Bu isə ölkənin regional geosiyasi mövqeyini daha gücləndirir
Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib.
Bütövlükdə, Azərbaycanın qaz ixracatı 27 faiz artaraq 9.4 milyard kub metrə çatıb.
Millət vəkili Vüqar Bayramov deyib ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. Deputat bildirib ki, “Qədim qitə” alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da, hələlik və bəlli bir müddət “Qazprom” Avropada dominantlığını qoruyub saxlamağa çalışır:
“Bu ilin ilk 5 ayının nəticələri də göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib.
Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyini daha gücləndirir”.