"15 iyun dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcıdır"

Hikmət Babaoğlu: "Əminliklə deyə bilərik ki, 15 İyun Milli Qurtuluş Günü olmasaydı bu gün əldə etdiyimiz tarixi nailiyyətlərimiz və zəfərimiz də olmazdı"

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: 

Xalqımızın taleyində əhəmiyyətli günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın təməlləri qoyuldu. Umummilli liderin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. 

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Həmin ərəfədə Azərbaycan ciddi təhlükələrlə üz-üzə qalmışdı. Bir tərəfdən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Arzuolunmaz proseslər 1993-cü ilin iyununda özünün kulminasiya nöqtəsinə çatmışdı. Ovaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalq öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 

Böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Məhz o səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Ölkəmizdə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. 

Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
Millət vəkili Hikmət Babaoğlu “Şərq”ə deyib ki, müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Onun sözlərinə görə, böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ölkə daxilində baş verən siyasi qarşıdurmaların, iqtisadi tənəzzülün, vətən torpaqlarımızın işğal edilməsi hadisələrinin yaratdığı kritik reallıqların zəruri şərti kimi ümummilli sifariş olaraq meydana çıxmışdı. 

Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı. Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Ancaq 15 iyun təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb. Bu gün də həmin yol inamla davam etdirilir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər qazanır və bu nailiyyətlərlə hər bir vətəndaş üçün təhlükəsizlik və rifahın təminatçısıdır”.

Deputat vurğulayıb ki, olduqca mürəkkəb bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi:

 “Azərbaycan da bunu bacardı. Nəticədə 30 ilə yaxın erməni tapdağı altında qalan vətən torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə cevrildi. Onun beynəlxalq münasibətlər sistemində yeri və rolu artdı. Hazırda isə bundan sonrakı tarixi inkişafımız üçün olduqca səmərəli perspektivlər yaradıldı. Ona görə də əminliklə deyə bilərik ki, 15 İyun Milli Qurtuluş Günü olmasaydı bu gün əldə etdiyimiz tarixi nailiyyətlərimiz və zəfərimiz də olmazdı”.