Bu da odur ki, yazıçı, siyasətçi Nərimanov şəxsiyyəti ayrı məsələdir, "nərimanovçuluq" isə tamam ayrıdır
Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün götürülməsi ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, tanınmışlar, yazıçı və jurnalistlər arasında isə bu məsələ birmənalı qarşılanmayıb. Nəriman Nərimanovun siyasi fəaliyyətini və mövqeyini əsas gətirərək büstün götürülməsini doğru hesab edənlər də olub, buna qarşı çıxanlar da. Həmçinin büstün götürülməsi Nərimanovun Bakının mərkəzi yerlərindən birində yerləşən əzəmətli heykəlinin taleyini də şübhə altına qoyub. Bir çoxları zamanla Bakıdakı heykəlin də götürülmə ehtimalının yarandığını bildirib. Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Diqqətə çatdırılıb ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq. Rəsmi açıqlamaya baxmayaraq, sosial şəbəkələrdə və mediada Nəriman Nərimanov müzakirələri bitməyib.
Cümhuriyyət dövrünün araşdırmaçısı, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd deyib ki, N.Nərimanov məsələsində aparılan müzakirələrdə ana yanlışlıq odur ki, yazıçı, siyasətçi Nərimanov şəxsiyyəti ayrı məsələdir, "nərimanovçuluq" isə tamam ayrıdır. Tədqiqatçı-yazar bildirib ki, hər şəxsiyyətin bu və ya digər şəkildə müsbət, önəmli işləri olub: "Məsələn, Leninin çarı yıxması müsbət hadisədir, amma leninizm şər qüvvədir. Və ya Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildə oxuduğu mühazirədə ilhaqçıları məhv edib. Amma ilhaq tərəfdarı olan kimsənin adını çəkməyib. Çünki Ə.Ağaoğlu, Pişnamazzadə kimi şəxslər Osmanlı tərəfdarı idilər, amma Rəsulzadə şəxsləri yox, onların təmsil etdikləri ortaq düşüncəni tənqid edirdi. Rəsulzadə mühacirətdə "şəfibəycilik" ifadəsini ona görə istifadə etmişdi ki, bu zehniyyət problemlidir. Baxmayaraq ki, Şəfi bəy onun din xadimi olan atasına da həqarət etmişdi. Amma kimsə Şəfi bəyin böyük xidmətlərini, işğal zamanı yaşadığı duyğuları inkar edə bilməz".
D.Əhməd vurğulayıb ki, Nərimanov şəxsiyyətinə dövlət onsuz da qiymət verir: "Şəhərin mərkəzində xatirə muzeyi də var. Muzeydən söz düşmüşkən, məsələn, Nərimanovu məzardan çıxarıb soruşsaq ki, Rəsulzadəyə sənin muzeyinin qonşuluğunda muzey aça bilərik? Birmənalı "bəli" deyər. Amma nərimanovçuluq buna "xeyr" deyir. Fərq budur. Bu gün ölkəmizdə M.Bağırovu sevənlər də çoxdur. Ən çox əfsanə onun haqqında yaradılıb. Hətta "əşi o kim idi" deyib, reabilitasiya etmək istəyənlər də olub. Baxmayaraq ki, bu qədər ziyalının ölümünə qol çəkirsənsə, bir güllə öz başına sıxa bilərdin. Amma bağırovçuluq özlüyündə faciədir. Nərimanov həm ədəbi, həm də tarixi işləri ilə hər zaman tədqiq olunacaq, kitablar yazılacaq, filmlər çəkiləcək. Bu, normaldır və olmalıdır. Amma nərimanovçuluq Nərimanovun özünü belə fiziki məhv edən bir xətt oldu".
Araşdırmaçı əlavə edib ki, Nərimanov müzakirələrində əsas dalan odur ki, 1920-1991-ci ilə nə ad vermək lazımdır məsələsində rəsmi razılaşma yoxdur: "Bəziləri ilk 3 ilə yarımmüstəqil deyir və s. Üç respublika olduğunu iddia edənlər var və s. Yəni burada əsas problem Sovet Azərbaycanı problemidir. Azərbaycan SSR müstəqil dövlətdir, yoxsa faktiki vilayət idi? Dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına görə, bu dövr işğal dövrüdür. Birinci maddədə yazılıb: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin". Bu mövzuda ən son qərar 15 oktyabr 2021-də dövlət başçısı tərəfindən verilib. Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin. Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Buradan aydın olur ki, 18 oktyabra qədər olan dövr müstəqilliyin olmadığı dövrdür".