“Təhsil Forumu-2020” qrupunun bir yaşı tamam olur - Fundamental layihələr reallaşdırılıb

“Təhsil Forumu-2020 qrupunun mayın 12-də bir ili tamam olacaq. Bir il ərzində qrupda xeyli işlər görülüb, istifadəçi sayı 30 mini keçib və say getdikcə artır. Gün ərzində ən azı 150-200 nəfər qrupa üzv olur”.  

Bunu "Sherg.az"a  müsahibəsində “Təhsil Forumu-2020” qrupunun idarəçisi Emil Tağızadə deyib.  O, qrupun yaranma tarixinə qısa nəzər salaraq görülən işlərdən danışıb.

“Qrupu sadəcə PDF-lərin bazası üçün yaratmışdıq.  Məsələn, “Whatsapp”da PDF formatında fayl göndərəndə ya silinir, yaddaşda qalmır, ya da  qrupa yeni  qoşulanlar əvvəlki faylları görmür. Buna görədə düşündük  ki, PDF-lərin bazasını yaradaq və insanlar istədiyi vaxt asanlıqla  onları əldə edə bilsin və ya kiməsə lazım olanda özümüz göndərək. 
Sonra gördük ki, tələb artmağa başlayır. Bizdə əvvələr dövlət qulluğuna dair qanunvericilik və müsahibə suallarının materialları çox idi.  Sonradan fənlər üzrə də vəsait axtaranların sayı çoxalanda biz qərara gəldik ki, respublikada ən tanınmış repetitorları ya təlimçiləri cəlb etməklə onların sayəsində müəyyən fənlərə aid testlər, materiallar, vəsaitləri qrupda artıraq.  Buna da nail olduq.
Beləliklə də insanlar   qrup vasitəsilə materiallar əldə edə bildiklərinə görə bura yönəlməyə başladılar. 
Əlavə olaraq qrupun eyni adlı “Facebook”  səhifəsini  və “Youtube” kanalını yaratdıq. “Youtube” kanalında   onlayn dərslər,  müəllimlərin, məktəblərin tanınması ilə bağlı videoçarxlar yerləşdirmişik”. 

Onun sözlərinə görə, qrupun qısa müddətdə tanınmasında layihələrin də böyük rolu olub. “Tanıyaq,tanıdaq”, “Məktəbim”, “Şagirdim” layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

“Biz  maraqlı layihələr reallaşdırmağa başladıq. Məsələn, “Tanıyaq, tanıdaq” layihəmiz respublikada çox sürətlə yayılıdı.  Layihədə 836 müəllim, 211 direktor və direktor müavini, 300-ə yaxın şagird iştirak edib.  Adətən müəllimlər maraqlı işlərini, tutalım, onlayn dərslərini öz “Facebook” səhifəsində paylaşsalar da, onları yanlız dostluğunda olanlar görür.  Yəni tanınmış müəllim deyil. Biz ona dəstək məqsədilə hazırladığı materialı qrupda paylaşmaqla, daha böyük auiditoriyaya çatdırırıq.  
Getdikcə müəllimlərdə maraq yarandı, onların özləri müraciət etməyə başladılar.  Məlumatları- müəllimin təvvəllüdü, doğulduğu yer, bitirdiyi məktəb, universitet,  nailiyyətləri, hazırda işlədiyi yer, şagirdlər, məktəb kollektivi və valideynlərlə münasibəti və s. yazıb, bir ədəd tək şəkil digəri isə şagirdləri , məktəb görüntüsü, aldığı mükafatların, diplom və sertifikatların şəkillərin paylaşırdıq. 
İkinci layihəmiz isə “Məktəbim” adlanır. Burada əsas məqsəd məktəbin fəaliyyət planlarını işiqlandırmaqdır.  Elə ucqar kənd məktəbləri var ki, onlar haqqında  heç bir məlumat demək olar yoxdur.  Ən çoxu, məktəb fəaliyyətini öz səhifəsində paylaşır, yaxud orada çalışan elə müəllimlər var ki, adları belə tanınmır. Amma savadları, davranışları respublika səviyyəsində tanınan müəllimlərə bərabərdir.  

Bu layihədə məktəblərin fəaliyyət planı, neçə məzunu olduğu, tanınmış məzunları , yenilikləri, töhfələri və s. ictimiyyətə təqdim olunur.  

“Şagirdim” layihəsində isə müəllim öz istedadlı şagirdi haqqında məlumat verirdi.  Məsələn, hansısa ucqar rayonda tanımadığımız bir şagirdin yaxşı rəsm çəkmə, saz çalma qabiliyyəti var.  Biz onu yaşıdlarından fərqlənən bacarığı olduğuna görə tanıtmalıyıq.  Lakin biz müraciətləri araşdırandan, şagirdin əl qabiliyyətini dəqiq öyrənəndən sonra səhifədə paylaşırıq. Yəni hər hansı tərifə, reklama yol vermirik.  Məsələn, məktəbəqədər hazırlıq qrupunda 5yaşında bir uşaq vardı, vərəqə , əlinin altındakı listə baxmadan şəkil çəkirdi.  Qrupun foto və video albomundan bu paylaşımlarla tanış olmaq olar.
Həmçinin qrupda müxtəlif yarışlar keçiririk. Biz əvvəlcə  videoçarx  yarışları haqqında  qrupda elan paylaşırıq. Məsələn, vətənpərvərlik mövzusunda hər kəs məktəbinin   və direktorun adını qeyd etməklə  bir videoçarx paylaşa bilər.  Səsvermə isə bəyənmə sayı ilə müəyyənləşir.  Müəyyən bir vaxt veririk, vaxt bitən kimi bütün postların səhifədə görünməsi bağlanır, heç kim səs (“like” və ya “comment”) verə bilmir.  Beləliklə, 1, 2, 3-cü yerləri seçirik və onları ruhlandırmaq məqsədilə onlayn sertifikat təqdim edirik.  Gələcəkdə bu yarışlarımızı təkmilləşdirməyi fikirləşirik”.

E.Tağızadə bildirib ki, qrupun ən böyük töhfələrindən biri müəllimlərin köməkliyi ilə hazırladıqları və insanlara təmənasız olaraq çatdırılan vəsaitlərdir.
“Yeni vəsaitlər hazırlamışıq.  “Kurikulum” vəsaitini hazırlayarkən digər vəsaitlərdən əsas fərqinə diqqət etdik. Yəni nə üçün  imtahana hazırlaşanlar məhz bundan oxumalıdırlar?  Bu vəsaitin hazırlanmasında Ceyhunə xanım Yusifova  başda olmaqla, tanınmış kurikulum  təlimçiləri Əminə Bağırova, Günel Əliyeva  və Təhminə Həsənlinin  vəsaitlərinin hazırlanıb paylanılmasında  böyük rolu olub. Vəsait sual-cavab şəklində hazırlanıb.  MİQ, sertifikasiya imtahanına hazırlaşanlar,  hər kəs onu stolüstü kitabı kimi istifadə edə bilər.  Bu kitaba taksonomiya, pedaqogika üzrə bölmələri  əlavə etməmişik.  İndi hər bölməyə aid ayrı-ayrı vəsaitlər hazırlayırıq. Yaxın günlərdə təqdim olunacaq.

Biz kurikulum vəsaitini  kitab kimi yox, PDF formatında  148 “Whatsapp”, 211 “ “Teleqram” qrupumuzda təmənasız  paylaşmışıq . Həmçinin Azərbaycan dili və ədəbiyyat vəsaiti sual-cavab şəklində hazırlanıb və bütün sinifləri əhatə edir.  Coğrafiya, tarix və digər bütün fənlər üzrə  vəsaitlərin hazırlanmasında qrupun fənn üzrə adminlərinin böyük rolu var. 

Pedaqogika vəsaitimizin hazırlanmasında Mətanət Nəbiyevanın rolu böyük olacaq.  Qanunvericilik materialında isə təhsil eksperti Elşən Qafarov və Cavid Turanın əməyi böyükdür. 

Dövlət qulluğu üzrə dünyagörüş, qanunvericilik vəsaitləri hazırlanır. Mənim 4 hissədən ibarət müsahibə sullarım var, amma onu yeniləmək lazımdır.  Çünki aktual məsələlər dəyişməli, yenilər əvəz olunmalıdır. 2020-ci ildə olan hadisələr, koronavirusla bağlı suallar  əlavə olunmalıdır. Fikrimcə, müsahibə mərhələsində soruşula bilər. 
 Keçən il bizə müaricət olundu ki, ucqar kənd yerlərində yaşayan, internetə çıxışı olmayan müəllimlər belə vəsaitləri əldə edə bilmir. Biz qrup olaraq çox düşündükdən sonra kurikulum da daxil olmaqla  bütün fənlər üzrə  3 min vəsaiti PDF şəklində Fleşkart  və gmaillə müəllimlərə çatdırdıq”. 
İdarəçi bildirib ki, qrupun ən məhsuldar dövrü məhz müəllimlərin işə qəbul (MİQ) müsabiqəsi zamanı olub.

“Keçən il müəllimlərin işə qəbul müsabiqəsində 30 minə yaxın test paylaşdım. Bundan sonra qrupa axın daha çox oldu. Bu testləri həm hazırlatmışdım, həm də özüm hazırlamışdım. Testlər elə idi ki, müəllimlər bu testlər üzərində işləməkləimtahanda normal bal toplaya bilirdilər. 
 Ümumiyyətlə, müəllim olmağa hazırlaşan namizədlərə, sertifikasiyaya hazırlaşanlara, xüsusilə, abituriyentlərə tövsiyə edərdim ki, adı çox hallanan, reklam olunan kurslara çox inanmasınlar. Adını çəkmək istəmədiyim bir kurs rəhbəri öz çıxışında dönə-dönə vurğulayır ki, hazırladığı 6-ci sinaq imtahanın sualları MİQ müsabiqəsində istifadə olunub.  Orada işləyən işçilərdən birinə müraciət edərək sualları istədim. İnanın, heç bir sual nəinki eyni, heç oxşar belə deyildi. Yəni bu tip şeylərə inanmaq olmaz. 

 Kurikulum vəsaitlərinə isə,ümumiyyətlə, inanmaq lazım deyil.  Düzü, Azərbaycanda tanınmış təlimçilər var və insanlar üçün çalışırlar, sadəcə pul qazanmaq üçün yox. Öz işlərinə can qoyaraq fəaliyyət göstərirlər”.  

O həmçinin vurğulayıb ki, qrupda yalan məlumatlara yer verilməsə də, buna cəhd göstərən “fake” profillər hələ də var. 

“Qrupda qərəzsiz şəkildə  tənqidə icazə verilir, amma təhqirə heç vaxt.   Bizdə moderator-adminlər çoxdur. Gün ərzində isə 1000-1200 post paylaşılır. Adminlər təlimçilər olduğuna görə hər paylaşılan posta nəzarət edə bilmirdilər. Buna görə biz paylaşımları “Təsdiq”ə qoyduq ki, hədsiz tənqidə yer verilməsin.  Lakin hələ də “fake” profillər  var ki, onların qarşısını ala bilmirik. Mən çox istərdim ki, respublika səviyyəsində bunun qarşısını almaq üçün tədbirlər görülsün.  Qrupa  normal adla üzv olurlar, maraqlı post paylaşırlar və biz də təsdiq edirik.   Dəfələrlə görmüşəm ki, “fake”profili işlədən adamlar gecə saat 1-2 də təsdiq olunmuş postu redaktə edərək  başqa bir şey yazırlar. Bunu görən kimi də silirik”. 
Sonda qeyd edək ki, yaxın günlərdə qrupda yeni rubrikalara start veriləcək.