Ənənəvi təhsilə qayıtmaqdan danışmaq hələ tezdir


Yoluxma sayının artdığı vəziyyətlərdə hər hansı bir proqnoz vermək geniş ictimaiyyət arasında çaşqınlıq yarada bilər


“Yeni dərs ili ilə bağlı istər valideynlərin narahatlığı, istərsə də medianın vəziyyətin araşdırılmasına olan marağı nə dərəcədə başadüşülən olsa da, bu kimi vəziyyətlərdə ehtimallara əsaslanan proqnozlar vermək, müxtəlif şayiələrə əsaslanan xəbərlər yaymaq geniş ictimaiyyət arasında çaşqınlıq yarada bilər. Hesab edirəm ki, yeni dərs ilinin hansı formada başlanacağı barədə bəri başdan konkret fikir söyləmək hələ tezdir. Hər şey sərt karantin qaydalarına qayıdılacağı və ya yumşalmaya gediləcəyi ilə bağlıdır ki, bu da çox yəqin ki, vaksinasiya göstəricilərinə əsasən tənzimlənəcək”. 
Bu barədə təhsil üzrə ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov deyib. Ekspert bildirib ki, belə vəziyyətlərdə hər hansı bir proqnoz vermək geniş ictimaiyyət arasında çaşqınlıq yarada bilər:

“Yeni dərs ili yaxınlaşdıqca, tədris ilinin nə vaxt və hansı formada başlanacağı ilə əlaqədar yazılı və elektron mediada müxtəlif məlumatlar yayılır, “sentyabr ayında həm orta məktəblərdə, həm kolleclərdə, həm də universitetlərdə ənənəvi tədris tam şəkildə bərpa olunacaq” kimi açıqlamalar verilir, “ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması nəzərdə tutulur”, “valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlər məktəbə buraxılmayacaq” kimi xəbərlər yayılır, nazirlik bununla bağlı hələ də rəsmi məlumat verməməkdə günahlandırılır. Baxmayaraq ki, Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır və burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

N.İsrafilov diqqətə çatdırıb k ki, ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır:

“Pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: “Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin. Əlbəttə, böyük əksəriyyət kimi mənim də arzum həyatın öz əvvəlki axarına düşməsi, yeni tədris ilinə ənənəvi formada başlanılmasıdır. Bununla belə istəsək də, istəməsək də, gerçəkliklə hesablaşmaq zorundayıq. Yeganə deyəcəyim o ola bilər ki, arzularınız və arzularımız çin olsun”.