Məlum olduğu kimi, fevralın 28-də Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pillələrinə keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.
İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfər olub.1818 nəfər bakalavr 0-30 bal intervalları arasında nəticə əldə edib.
Qeyd etmək lazımdır ki, müvafiq imtahandan sonra sosial şəbəkələrdə bəzi tələbələr sualların çətinliyindən gileylənib, bəziləri isə topladıqları baldan razı qalıblar.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu il 90-dan yuxarı bal toplayanların sayında artım olsa da, digər meyarlar üzrə nəticələrə baxsaq, o qədər də fərq nəzərə çarpmır:
"Düzdür, 46,47 və 48 bal toplayıb, orta median göstəricisini keçənlər olub. Bu il imtahanda iştirak edənlərin sayı çoxdur, yaxşı nəticədir. Çünki insanlar artıq elmə gəlmək istəyirlər".
K.Əsədov bu il suallar çətin olduğu üçün bakalavrların istədikləri nəticəni əldə etmədiklərini vurğulayıb:
"Müəyyən proqramlar üzrə keçid 30 baldır. Məsələn, kənd təsərrüfatı, eləcə də, qabiliyyət tələb edən digər ixtisaslar var ki, 30 bal intervalı normal müsabiqə şərtidir. İnformatika, eyni zamanda rus və ingilis dili istisna olmaqla xarici dil fənnlərdən bakalavrların nəticəsi aşağıdır.
Səbəb həmin fənnlərdən test tapşırıqlarının çətin olmasıdır. Məntiq test tapşırıqlarına cavab verənlərin də ümumi orta göstəricisi zəifdir.
İmtahan nəticələri sualların çətinliyinə görə yüksək deyil. Təhsilin əlçatanlığı üçün testlərin asanlaşmasına ehtiyac var, bu müsabiqə şərtinin yaxşılaşmasına gətirib çıxara bilər.
Həmçinin plan yerlərinin dolmasına da imkan yaradar. Bakalavrlara ikinci şans veriləcək. Amma builki test tapşırıqlarının əvvəlki illərlə müqayisədə çətin olduğu müşahidə edilir”.