Süni peyklər hansı məqsədlərə xidmət edir?
Peyklərin əvəzolunmaz üstünlükləri nələrdir, neqativ tərəfləri varmı?
Süni peyk sahəsində Azərbaycan hansı səviyyədədir?
67 il öncə yerin ilk süni peyki orbitə bıraxılıb. Hazırda yer kürəsi ətrafında 10 minə yaxın süni peyk dövr etməkdədir. Peyklər müxtəlif məqsələrə qulluq edir, məsələn, yerin müşahidəsi, telekommunikasiya və naviqasiya xidmətlərini vurğulaya bilərik. Sadə dillə desək, bugün mobil smartfonlarda istifadə etdiyimiz əsas funksiyalar - şəkil çəkmək, rabitə qurmaq və öz yerimizi təyin etmək kimi funksiyalar süni peyklər vasitəsi ilə daha miqyaslı və bahalı prosedurla həyata keçirilir. Peyklər elmi tədqiqatlar, hərbi məqsədlər, meteroloji məqsədlər üçün də olduqca faydalıdır. Süni peyklərin səma boşluğuna göndərilməsində bir növ "kosmik taksi" xidmətindən istifadə edilir. Yəni peyklər özbaşına yerdən orbitə qalxmırlar, onları xüsusi raketlər vasitəsi ilə müxtəlif şirkətlər orbitə yollayırlar. Günümüzdə bu işlə məşğul olan məşhur şirkətlərdən biri İlon Maskın "SPACE X" şirkətidir. Məşhur "Falcon 9" raketi vasitəsi ilə il ərzində onlarla uçuş reallaşır.
Dünya ölkələri süni peyklərin sayını durmadan artırır...
Dünyada ilk süni peyk SSRİ tərəfindən buraxılmış Sputnik 1-dir. Həmin peyk yerin atmosfer qatlarının sıxlığı, ionosferdə radiosiqnalların çatdırılması sürətini və texniki detalların dəqiqləşdirilməsi üçün önəmli məlumatlar əldə etmişdi. İlk ABŞ peyki isə 1958-ci ildə, ilk Britaniya peyki 1962-ci ildə, ilk Kanada peyki 1962-ci ildə kosmosa buraxılıb. Hazırda kosmosda ən çox peyki olan ölkə Amerika Birləşmiş Ştatları (1619) hesab olunur. Daha sonra süni peyk sayına görə ölkələr sırasında Rusiya, Çin, Yaponiya, Hindistan, Fransa və Kanada gəlir. Yeni peyklərin orbitə göndərilməsində yeni texnologiyalardan, fərqli metodlardan da istifadə olunur. Məsələn, Yaponiya dünyanın ilk taxta peykini orbitə göndərəcək. Kioto Universitetinin yaponiyalı alimləri dünyanın ilk taxta kosmik peyki olan “LignoSat”ı yaradıblar. “LignoSat” Beynəlxalq Kosmik Stansiyada (BKS) il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb. Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir - resurslara qənaət və ətraf mühitə təsirin azaldılması. Yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib ki, bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır: "Bu, yekunda Yerin ətraf mühitinə təsir göstərəcək". Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.
Peyklər hansı ölçüdə və hansı konstruksiyada olur?
Kiçik fincan ölçüsündən tutmuş sərnişin avtobusu həcminədək müxtəlif növdə süni peyklər mövcuddur. Onların çəkisi də 1-2 kq.dan 7 min kq-dək fərqlənir. Bu, peyklərə qoyulan tələblərdən və onların fərqli məqsədlərə qulluq etməsindən asılıdır. Yerüstü dalğalar vasitəsi ilə ötürülməsi mümkün olmayan dalğalar -r adio, televiziya, internet və data (məlumat ötürmə xidməti) süni peyklər yoluyla ötürülür. Peyklər 37 min km. hündürlüyə qədər olan məsafədə güzgü rolunu oynayır. Yerdən peyklərə göndərilən siqnallar peykdən güzgü vasitəsi ilə translyasiya olunaraq yerə qayıdır və yerdəki texniki qurğuları, avadanlıqları çalışdırır.
Süni peykləri "ömrü" nə qədərdir və necə "dəfn olunur"?
Xüsusiyyətlərindən asılı olaraq peyklərin istifadə ömrü 15-20 ilə qədərdir. Peyklərin fəaliyyət dövrü bitdikdən sonra, yəni peyklər "öləndə" onları orbitdə xüsusi "qəbirstanlığa" yönləndirirlər. Həmin "səma məzarlığı" peyklərin olduğu orbitdən 200-300 km. daha uzaq məsafədə, hündürlükdədir. Yer ətrafında zibilliyin yaranmaması üçün "ölmüş" peykləri daha uzağa yollayırlar. Qeyd edək ki, "dəfn olunma" orbitin daha yuxarı fəzasındakı peyklər üçündür. Daha aşağı orbitdəki süni peyklər fərqli metodla aradan qaldırılır. Onlar geri qaytarılaraq atmosferdə yandırılır. Süni peyklərin geri qaytarılaraq təkrar istehsalı isə heç də effektiv deyil və böyük maliyyə resursları hesabına başa gəlir. O səbəbdən peyklərin orbitdə "qətl edilməsi" daha məqsədəuyğun sayılır.
Azərbaycanda süni peyklərlə bağlı vəziyyət nə yerdədir?
Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" 2013-cü ilin fevralın 8-də "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Əhatə dairəsi Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Ölkə ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təminatçısı peyklə bağlantıların təhlükəsizliyinə təminat verir. Dəyəri 233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir. Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə "Azersky" adlı müşahidə peykidir. Dəyəri 157 milyon avro olan "Azersky" əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir. Sayca üçüncü, telekommunikasiya peykimizin ikincisi - "Azerspace-2" isə 2018-ci il sentyabrın 26-da Kuru kosmodromundan "Arianespace" şirkətinə məxsus "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Peykin əhatə dairəsi Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. Məlumata görə, 190 milyon dollara başa gələn "Azerspace-2"nin istismar müddəti 20 ildir. Orbitə buraxılan hər üç peykin hər cəhətdən çox böyük əhəmiyyəti var. Bu, digər tərəfdən Azərbaycanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirməklə, dövlətimizin gücünü göstərir. Peyklər ölkəmizin informasiya təhlükəsizliyini təmin edir. Bundan əlavə bu vasitə ilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər".
Süni peyklərə sahiblik yeni bir mərhələnin başlanğıcı oldu..
"Azerspace-1" peykinin orbitə buraxılması ilə ölkəmizdə kosmik sənayenin yaradılması və peyklərin idarəolunması ənənəsinin əsası qoyuldu. O zamanadək informasiya mübadiləsində, xüsusilə yayım sahəsində xarici ölkələrdən asılı idik. "Azerspace-1" peyki orbitə buraxılmaqla xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırıldı və peykimiz ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi. "Azerspace-1" peykinin orbitə buraxılması ilə kosmos sahəsi üzrə peyk mühəndisi, peyk əməlliyyatları üzrə operator, hüquqşünas, iqtisadçı, peyk tutumlarının satılması üzrə mütəxəssis kimi peşələr ərsəyə gəldi. Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi-intellektual potensialın artırılması və tam ixtisaslı kadr hazırlığı təmin edildi. Bu məqsədlə yerli ali təhsil müəssisələrində kosmik sahədə peşə istiqamətləri - texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradıldı.
Süni peyklərimiz sayəsində bir çox ölkəyə xidmət təklif olunur
"Azerspace-1" peykinin orbitə buraxılması ilə beynəlxalq kosmik arenada Azərbaycan artıq peyki olan ölkə kimi tanındı və qlobal inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər daha da gücləndirildi. "Azerspace-1" peykinin etibarlı tərəfdaşlarla işbirliyi bazarda möhkəm mövqe tutmağımıza imkan yaratdı. Afrikanın bır sıra regionlarında Azərbaycanı artıq peyk ölkəsi kimi tanıyırlar. Fransa, Almaniya, İtaliya, İngiltərə, Türkiyə, Gürcüstan, İran, Afrika ölkələri, Yaxın Şərq ölkələri "Azerspace"in xidmətlərindən yararlanır. Peyklərimiz televiziya yayımı, internet xidməti, məlumat ötürülməsi və digər telekommunikasiya xidmətləri üçün geniş bir müştəri bazasına xidmət edir. Xüsusilə, "Azerspace" peykləri bölgədəki ölkələrin telekommunikasiya sektorunun inkişafında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, "Azercosmos" ASC müxtəlif beynəlxalq təşkilatlar və ölkələrlə birgə layihələr həyata keçirir.
Süni peyklər ölkə iqtisadiyyatını da stimullaşdırır...
Süni peyk və kosmik texnologiyalar sahəsi, qlobal miqyasda gəlirli sahələrdən biri hesab olunur. Bu sahənin ölkə iqtisadiyyatına bir neçə mühüm töhfəsi var. Kosmik texnologiyalar, telekommunikasiya, internet və digər xidmətlər vasitəsilə iqtisadi inkişafı stimullaşdırır. "Azerspace" peykləri, müştərilərə yüksək sürətli internet və televiziya xidmətləri təqdim edərək yerli bazarda rəqabətə dəstək verir. Kosmik sektor eyni zamanda mütəxəssislərin, mühəndislərin və texniki personalın hazırlanması ilə yeni iş yerləri yaradır. Bu sahədə təhsil alan gənclər, peşəkar kadrların yetişdirilməsi sayəsində iş imkanlarına sahib olurlar. Azərbaycana yeni texnologiyaların gətirilməsi, yerli istehsal və xidmətlərin inkişafına da kömək edir. Bu da ölkə iqtisadiyyatının müasir texnologiyalarla zənginləşməsinə səbəb olur. Kosmik texnologiyalar sahəsində investisiyalar, yerli və beynəlxalq sərmayələrin cəlb olunmasına şərait yaradır ki, bu da iqtisadiyyatın diversifikasiyasına və yeni sektorlara sərmayələrin yönləndirilməsinə kömək edir.
"Azərkosmos" indiyə kimi nə qədər gəlir əldə edib?
"Azerspace-1" peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən, yəni 2013-cü ilin aprel ayından bugünədək peykin xidmətlərindən "Azərkosmos"un əldə etdiyi gəlir 257 milyon manat təşkil edir. "Azerspace-1"in gəlirliliyi və ildən-ilə olan artım tempi peykin resurslarının istifadəsi üzrə düzgün biznes və satış strategiyasına əsaslanır. Ümumiyyətlə, bu 10 il ərzində qlobal bazarda peyk xidmətlərinin dəyəri iqtisadi və geosiyasi fəaliyyətlə bağlı olaraq həm artmış, həm də müəyyən azalmalar olub. Bu dəyişikliklər fonunda "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır. "Azərkosmos" kommersiya fəaliyyətinə başladığı bu 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərimizin xidmətlərindən 500 milyon manat gəlir əldə etmişik. Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib.
"Azərbaycan kosmos sənayesinə töhfə verən ölkələrdəndir"
Millət vəkili, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib ki, Azərbaycan kosmik sahədə bir sıra inkişaf etməkdə olan ölkələrə model olaraq təqdim edə biləcəyi uğurlara malikdir. Deputatın sözlərinə görə, Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində müzakirə olunan mövzular, nəzərdən keçirilən məsələlər bütövlükdə qlobal çağırışlar və bu çağırışlara fərqli ölkələrin münasibətinin, o cümlədən COP29-a ev sahibliyi edəcək Azərbaycanın iqlim dəyişikliyi, eyni zamanda, BMT tərəfindən müəyyənləşdirilmiş çağırışlara reaksiyası və töhfəsidir:
"Ona görə ki, Azərbaycan kosmos sənayesinə, eyni zamanda, qlobal çağırışların həllinə töhfə verən ölkələrdəndir. Ölkəmizin böyük nümayəndə heyəti ilə Milan Konqresində iştirakı bunu bir daha təsdiq edir".
Vüqar Bayramov vurğulayıb ki, çox qısa zamanda, 2009-cu ildən etibarən Azərbaycan kosmik sənayenin inkişafında ciddi uğurlara nail olub:
“Azərbaycanın kosmos sənayesinin formalaşması və inkişafı qısa müddəti əhatə etsə belə, ölkəmiz bu sahədə bir sıra inkişaf etməkdə olan ölkələrə model olaraq təqdim edə biləcəyi uğurlara malikdir. Azərbaycanın kosmos sənayesinin inkişaf etməsi həm qeyri-neft sektorunun inkişafı istiqamətində vacibdir, həm də iqlim dəyişikliyi və ətraf mühitin qorunması baxımından prioritet hədəflərin reallaşdırılmasına xidmət edir”. Ekspert peykin imkanlarının həddindən artıq geniş olduğunu bildirb: ""Azərspace" həm də tədqiqat sahəsində istifadə edilə bilər, ondan internet təchizatı, televiziya və radio yayımı ilə yanaşı, hərbi və digər məsələlərdə də faydalanmaq olar. Bu, ölkə iqtisadiyyatının, o cümlədən İKT sahəsinin inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına böyük təkan verəcək. Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır".
Azərbaycanın növbəti peyki 2026-cı ildə orbitə buraxılacaq
Azərbaycan Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, növbəti optik müşahidə peyki 2026-cı ildə orbitə buraxılacaq. O qeyd edib ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Onun sözlərinə görə, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək:
"Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. IAI ilk peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq. IAI proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək".
4-cü peykimiz İlon Maskın şirkəti tərəfindən buraxıla bilər...
Növbəti peykimizin İlon Maskın şirkəti tərəfindən kosmosa buraxılacağı ehtimal edilir. Amerikalı sahibkarın şirkəti qiymət baxımından bu sahədə ən uyğun hesab olunur.Kosmik Agentliyin sədri Saməddin Əsədov deyib ki, növbəti yerüstü müşahidə peykinin - "Azersky-2"nin orbitə buraxılması üçün tender elan ediləcək. Onun sözlərinə görə, dünyada hazırda bunu ən aşağı qiymətə edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir".
“Azərkosmos"un Qarabağla bağlı təqdim etdiyi görüntülərdən hansı məqsədlər üçün istifadə edilir?
Təhlükəszilik və müdafiə sahəsində geniş istifadə olunan "Azersky" – məsafədən müşahidə peykimizin imkanları həm müharibədən öncə, həm də 44 günlük Vətən müharibəsi dövründə, o cümlədən post-müharibə dövründə ölkəmizə böyük üstünlüklər qazandırdı. Post müharibə dövründə, "Azersky" peykimizin imkanları xüsusilə azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına inteqrasiyasına, həmin torpaqların iqtisadi potensialının müəyyənləşdirilməsi işlərində "Azersky" peykinin imkanlarından istifadə olunur. Su ehtiyatlarının monitorinqi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin qiymətləndirilməsi, kənd təsərrüfatı ərazilərinin monitorinqi, əkin növləri potensial əkin sahələrinin müəyyən olunmasında "Azersky" peykinin təsvirlərdən davamlı olaraq istifadə olunur. Hələ 2019-cu ildə "Azersky" vasitəsilə çəkilən təsvirlər əsasında vaxtilə Ermənistanın işğalı altında olan ərazilərimizdə iqtisadiyyatımıza, tarixi abidələrimizə və ekologiyamıza, dəyən ziyan barədə “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat dərc edilib. Bu hesabat dünya ictimaiyyətinə haqq səsimizin çatdırılması üçün olduqca vacib bir missiya idi. Sözügedən hesabat Birləşmiş Millətlər Təşkilatına təqdim olunması üçün sənədləşdirildi və beynəlxaq təşkilatlara təqdim edilib.
Əməkdaşlıq etdiyimiz "Starlink" Azərbaycana nə vəd edir?
ABŞ-nin “Space X” şirkətinə məxsus “Starlink" peyk şəbəkə provayderinin törəməsi olan - “Starlink Azerbaijan” MMC ölkəmizdə qeydiyyatdan keçib. Bununla bağlı "Azərkosmos" ilə şirkət arasında müqavilə imzalanıb. “Space X” şirkətinin 2015-ci ildə yaratdığı “Starlink” peyk şəbəkəsi ilə yer kürəsinin hər bir nöqtəsini internetlə təmin etməyi hədəfləyir. Şirkət 2018-ci ildən orbitə peyklər buraxır. Adıçəkilən şirkət indiyədək 4000-dən çox peyki orbitə yola salıb.
“SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel Azərbaycana səfəri çərçivəsində bildirib ki, “Starlink” peyk şəbəkəsi Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək. Lakin “Starlink” peyk şəbəkə xidmətləri dənizdən başqa, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən də istifadə oluna bilər. İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, ölkəmizdə, xüsusən də dövlət sektoruna aid müxtəlif əlçatmaz ərazilərdə bu şəbəkədən istifadə etmək mümkün olacaq: "Dövlət sektoruna aid bəzi ərazilər var ki, onlar kənd-kəsəkdən uzaqdır. Dağın ortasında, yaxud da hansısa bir ərazidə müəyyən bir fəaliyyətin avtomatlaşdırılması üçün fiberoptik xəttin çəkilməsi çox böyük investisiya tələb edir. Təbii ki, belə olan halda "Starlink"dən faydalanmaq daha məntiqlidir. Bu həm də xərclərin azalması deməkdir. Bu tip peyk xidmətləri bir çox dövlət qurumlarında, hərbi hissələrdə daha geniş istifadə oluna bilər. Bundan başqa, hərbi hissələrin bir-biri ilə əlaqələndirilməsində, hərbi hissə avadanlıqlarının avtomatlaşdırmasında "Starlink" böyük rol oynayacaq. Nəticə etibarılə beşinci nəsil silahlar bir-biri ilə əlaqə yaratmış olacaq".
E.Abbasov qeyd edir ki, xüsusən də rəqəmsal tərəqqilərin baş verdiyi özəl sektorlarda avtomatlaşmanın bu peyk şəbəkəsi vasitəsilə reallaşdırıılması səmərəlidir. Ekspert qeyd edir ki, nəqliyyat sektorunda "Starlink"ə keçid olarsa, qatarda, ümumilikdə yol nəqliyyatında şəbəkə xidməti daha əlçatan olacaq:
"Dövlət qurumları bu işdə maraqlı olsalar, birbaşa müqavilə ilə "Starlink" peyk şəbəkə xidmətini əldə edəcəklər. Düşünürəm ki, bu proses tədricən reallaşacaq". Ekspertin qənaətinə görə, qurumlar öz hesablamalarını nəzərdən keçirsələr, büdcələrini analiz etsələr, bu xidmətin onlar üçün daha da səmərəli olduğunu düşünsələr və bu halda "Starlink" peyk şəbəkə ximdətinə keçid edərlər.