Məktəblərdə yoluxma:“Ənənəvi təhsillə bağlı proqram hazırlanmalı idi” – Boşluqlar oldu!

Bakıda iki məktəbin şagirdləri arasında COVID-19-a yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.
Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlər koronavirusa yoluxduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Bununla yanaşı “Baku-Oxford School”da da bir sinif yoluxma səbəbindən distant təhsilə keçib.

Buna bənzər bir hadisə də 162 nömrəli tam orta məktəbdə yaşanıb və bir sinifdə əyani təhsil dayandırılıb.

Mövcud vəziyyət barədə “Sherg.az”a danışan tibb və elmlər doktoru, həkim Şəmsiyyə Namazlı bunun gözlənilən olduğunu söyləyib:

“Məktəblər ənənəvi təhsilə başlayanda proqram hazırlanmalı idi. Məsələn, şagirdlər tənəffüsə növbəli çıxa bilərdilər. 

Daim bu zamanlarda mövsüm dəyişikliyi ilə əlaqədar  azyaşlı uşaqlarda müxtəlif  xəstəliklər olur. Ona görə asqırma-öskürmə, burun axması varsa, uşaqları məktəbə göndərmək olmaz.

 Çünki sinif yoldaşlarını, müəllimlərini də yolxudururlar. 

Dövlət məktəblərində siniflərdə sıxlıq müşahidə olunur. İbtidai siniflərdə bəzən 30-35 şagird olur. Onların hər biri maskadan istifadə etməlidir, tənəffüsə müəllimin nəzarəti ilə növbəli çıxmalıdırlar. 

Təbii ki, bir məktəbdə kifayət qədər sinif olur və bu işləri tənzimləmək çətinlik yaradır. Lakin əvvəlcədən bütün bunlar diqqət yetirilməli, proqramlar  hazırlanmalı idi. 

Özəl məktəblərdə isə bu problemləri həll etmək daha asandır, çünki şagirdlərin sayı azdır. Buna baxmayaraq qaydalara riayət olunmalıdır. 

Bütün bunlarla yanaşı, yoluxma faktı qeydə alınan sinif iki həftəlik distant təhsilə keçməlidir. Valideynlərin vaksinasiya məsləsi də böyük önəm kəsb edir. 

Bir sözlə, məktəb rəhbərliyi, müəllimlər və valideynlər məsuliyyətli olmalıdırlar. Bilirsiniz ki, yoxlama qaydaları  xeyli çətinləşib, hələ universitetlərin girişində növbələr yaranır. Bu da yoluxanlaırn sayının artmasına səbəb olur. 

Məktəblərin yenidən bağlanmasının tərəfdarı deyiləm, lakin diqqət etməliyik, qorunmalıyıq”.