25 il gün işığına həsrət qaldı

Bunu evlənməməsi üçün anası etdi

Blanşın yaşadığı işgəncə, əzab, iztirab dolu bir ömürdür

  İnanılması mümkünsüz görünsə də, tarix müdhiş hadisələrlə zəngindir.  Gözəlliyi dillər əzbəri olan Blanş Monniyerin həyatı da bunlardan biridir. Buna “həyat” deməyək. Blanşın yaşadığı işgəncə, əzab, iztirab dolu bir ömürdür. “Şərq” “Milliyet.com.tr”yə istinadən gözəllər gözəli Blanşın kədərli həyat hekayəsini təqdim edir. Blanş Monniyer 1849-cu il martın 1-də Parisdə tanınmış bir ailədə dünyaya gəlib. Böyüdükcə gözəlliyi dillərə dastan olub, bir çoxları ona elçi düşüb. Lakin ailəsi qızlarını hər kəsə layiq  görmürdü, aristokrat, cəmiyyətdə nüfuzu olan ailəyə gəlin köçməsini istəyirdi. Blanş 25 yaşındaykən bir vəkillə sevgi münasibəti yaşamağa başlayıb. 

 Elə bu sevgi də onun taleyinin qaranlığa bürünməsinə səbəb olub. Blanşın anası Luiza qızının varlı olmayan bir vəkillə evlənməsinə qəti razılaşmayıb. Gənc qız isə vəkillə evlənməkdə israr edib, ailəsinə qarşı çıxıb. Belə olduğu halda ana dəhşətli bir üsula əl atıb. Ana qızının inadını qırmaq üçün onu  bir otağa qapadıb.  Valideynləri Blanşı sadəcə evdə bir otağa qapatmaqla işi bitmiş hesab etməyib,  sanki qızları birdən-birə ortalıqdan yox olub kimi davranmağa başlayıblar. Blanşın ətraf aləmlə əlaqəsi tamamilə kəsilib. O, yalnız valideynlərini, qardaşını və evin xidmətçilərini görüb. Qızın otaqdan çıxmasına, yuyunmasına belə izn verilməyib. Qızın saxlandığı otağa işıq düşməsin, kimsə onu görməsin, o da kimsəni görməsin deyə, anası otağın pəncərəsini də, pərdələri də sıx-sıx örtüb. Otağa günəşin kiçik şüası belə düşməyib.   Blanş 25 il bu vəziyyətdə yaşayb. 

Eyni yataqda yatıb, yeməyini də orda yeyib, tualet ehtiyaclarını da orada qarşılayıb.  Valideynlər tanışlarına, Blanşı soruşan hər kəsə qızlarının İngiltərədə yataqxanası olan məktəbdə oxuduğunu, dərslərinin çətin olduğu üçün, Parisə qayıda bilmədiyini deyiblər. 1901-ci ilədək Blanş gün üzü görmədən bu otağa qapalı qalıb. Martın 23-də  isə Paris şəhər prokurorluğuna göndərilən anonim məktub, nəhayət, Blanşın xilasını təmin edib. 

Məktubda belə yazılıb: “Hörmətli prokuror. Sizi fövqəladə, ciddi bir hadisə barədə məlumatlandırmağı özümə şərəf bilirəm. Madam Monniyerin  evində bağlı qapı arxasında bir qadın saxlanır. Aclıqdan öləcək haldadır, 25 ildir nəcasət içində, çürümüş zibillər arasında saxlanır”. Məktubu oxuyan prokuror Monniyerin evində axtarış aparmaq izni ilə polislərlə birlikdə ora gedir. Malikanəni gəzən polis və prokuror əvvəlcə şübhəli bir şeyə rast gəlməyib. Yuxarı mərtəbədəki bir otağın qapısına yaxınlaşdıqda isə içəridən gələn leş qoxusu şübhələnməyə əsas verib. 

Otağın qapısı açıldıqda bir dəri, bir sümük qalmış, qocalmış Blanşı görüblər. Blanşın dillərə dastan gözəlliyindənsə əlbəttə ki, əsər-əlamət belə yox idi. Onu xəstəxanaya aparıblar. Polis arayışında bunlar yazılırdı: “Bir dəri, bir sümük qalmış, ölmək üzrə olan bir qadın. Nəcis və zibillərlə dolu çürümüş bir yataqda yatırdı. Yatağın üzərində həşəratlar dolaşırdı. Otağın havası dözülməzdi, sorğu-suala davam edə bilmədik, qadını otaqdan çıxarıb xəstəxanaya təslim etdik”. Xəstəxanada müalicə alan, yuyunan və nəhayət günəşi görən Blanş tibb bacılarına xoşbəxt olduğunu deyibmiş. 25 il bir otaqda qapalı vəziyyətdə saxlanan Blanşın həyatda qalmağı əsl möcüzə idi. Blanş azadlığa çıxdıqdan sonra anası və qardaşı həbs edilib. 

Qardaşı əqli qüsurlu olduğu üçün sərbəst buraxılıb, anası Luiza isə həbsxanaya göndərilib. Doğma qızına 25 il işgəncə verən ana həbsxanada cəmi 1 ay dözə bilib, ürəyi partlayıb ölüb. Blanş da 25 illik ev əsarətindən qurtulsa da, cəmiyyətə adaptasiya oluna bilməyib və qaldığı sığınacaqda 1913-cü ildə vəfat edib. Blanşın sevdiyi vəkil isə ondan bir neçə il öncə - 1885-ci ildə vəfat edibmiş.