“Bu köçlərin əsas səbəblərindən biri də erməni zülmüdür. Bu baxımdan zamanla Qərbi Azərbaycanda türklərin sayının azalması səbəbləri araşdırılmalıdır”
“Mən də bu köçləri və irəvanlı mühacirləri tədqiq edirəm. Ümid edirəm ki, bu işlərim ümumi prosesə faydalı olar"
"Qərbi Azərbaycana qayıdış məsələsində gənclərin rol oynaması təqdirəlayiqdir".
Bunu "Sherg.az"a açıqlamasında İrəvan şəhərində anadan olmuş tanınmış araşdırmaçı-jurnalist, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd deyib.
Araşdırmaçı-yazar bildirib ki, 1988-ci ildə köç edən birinci yaşlı nəsil artıq vəfat edib:
"Hazırda yaşı 60-ın üzərində olan nəsil ən yaşlıdır. Onların isə bəziləri ya təqaüddədir, ya da ki müxtəlif işlərdə çalışırlar. Bu baxımdan orta və gənc nəslə daha çox iş düşür. Mən həmişə bir məsələni vurğulamışam. Bir bölgə haqqında ictimai-siyasi addımlar atılmadan öncə hədəf kütləsinin oranı çox yaxşı bilməsi gərəklidir. Məsələn, bu gün Güney Azərbaycanla da bağlı çoxlu tədbirlər keçirilir. Amma Güney Azərbaycan haradır, tarixi, coğrafiyası necədir çox adam bilmir.
Çünki öncə zəruri işlər görülməlidir. İrəvanda doğulan şəxslərin övladları bu gün ata yurdları haqqında nə qədər biliklidirlər? Bu baxımdan müfaviq saytlar qurulmalı, filmlər çəkilməli, bələdçi kitablar yazılmalıdır. Bunu isə gənclər etməlidirlər. Xüsusən də, bu saytlar və bələdçi kitablar həm də bölgənin gerçək tarixinin dünyada tanıdılması üçün ingilis, fransız, alman və s. dillərdə də olmalıdır".
D.Əhməd vurğulayıb ki, gənclər bölgənin həm keçmişini, həm də son 150 illik tarixini daha yaxşı bilməlidirlər:
"Xüsusən, İrəvan xanlığının işğalından 1920-ci ilə qədər olan proseslər diqqətli öyrənilməlidir. Şəxsən mənə gəldiksə isə artıq gənc sayılmıram, öz tədqiqat sahəm var. Mən tədqiqat sahəmə uyğun olaraq İrəvandan Türkiyəyə köçləri araşdırıram. Bu köçlərin əsas səbəblərindən biri də erməni zülmüdür. Bu baxımdan zamanla Qərbi Azərbaycanda türklərin sayının azalması səbəbləri araşdırılmalıdır. Mən də bu köçləri və irəvanlı mühacirləri tədqiq edirəm. Ümid edirəm ki, bu işlərim ümumi prosesə faydalı olar".