"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, bəlkə də ən önəmlisi 15 İyun Milli Qurtuluş Günüdür".
Bunu "Sherg.az"a siyasi şərhçi Turan Rzayev deyib.
Ekspert bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür:
"İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Ölkədə hakimiyyət böhranı kuliminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Bu da azmış kimi, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı pik həddə çatmışdı. Ümummilli Liderin iradəsi müstəqilliyin qorunub saxlanmasında ən önəmli ünsürdür. Heydər Əliyev faktiki olaraq milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu".
Ekspert bildirib ki, Azərbaycan xalqı Qurtuluş Gününü artıq fərqli əhval-ruhiyyə ilə qeyd edir:
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Məlum olduğu kimi, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Təsadüfi deyil ki, o məcburi köçkünlər qarşısında çıxışlarının birində bu sözləri demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır".