Unudulmuş sükutun harayı -ANALİZ

İşğaldan azad edilən ərazilərdəki kütləvi məzarlıqlar sənədləşdirilməli və beynəlxalq təşkilatlara təqdim olunmalıdır
Son illərdə Azərbaycanda aşkar edilən kütləvi məzarlar – xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Ermənistan tərəfindən müharibə cinayətlərinin izlərini daşıyır. Bu faktların dünya ictimaiyyətinə təqdim olunması, BMT, AİHM, Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq hüquqi və siyasi platformalarda rəsmiləşdirilməsi, Azərbaycanın haqq səsinin tanınması üçün əsas mexanizmdir. Lakin bu sahədə prosedur və institusional boşluqlar müşahidə olunur.
Qeyd edək ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun məlumatına görə, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa–Laçın yolunun birləşməsində aşkar edilib. Orada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: “Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb”. Digər məzarlıq isə Əsgəran-Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: “Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov isə sosial şəbəkələrdə paylaşılan xəbərlə bağlı rəyində Azərbaycanda indiyədək aşkar edilmiş kütləvi məzar yerlərinin heç birinin BMT İnsan Hüquqları Şurasının “Məhkəmədənkənar cəzalar üzrə “Xüsusi Məruzəçisinin “Yeraltı xəritəsi” və hesabatında əks olunmadığını qeyd edib. Səbəbi də aşkar olunmuş kütləvi məzar yerinin Minnesota protokoluna uyğun sənədləşdirilməməsi və xüsusi məruzəçiyə hesabatların göndərilməməsidir: “Mən bunu 100 dəfə yazmışam və demişəm. Bunu XİN etməlidir. Sənədləşmə niyə aparılmır, hesabat niyə təqdim olunmur, buna müvafiq qurum cavab verməlidir. Əks halda özümüz ağlayıb özümüz kiriyəcəyik. Cinayətkar Ermənistan dövləti və erməni cəlladları isə cəzasız qalacaq”.
Məlumat üçün bildirək ki, BMT-nin qəbul etdiyi Minnesota Protokolu (tam adı: “İnsan Hüquqları İhlalları Nəticəsində Ölüm Halının Effektiv Araşdırılması üzrə Təlimat”) beynəlxalq standart olaraq, kütləvi məzarlıqların elmi əsaslarla sənədləşdirilməsi, forensik ekspertizası və müstəqil hesabatlaşdırma proseslərini tənzimləyir. Azərbaycanda bu istiqamətdə ilkin səylər göstərilsə də, sistemli yanaşma və beynəlxalq akkreditasiyalı mexanizm hələ də tam formalaşmayıb.
Sahib Məmmədovun qeyd etdiyi kimi, Azərbaycanda aşkar edilmiş kütləvi məzarlıqların beynəlxalq hüquqi müstəviyə çıxarılmaması ciddi bir boşluqdur və bu, təkcə hüquqi məsələ deyil — həm də siyasi, diplomatik və tarixi ədalətin təmin olunması məsələsidir.
Hüquq müdafiəçisinin də vurğuladığı kimi, bu məsələni ictimailəşdirmək və beynəlxalq tribunalara çatdırmaq Xarici İşlər Nazirliyinin məsuliyyətidir. Əgər sənədlər təqdim olunmur, faktlar “rəsmi formatda” tanınmırsa, Ermənistanın cinayətkar hərəkətləri beynəlxalq hüquqda sübut olunmamış qalır.
Biz beynəlxalq məhkəmələrdə ədalət axtarırıqsa, bu, təkcə emosional çağırışlarla yox, sistemli hüquqi hazırlıq, beynəlxalq standartlara uyğun sənədləşmə və diplomatik fəaliyyət yolu ilə aparılmalıdır. Azərbaycan, elmi əsaslı araşdırmalar, müstəqil ekspertiza və beynəlxalq hüquq mütəxəssislərinin iştirakı ilə faktlara əsaslanan bir "xəritə" və məruzə portfeli formalaşdırmalıdır.
Əks halda, “özümüz ağlayıb, özümüz kiriyəcəyik” və cinayəti törədənlər cavab verməyəcək.
Araşdırmaçı-jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev Sherg.az-a açıqlamasında deyib ki, bu mövzu çox həssas və eyni zamanda strateji əhəmiyyətə malikdir. O, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınlar, deportasiyalar və mədəni irsin məhv edilməsi kimi cinayətlərin beynəlxalq səviyyədə layiqincə qiymətləndirilmədiyini qeyd edib. Bu faktların sənədləşdirilməsinin və beynəlxalq təşkilatlara təqdim olunmasının vacibliyini vurğulayıb:
 “Əslində, bu məsələdə dövlət qurumlarından daha çox vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti lazımdır. Dövlət qurumları içərisində bu sahədə fəaliyyəti olan yeganə orqan Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır.
Ombudsman Aparatı Edillidə tapılan məzarlıqlar bağlı hesabat hazırlayıb.
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən nümayəndəliklərdə isə bu barədə ümumiyyətlə heç bir bilgi yoxdu, hətta kütləvi məzarlıq tapılan yerləri belə tanıyan adamlar yoxdu. Bizim təşkilat bu məsələnin vacibliyini diqqətə alaraq ötən il bu məzarlıqlar barədə bir araşdırma apardı. Layihəmizi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də dəstəklədi. Lakin bütün bunlar görülməli işin yalnızca bir komponentidir. Bunun üçün geniş bir QHT koalisiyasına ehtiyac var. Biz jurnalist olaraq bunu araşdırdıq, materialları topladıq, qoy, hüquqşünaslar da beynəlxalq tələblərə cavab verən çərçivələrə salsın və bundan sonra beynəlxalq təşkilatlara göndərilsin.
Bir daha təkrar edirəm, bu işdə dövlət qurumlarından daha çox vətəndaş cəmiyyəti institutlarının səsi eşidilir və sənədləri qəbul olunur”.
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin ötən il hazırladığı hesabata diqqət çəkən sədr  qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük hərbi əməliyyatlardan və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycan dövləti beynəlxalq birlik tərəfindən tanınmış bütün ərazilərində suveren hüquqlarını bərpa edib. Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 20-yə qədər kütləvi məzarlığın aşkar edildiyini xatırladan A.Quliyev qeyd edib ki, tapılan kütləvi məzarlıqlarda həm hərbi, həm də mülki şəxslərin cəsəd qalıqları aşkarlanıb:
 "Azərbaycan tərəfinin beynəlxalq hüquqa hörmət və insani davranışlara misal ola biləcək addımlarına, döyüş meydanında həlak olmuş erməni hərbçilərinin
cəsədlərinin tapılan kimi qarşı tərəfi məlumatlandırmasına baxmayaraq, qarşı tərəf kütləvi məzarlıqlarla bağlı məlumatları da gizli saxlamaqda davam edir. Eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan əməliyyat məlumatları və ərazilərdə aparılan araşdırmalar zamanı məlum olub ki, erməni silahlı birləşmələrinin 2023-cü il sentyabr ayına qədər nəzarətində olan ərazilərdə mövcud olan kütləvi məzarlıqlar törədilmiş cinayətlərin izini itirmək məqsədilə dağıdılıb. Qarşı tərəf hələ də kütləvi məzarlıqlarla bağlı rəsmi qaydada məlumatlar verməkdən çəkinir. Buna görə də aparılan araşdırmalara vətəndaş cəmiyyəti strukturlarının qoşulması məqsədəuyğun olardı.
A.Quliyev bildirib ki, hər bir münaqişədən sonra kollektiv yaddaşın bərpası və gələcək nəsillərə ötürülməsi milli özünüdərk baxımından vacib hesab olunur. Kütləvi məzarlıqlar kollektiv yaddaşın qorunması üçün mühüm həlqələrdən biri hesab oluna bilər. Azad olunmuş ərazilərdə quruculuq işləri aparan rəsmi strukturların bir çoxunda kütləvi məzarlıqlarla bağlı məlumat yox səviyyəsindədir. Bəzi hallarda isə bu strukturlarda həmin yerləri tanıyan, bilən şəxslər yoxdur. Kütləvi məzarlıqların yerini ancaq Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq bölmələrinin əməkdaşları tanıyır. Onlar xidmət yerini dəyişdikdən sonra ərazidə bu yerləri tanıyan şəxslər olmayacaq. Beləliklə, kütləvi məzarlıqlar tapılmış ərazilər “itəcək”. Buna görə də kütləvi məzarlıqlar tapılmış ərazilərdə tanıtım lövhələrinin
vurulması, tapılmış, müəyyənləşdirilmiş cəsəd qalıqlarının kimə məxsus olması ilə bağlı məlumatların bu lövhədə yerləşdirilməsi kollektiv yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından məqbul hesab oluna bilər. 
Eyni zamanda işğal zamanı Azərbaycana vurulmuş mənəvi zərbənin izləri qorunmuş olar. Xocalıda tapılan kütləvi məzarlıqlardan birinin yerinə güllər düzülməsini
müşahidə etdik. Bu məzarlıq yaşayış məntəqəsinə yaxın olduğu üçün əraziyə qayıtmış keçmiş məcburi köçkünlər bu addımı atıb. Amma yaxşı olardı ki, bu ərazilər dövlət tərəfindən xüsusi qorunsun”.
Birlik sədri onu da əlavə edib ki, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi hesabat hazırlanan zaman illərlə müxtəlif platformalarda əməkdaşlıq etdiyi erməni mənbələri ilə əlaqə quraraq, kütləvi məzarlıqlar və müharibə zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatlar toplamağa cəhd edib:
 “Bu cəhdlər nəticəsində müəyyən məlumatlar əldə olunub. Bu təcrübəni nəzərə alaraq, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının Ermənistan erməni vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməsinə ehtiyacın olduğunu söyləmək olar. Bunun üçün Azərbaycanın vətəndaş cəmiyyəti institutları və mənsublarını təşviq etmək müəyyən nəticələrin əldə olunması üçün faydalı ola bilərdi”.