zorla aparılmasına, uşaqların erməniləşməsinə, gürcüləşməsinə mane olan bir mücahid kimi də görürük. Xüsusilə 1915-ci ildə yazdığı şeir bu cəhətdən çox ibrətamizdir. Əfsuslar olsun ki, Azərbaycan cəmiyyətinə lazım olduğu qədər təbliğ olunmayıb.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”.
B.Əziz qeyd edib ki, Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da öz mübarizəsini davam etdirib: “O, başqaları kimi mükafat, ya da ruslardan “molodes” almaq naminə rejimin nökəri, qulbeçəsi olmayıb. Əhməd Cavad və əqidə yoldaşları həyatları bahasına, övladlarının sıxıntı çəkməsinə rəğmən, haqq mübarizəsi aparıblar.
Heç vaxt ləyaqətsizlik, şərəfsizlik, ikiüzlülük etməyiblər, işğalçı rejimə yaltaqlanmayıblar. O baxımdan Əhməd Cavadın 130 illiyinin keçirilməsi çox doğru qərar idi. Ümid edirik, Bakıda və digər şəhərlərdə yubiley çərçivəsində Əhməd Cavad adına layiq mühüm tədbirlər, elmi konfranslar keçiriləcək.
Xatirəsini əbədiləşdirmək üçün heykəllər, abidələr ucaldılacaq. Dərsliklərimizdə də Əhməd Cavad kimi şairlərə, onun şeirlərinə üstünlük verilməlidir. Sovet ədəbiyyatımızda elə şairlər var ki, kosmosda “ham-ham” deyən Laykanı özünə “qardaş” hesab ediblər.
Milli-mənəvi dəyərlərimizi lağa qoyublar. Komsomola, partiyaya mədhiyyələr yazıblar. Əhməd Cavad isə heç zaman milli mövqeyindən dönməmişdi. Məhz ona görə digər şairlərdən daha çox təbliğ olunmalıdır”.