Kərim Şükürov: “15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq”
“Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişik ki, dünya səviyyəsinə də çıxa bilək?!”
“Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq”. Bunu AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Heydər Əliyev İli” çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib. O bildirib ki, hazırda bunun üzərində işlər aparılır: “Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dillərində çap olunub. Təsəvvür edin, rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil”.
Kərim Şükürov çıxışında institutun fəaliyyəti ilə bağlı tənqidi fikirlər də səsləndirib: “Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişik ki, dünya səviyyəsinə də çıxa bilək?! Çoxları bilmir. Amma Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları oxuyan, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. Elm Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq”.
Professor əlavə edib ki, Albanistikada erməni tarixçiliyinin inhisarçılığına qəti şəkildə son qoyulub: "Qafqaz Albaniyasının dini və sosial həyatına həsr edilmiş onuncu yubiley beynəlxalq konfransı Azərbaycan Albanistikası üçün çox önəmli bir tarixi gündür". O xatırladıb ki, Qafqaz Albaniyasına dair ilk beynəlxalq konfrans 2001-ci ilin mayında Bakıda keçirilib: "Sonra London, Roma və Qafqaz Albaniyasının paytaxtı Qəbələ bu konfranslara ey sahibliyi edib. Bu konfransların tezis və ya məruzələri çap olunub və Albanistikaya böyük töhfələr verib". K.Şükürov deyib ki, Azərbaycan Albanistikasının tarixi qədim köklərə malik olsa da, gərgin elmi axtarışlar və sözün əsl mənasında, mübarizə məktəbi keçərək 1960-cı illərdə daha da inkişaf edib: "Bu sahədə erməni tarixçiliyinin inhisarçılığına qəti şəkildə son qoyulub. Bununla da dünya Albanistikasının tarixində ciddi keyfiyyət dəyişiklikləri baş verib. Bu gün biz belə bir möhtəşəm elmi konfransda Albanistikaya böyük töhfələr vermiş bütün mütərəqqi alimləri, o cümlədən Azərbaycan Albanistikasında dərin iz qoymuş tədqiqatçılarımızı ehtiramla yad edirik. Bu görkəmli tədqiqatçılarımızdan iki alimimizi xüsusilə xatırlamağı özümə borc bilirəm. Bu il 100 illiyini qeyd edəcəyimiz akademik Ziya Bünyadov Qafqaz Albaniyasının tarixinə dair bir sıra fundamental müddəalar irəli sürüb, onları konseptual şəkildə formalaşdırıb. Bu nailiyyətlər hazırda da aktuallığını saxlayır və Azərbaycan Albanistikasının inkişafına stimul verməkdə davam edir". Kərim Şükürov vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddialarının həyata keçirilməsində Qafqaz Albaniyasının tarixinin bir vasitəyə çevrilməsi, onun siyasiləşdirilməsi qeyri-elmi və səhv bir yoldur: “Azərbaycan Albanistikası bu tarixçilik təcavüzünə indiyədək elmi cavabını verib, bundan sonra da cavab verəcək. Azərbaycanın Qafqaz Albaniyası dövrünün Qarabağ, Zəngəzur və İrəvan bölgələrindəki maddi irsinin etnik mənsubiyyətinin dəyişdirilməsi yolverilməzdir. Qafqaz Albaniyası dövründən bu günə irs qalmış etno-konfessional müxtəliflik Azərbaycanın güc və qüdrətinin göstəricisidir. Buna görə də dünya təcrübəsində məhz Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm konsepsiyası tarixi həqiqətin reallaşdırılması nümunəsidir”.