Bıçaqlı məktəbli...

Orta məktəblər gözlənilməz hadisələrə hazır deyil

Ölkədə çətin tərbiyə olunan uşaqlar üçün xüsusi məktəblər olmalıdır

Sosial şəbəkədə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsi və bıçaqla hədələməsi ilə bağlı məlumatlar yayılıb. Bakı şəhəri 282 nömrəli tam orta məktəbdən Trend-in sorğusuna cavab olar bildirilib ki, məktəbin 7-ci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. 

"Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. 

Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir", - deyə məlumatda qeyd olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır: "Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür".

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hər bir vətəndaşın təhsil almaq hüququ var:

- Azərbaycan Respublikasının Konstitusiyası və “Təhsil haqqında” qanuna görə milliyyətindən, dinindən, irqindən, hansı sosial təbəqəyə mənsubluğundan asılı olmayaraq hər bir uşağın təhsil almaq hüququ var. Bu hüququ heç kim poza  bilməz. Dövlət hər bir uşağın təhsil almasını təmin etmək öhdəliyini üzərinə götürüb. Amma verilən açıqlamalara baxıram, bu uşağı elə təqdim edirlər, sanki o, hansısa əsir düşərgəsindən gəlib. Hesab edirəm ki, uşağın qeyri-adekvat davranışlarının əsas səbəbi məktəbin şagirdlə münasibətləri düzgün qura bilməməsidir. Bütün uşaqlar əlaçı olmur. Bütün uşaqlar zəif oxuyan da olmur. Necə olur, qəbul imtahanlarında göstərilən yüksək nəticələrə görə məktəblərin adı çəkilir, müəllimlər alqışlanır. Halbuki, istər buraxılış imtahanlarında, istərsə də  qəbul imtahanlarında əldə olunan yüksək nəticələr repetitorların əməyinin nəticəsidir. Orta ümumtəhsil məktəblərinin bu nailiyyətlərdə payı ya yoxdur, ya da çox cüzidir. Amma yaxşı nəticəni hamı özünə tərəf çəkir. Pisə, mənfiyə isə yaxın duran olmur, hamı çalışır pizi özündən uzaqlaşdırsın. 

K.Əsədov qeyd etdi ki, çətin tərbiyə olunan, problemli uşaqların təlim-tərbiyəsi ilə bağlı xüsusi əsasnamə var. Ona uyğun davranılmalıdır, amma biz bunu görmürük: 

- Məktəb təkcə tədris müəssisəsi deyil, həm də tərbiyə müəssisəsidir. Deməli, həmin məktəbdə tərbiyə metodları, tərbiyə üsulları zəif olub və düzgün deyil. Şagirdin davranışları onun məktəbdən xaric edilməsi üçün əsas olmamalıdır. Məktəb tərbiyəli şagird yetişdirməlidir. Yetişdirə bilmirlərsə, günahı özlərində axtarsınlar. Müəllim kollektivi, rəhbərlik düzgün addımlar atmayıb, nəticə də belə olub. 

K.Əsədov bildirdi ki, ölkədə çətin tərbiyə olunan uşaqlar üçün xüsusi tədris müəssisələrinin olmasına ehtiyac var:

 - Hazırda ölkədə ancaq fiziki çatışmazlığı olan, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbləri fəaliyyət göstərir. Amma çətin tərbiyə olunan uşaqlar üçün xüsusi məktəblər yoxdur. Yetkinlik yaşına çatmayanlar üçün islah-əmək müəssisəsində də peşə yönümlü təhsil verilir. Çətin tərbiyə olunan uşaqlar da bu şəraitdə adi ümumtəhsil məktəblərində təhsil almalıdırlar. Amma görürük ki, orta məktəblər belə gözlənilməz hallara hazır deyil. Tərbiyə metodlarını bilmirlər, tərbiyə metodlarından istifadə etməyi bacaran müəllimlər yoxdur.