1918-ci ilin fevral və mart aylarında güneyimizin Urmiya, Səlmas, Xoy və digər bölgələrində də on minlərlə Azərbaycan türkü soyqırıma məruz qalıb
Bu gün erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının 105-ci ildönümüdür. 1918-ci ilin mart soyqırımları ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin sadəcə bir hissəsi idi. Müxtəlif üsullarla Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu. Uydurma “böyük Ermənistan” xülyasından ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı amansız qanlı aksiyalar həyata keçirirdilər. Əvvəlcə Bakı şəhərində başlanan erməni vəhşilikləri qısa zamanda Azərbaycanın bütün ərazisinə yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 197 kənd dağıdılıb. Sakinlərin bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları talan olunub, evləri isə yerlə yeksan edilib. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüası altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdı. Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı on minlərlə azərbaycanlının qətlə yetirildiyini bildirmişdi.
Xalqımıza qarşı soyqırım güney Azərbaycan şəhərlərində də baş verib. Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış ediblər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırıb, on mindən çox insanı isə qətlə yetiriblər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. Bu hadisələr təkcə Urmiyada baş verməyib. Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olub. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınıb. 1918-ci ilin iyununu da Xoy şəhərinə daxil olan türk ordusu, oradan soyqırımın hələ də davam etdiyi Salmasa yönəlib. Bir neçə günlük döyüşlərdən sonra erməni-aysor dəstələri darmadağın edilib. Cənubi Azərbaycandakı məğlubiyyətin xəbərini eşidən Andronik qisas və Xoy şəhərini almaq üçün 8 minlik qoşunla Culfadan Xoya hücuma başlayıb. 1918-ci ilin, iyun ayının 24-də Xoy şəhəri erməni qüvvələri tərəfindən mühasirəyə alınıb. Şəhərdə qalmış azsaylı Osmanlı qüvvələri və şəhər sakinlərinin könüllü dəstələri müqaviməti təşkil ediblər. Salmasdan Osmanlı qoşununun yaxınlaşdığı xəbərini eşidən erməni qoşunları geri çəkilməyə başlayıblar. Geri çəkilərkən yolüstü bütün şəhər və kəndlər yandırılıb.
Tarixçi-alim Faiq Ələkbərli "Şərq"ə açıqlamasında deyib ki, 1918-ci ilin 31 mart tarixində Bakı, Quba, Lənkəran, Salyan, Şamaxı və digər bölgələrdə törədilmiş soyqırımların əsas təşkilatçısı sadəcə ermənilər deyildi. Alimin sözlərinə görə, erməni daşnaklarını dəstəkləyən xarici qüvvələr də var idi: "Həmin dövrdə yenicə yaranmış sovet Rusiyası ciddi şəkildə erməni daşnaklarına, sosialistlərə dəstək verirdi. Rusiya ermənilərlə yanaşı, başqa anti-türk, anti-Azərbaycan düşmən qüvvələrə dəstəyini əsirgəmirdi. Təbii ki, xalqımıza qarşı soyqırımların törədilməsində ermənilər ön planda idi. Rusiya ilə paralel Fransa, ABŞ, Böyük Britaniya da erməni daşnaklarına dəstək vermişdi. Məqsəd bəlli idi. Əgər ermənilər və onların himayədarları sadəcə Şimali Azərbaycanda soyqırımlar törətsəydilər, o zaman məsələyə başqa aspektdən yanaşa bilərdik. Erməni daşnakları sadəcə Azərbaycanın quzeyində qətliamlar törətməyiblər. Eyni vaxtda soyqırımlar Güney Azərbaycanda da təşkil olunub. 1918-ci ilin fevral və mart aylarında güneyimizin Urmiya, Səlmas, Xoy və digər bölgələrində on minlərlə Azərbaycan türkü soyqırıma məruz qalıb. Soyqırımları təşkil edənlərin arxasında xristian "aysoru" adlı qondarma "dövlət" yaratmışdılar. Onun tərkibində xristian aysorlar, ermənilər və yezidi kürd qruplaşmalar var idi. Məqsəd bütöv Azərbaycanı müsəlman-türk əhalidən təmizləməklə böyük bir "xristian dövləti" qurmaq idi. Ermənilər öz məqsədlərinə qismən çatdılar. Şimali Azərbaycanın tarixi torpaqlarında, İrəvan və ətrafında "erməni dövləti" yaratmağa nail oldular. Ancaq ermənilərin məqsədi Azərbaycan torpaqları hesabına daha geniş ərazidə öz "dövlətlərini" qurmaq idi. Sovet Rusiyasının rəhbəri V.İ.Lenin hansı səbəbdən Stepan Şaumyanı Qafqazın fövqəladə və səlahiyyətli səfiri təyin etmişdi? Bilirik ki, həmin dövrdə Bakı Xalq Komissarları Soveti var idi və Şaumyan onun sədri idi. Bu da təsadüfi deyildi və məqsəd quzey Azərbaycanı türk-müsəlman əhalidən təmizləmək idi. Hətta o zaman belə bir şüar ortaya atmışdılar ki, "türklər Orta Asiyadan gəlmədir, ya gəldikləri yerə geri dönməli, ya da tamamilə məhv olmalıdırlar". Açıq-aşkar bu təbliğatı aparırdılar. Leninin Şaumyanı "sosialist" adı altında Qafqazda yüksək vəzifəyə təyin etməsi də bu məqsədə xidmət edirdi. Soyqırımların və həyata keçirilən siyasətin yarımçıq qalmasının səbəbi Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsi oldu. Qafqaz İslam Ordusu böyük fədakarlıq göstərərək bölgədə türklərin tamamilə soyqırıma məruz qalmasının qarşısını aldı.
Güney Azərbaycandakı soyqırımlar isə Osmanlı orduları komandanı Ali İhsan Paşanın bölgəyə gəlməsi nəticəsində demək olar ki, sona çatdı. Bütövlükdə şimali və cənubi Azərbaycan şəhərlərində yüz min insan soyqırıma məruz qalmışdı. Şükürlər olsun ki, xalqımıza qarşı soyqırım törədənlərin cavabları verildi və onlar cəzalandırıldı".