Azərbaycan dövlətçiliyinin bünövrəsini Səfəvilər qoyub - Xəqani Səfəroğlu

  • "Tarixi "o olmasaydı, bu olmazdı" prinsipi ilə izah etmək elmi yanaşma deyil"

Xəqani Səfəroğlu: "Səfəviləri dini yox, Azərbaycan dövlətçiliyinin təməli kimi qiymətləndirmək lazımdır"

Azərbaycan tarixşünaslığında ən çox müzakirə olunan mövzulardan biri də Səfəvilərin Azərbaycan dövlətçilik tarixindəki yeri və roludur. Bu məsələ ətrafında illərdir davam edən fikir ayrılığı yenidən gündəmə gəlib. Sherg.az xəbər verir ki, tədqiqatçı Güntay Tölge Səfəvilərin Azərbaycan dövlətçiliyinin təməli kimi təqdim olunmasını kəskin tənqid edib və bunun tarixi əsaslarının olmadığını iddia edib. 

 Güntay Tölge Səfəvilərin "Azərbaycan şahlığı" kimi təqdim edilməsinin tarixşünaslıq baxımından mübahisəli olduğunu bildirib.

Onun sözlərinə görə, əgər Səfəvilər Azərbaycan dövləti hesab edilirsə, o zaman Azərbaycan coğrafiyasında mövcud olmuş digər dövlətlərin tarixdəki yeri də eyni prinsiplərlə izah olunmalıdır: "Əgər Səfəvilər Azərbaycan dövləti hesab olunursa, o zaman Bayındırlılar (Ağqoyunlular), Qaraqoyunlular, Eldəgizlər və Azərbaycan ərazisində hökm sürmüş digər dövlətlər tariximizin hansı hissəsinə aid edilməlidir? Nəyə görə məhz Səfəvilər bütün tarixi özündə cəmləşdirən əsas dövlət kimi təqdim olunur?

Hər hansı dövlətin tarixi rolu onun siyasi, mədəni və memarlıq irsi əsasında qiymətləndirilməlidir. Eldəgizlər dövründən qalan memarlıq abidələri bu gün də Naxçıvanda qorunub saxlanılır. Bunun fonunda o, Səfəvilərdən həm Quzey, həm də Güney Azərbaycanda bu günə qədər gəlib çatan memarlıq irsinin hansı nümunələrinin mövcud olduğu sualını gündəmə gətirir".

Tədqiqatçı Səfəvilərin Azərbaycan tarixinin əsas sütunu kimi təqdim edilməsinə də etiraz edərək bildirib ki, həmin dövrdə müasir anlamda "Azərbaycan" adlı milli dövlət mövcud olmayıb:

"Azərbaycan Xalq Cümhuriyyəti isə 1918-ci ildə, sekulyar siyasi düşüncənin gücləndiyi və dini-siyasi idarəetmə ənənələrinin tənqid olunduğu bir tarixi mərhələdə yarandı. Bu baxımdan "Molla Nəsrəddin" jurnalının irsinə nəzər salmaq kifayətdir. Jurnalın əsas hədəflərindən biri dini fanatizmin, mövhumatın, molla-seyid təsirinin və Səfəvi dövründən miras qaldığı iddia edilən düşüncə tərzinin tənqidi idi. Seyid Əzim Şirvani də bu istiqamətdə maarifçi fəaliyyət göstərmiş, sonrakı dövrdə Rafiq Tağı da oxşar tənqidi mövqedən çıxış etmiş və faciəli şəkildə həyatını itirmişdi.

Bütün bunlar göstərir ki, Səfəvi irsi və onun Azərbaycan cəmiyyətinə təsiri tarix boyu fərqli prizmalarla qiymətləndirilib. Buna görə də Səfəviləri Azərbaycan tarixinin yeganə və ya mübahisəsiz əsas sütunu kimi təqdim etmək əvəzinə, mövzunun müxtəlif elmi yanaşmalar əsasında müzakirə olunması daha doğru olardı".

G. Tölgə hesab edir ki, illərdir səsləndirilən "Şah İsmayıl vahid Azərlbaycan yaratdı" tezisi də tarixşünaslıqda mübahisə doğuran mövzulardan biridir. O qeyd edib ki, bu yanaşmanın azərbaycançılıq ideologiyasından daha çox Səfəvi siyasi irsinin və şiə dövlətçiliyinin romantikləşdirilməsi ilə əlaqəli olduğu barədə fikirlər mövcuddur: "Sovet dövründə dini təbliğat məhdudlaşdırılsa da, Səfəvilərin ideallaşdırılması fərqli məzmunda davam etdirildi və sonradan bu yanaşma "Bütöv Azərbaycan" ideyası ilə əlaqələndirilməyə başladı. Tarixi hadisələrə nəzər saldıqda da bu mövzuda mübahisəli məqamlar ortaya çıxır. Şah İsmayıl Şirvanşahları dərhal öz hakimiyyəti altına ala bilməmişdi. Şirvan yalnız onilliklər sonra, I Təhmasibin hakimiyyəti dövründə tam şəkildə Səfəvi dövlətinin tərkibinə daxil edilmişdi. Halbuki Şirvanşahlar dövrü Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi dünya miqyaslı söz ustalarının yetişdiyi bir mərhələ kimi dəyərləndirilir. Bu kontekstdə belə bir sual ortaya çıxır: Səfəvilər dövrü Azərbaycan mədəniyyətinə müqayisə edilə biləcək hansı görkəmli şəxsiyyətləri bəxş edib?

Eyni zamanda, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və Seyid Əzim Şirvani kimi maarifçi ziyalıların əsərləri göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində dini fanatizmə, mövhumata və cəmiyyətin dini əsaslarla idarə olunmasına qarşı güclü tənqidi fikir formalaşmışdı. Bu da Səfəvi irsinin cəmiyyətə təsiri ilə bağlı tarix boyu fərqli baxışların mövcud olduğunu göstərir.

"Bütöv Azərbaycan" ideyası da bir çox tədqiqatçılar tərəfindən tarixi fakt kimi deyil, gələcəyə yönəlmiş siyasi və mədəni konsepsiya kimi qiymətləndirilir. Bu ideyanın birbaşa Səfəvi dövləti ilə eyniləşdirilməsi mübahisəli yanaşma hesab olunur. Əgər bunun əksi iddia edilirsə, həmin mövqenin konkret tarixi sənədlər və etibarlı elmi mənbələrlə əsaslandırılması zəruridir. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyinin formalaşması uzun və çoxmərhələli tarixi prosesin nəticəsi olub.

İlk mərhələdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsindən sonra xanlıqlar ləğv edildi və bölgədə ilk dəfə vahid inzibati idarəetmə sistemi formalaşdırıldı.

Növbəti mərhələdə Çar Rusiyasının dünyəvi təhsil sistemi yeni milli ziyalı nəslinin yetişməsinə şərait yaratdı. Məhz bu ziyalılar milli kimlik və müasir dövlətçilik ideyasının formalaşmasında mühüm rol oynadılar.

1917-ci il Rusiyada baş verən inqilab imperiyanın süqutunu sürətləndirdi və Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Bu proses həm region xalqlarının, həm də Osmanlı dövlətinin taleyinə ciddi təsir göstərdi.

Daha sonra Zaqafqaziya Seymi yaradıldı. Lakin Gürcüstan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bəyan etdi və bununla Azərbaycan tarixində ilk parlamentli respublikanın əsası qoyuldu.

1918-ci ilin mürəkkəb hərbi-siyasi şəraitində Osmanlı dövlətinin Qafqaz İslam Ordusunun Bakıya yürüşü və şəhərin bolşevik-daşnak qüvvələrindən azad edilməsində iştirakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt üzərində nəzarəti bərpa etməsində mühüm rol oynadı.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətçiliyinin yaranması təkcə bir hökmdarın və ya bir dövlətin fəaliyyəti ilə izah edilə bilməz. Bu, müxtəlif tarixi dövrləri, siyasi prosesləri və ideoloji dəyişiklikləri özündə birləşdirən mürəkkəb inkişaf yolunun nəticəsidir".

Azpost.info saytının baş redaktoru Xəqani Səfəroğlu tədqiqatçının fikirlərinə cavab olaraq fərqli mövqe ortaya qoyub. X.Səfəroğlu qeyd edib ki, Səfəviləri dini aspektdən deyil, Azərbaycan torpaqlarını mərkəzləşdirən və dövlətçilik ənənəsinin formalaşmasında mühüm rol oynayan siyasi güc kimi qiymətləndirmək lazımdır: "Siz niyə bütün tarixi prosesləri bir-birinə qarşı qoyaraq nəticə çıxarmağa çalışırsınız? Bu yanaşma metodoloji baxımdan doğru deyil. Elə görünür ki, qənaətləriniz əsasən sovet dövründə yazılmış tarix kitablarının təsiri altında formalaşıb.

Biz isə məsələyə fərqli prizmadan baxırıq. Səfəvilərin Azərbaycan tarixindəki əsas rolu dini kimliklərindən deyil, siyasi irslərindən qaynaqlanır. Onlar Azərbaycan torpaqlarını vahid mərkəzi hakimiyyət altında birləşdirdilər. Dövlətçilik tarixində bu, son dərəcə mühüm mərhələdir. Məhz buna görə Səfəvilər Azərbaycan dövlətçilik ənənəsinin formalaşmasında mühüm yer tutur. Burada söhbət dini etiqaddan deyil, dövlət quruculuğundan gedir.

Tarixi "o olmasaydı, bu olmazdı" prinsipi ilə izah etmək də elmi baxımdan qüsurlu yanaşmadır. Azərbaycan Respublikası böyük geosiyasi proseslərin, imperiyaların süqutunun nəticəsində meydana çıxıb. Dünyadakı bütün dövlətlərin yaranmasının müəyyən tarixi səbəbləri var.

Rusiya imperiyası Qacar dövlətindən əraziləri işğal edərkən faktiki olaraq keçmiş Səfəvi dövlətinin formalaşdırdığı inzibati məkanı ələ keçirmişdi. Sonradan imperiya dağıldıqda Azərbaycan Xalq Cümhuriyyəti də məhz həmin tarixi-coğrafi çərçivədə yarandı. Azərbaycan SSR də eyni inzibati sərhədlərlə formalaşdı. Bu baxımdan Səfəvilərin yaratdığı mərkəzləşmiş dövlət modeli Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ hesab olunur.

Nadir şah Əfşar da təsadüfi şəkildə meydana çıxmış hökmdar deyildi. O, əvvəlcə Səfəvi dövlətinin sərkərdəsi idi və Şah II Təhmasibə tabe olmuşdu. Hətta Əfşarlar sülaləsini elan etdikdən sonra belə Səfəvi hakimiyyətinin rəmzlərindən tam imtina etməmişdi. Çünki legitimlik məsələsi onun üçün mühüm idi. Buna görə də Səfəvi şahı və vəliəhdini uzun müddət yanında saxlamış, sonradan isə onları aradan götürmüşdü. Nadir şahın əsas məqsədlərindən biri də Səfəvi dövlətinin əvvəlki sərhədlərini bərpa etmək idi. O, həm Osmanlı, həm də Rusiya ilə məhz bu məqsədlə mübarizə aparırdı. Sonrakı Qacarlar sülaləsi də öz siyasi legitimliyini Səfəvi dövlətçilik ənənəsi üzərində qururdu".

X. Səfəroğlu qeyd edib ki, Şirvanşahları Səfəvilərə alternativ kimi təqdim etmək də doğru deyil. Onlar bir-birini inkar edən deyil, Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələlərini təmsil edən siyasi qurumlardır: 

"Hər iki dövlət ölkənin tarixi inkişafında mühüm rol oynayıb. Rusiya imperiyasının Azərbaycana elm və təhsil gətirməsi barədə səsləndirilən fikirlər də reallığı tam əks etdirmir. Çar Rusiyası dövründə Azərbaycan əhalisinin savadlılıq səviyyəsi olduqca aşağı idi. Yazıb-oxuya bilənlərin sayı əhalinin cəmi kiçik hissəsini təşkil edirdi və onların da əksəriyyəti Bakıda yaşayırdı. Rusiya imperiyasının özündə də savadlılıq səviyyəsi yüksək deyildi.

Azərbaycanda kütləvi savadlanma prosesi əsasən sovet hakimiyyəti illərində baş verdi. Bunun səbəbi sovet ideologiyasının "yeni insan" modeli formalaşdırmaq istəyi idi. Kommunist sistemi savadlı, texniki biliklərə malik və ideoloji cəhətdən hazırlıqlı vətəndaş yetişdirməyi qarşısına məqsəd qoymuşdu. Nəticədə milyonlarla insan təhsil aldı. Lakin bu təhsil ciddi ideoloji nəzarət və siyasi məhdudiyyətlərlə müşayiət olunurdu.

Bütün bu tarixi prosesləri bir-birinə qarışdıraraq "Azərbaycan dövləti olmayıb" və ya "azərbaycanlılara savadı Rusiya verib" kimi qəti nəticələr çıxarmaq tarixi reallığı sadələşdirməkdən başqa bir şey deyil. Tarix daha mürəkkəbdir və onu yalnız ayrı-ayrı hadisələrə deyil, bütöv tarixi proseslərə söykənərək qiymətləndirmək lazımdır".