Peşə təhsilinə üz tutanların sayı 30 faiz artıb

Bu maraq gələcəkdə böyük dəyişikliyə gətirib çıxaracaq

Elşən Ramizoğlu: "Etiraf edək ki, ixtisasını yaxşı bilən bir kompüter mühəndisi bir çox məmurlardan hətta yaxşı qazanc əldə edir. Bu məsələyə də diqqət etsək, daha faydalı olar"

"Əsas problemlərdən biri məktəb məzunlarının ixtisas sahibi olması məsələsidir. Bu, indinin problemi deyil, hazırda bu sahədə vəziyyət nisbətən daha yaxşı olsa da hələ də həlli istiqamətində daha çox iş görməliyik". Bu fikri  Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev səsləndirib. Nazirin sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına hər hansı bir ixtisası olmadan daxil olur: 

"9-cu sinfi bitirir, əlində attestatı var, heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir, yenə də eyni problem. Bütün təhsil müəssisələrində oturacaqların sayı ilə doğulan uşaqların sayı arasında da bəlli bir fərq var. Bu fərq ona görədir ki, bir çox hallarda insanlar təhsillərini davam etdirmək istəmir". Nazir deyib ki, ali və peşə təhsili arasında fərq var: "Son dövrlərdə peşə təhsilində artım müşahidə olunur. 

Peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı 26 600 nəfərdir". Ali təhsil məsələsinə gəldikdə isə nazir deyib ki, 1990-cı illərin əvvəlində ali məktəblərə qəbul planı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır: "Son 5 ildə ərizə verənlərlə qəbul olanlar arasında fərq 2-dən aşağı düşüb. Hazırda qəbul planı 48 mindirsə, ərizə verənlərin sayı təxminən 80-90 min olur. Hər il ali təhsil müəssisələrinə rekord sayda qəbul olur". 

E.Əmrullayev deyib ki, artıq yüksək peşə ixtisasları da açılıb, bunun fərqi odur ki, kollec məzunları subbakalavr pilləsində ali məktəblərə qəbul ola bilir: 

"Bundan sonra peşə təhsilində artım labüddür. Qısa müddətli peşə hazırlığı və ya təlimlər də olduqca innovativ həll yoludur. Çünki bir çox ixtisaslar yenidir, həm bizim üçün, həm də dünya üçün. Ənənəvi sahələr yavaş-yavaş sıradan çıxıb, yeni sahələr daxil olur. Bu kurslara 3-6 müddətində cəlb olunanların demək olar ki, yarısı işlə təmin olunur". 

Peşə təhsilinə marağın artmasının nə kimi üstünlükləri var?  Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, peşə təhsilinə marağın artması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir:

-  İstər  peşə məktəblərinin, istərsə də peşə təmayüllü siniflərin açılması təhsilalanlarda böyük dəyişikliyə gətirib çıxardır. Bir faktı nəzərinizə çatdırım. İşlədiyim Bərdə şəhər S.Behbudov adına 6 saylı tam orta məktəbdə peşə təmayüllü sinif açılıb.

 Burada dərzilik və kompüter üzrə bilik və bacarıqlar  öyrədilir. Şagirdlər üçün çox maraqlıdır. Peşə təhsilinə marağın artması əmək bazarının tələblərinə də müsbət təsirini göstərəcək.

“Adətən qiymətləri aşağı, təhsildə zəif uşaqlar 9-cu sinifdən sonra məktəbi tərk edir, kolleclərə, peşə məktəblərinə üz tuturlar. Bunun bir səbəbi də imkansız ailələrin öz uşaqlarını repetitor yanına göndərə bilməməsidir. 

Peşə təhsilinə marağın artırılmasının bir səbəbi də təhsilin əlçatanlığının azalması ola bilərmi” sualına cavabında isə E.Ramizoğlu qeyd etdi ki, burda valideynlərinin də rolu böyükdür:

- Əgər şagird özünü ali təhsil müəssisəsində dogrulda bilməyəcəksə, lakin peşə məktəbində sevdiyi bir peşəyə yiyələnəcəksə, bu cəmiyyət və şəxs üçün daha faydaları olar. 

Bu barədə təbii ki, müəllimlər və valideynlərlə maarifləndirmə işi aparılmalıdır. Valideyn övladı üçün yalnız ali təhsil müəssisəsi fikirləşməməlidir. 

Təcrübə də göstərir ki, valideynlər övladlarının daha çox ali təhsil almasını istəyir. 

Zaman keçdikcə, bu düşüncədə də dəyişiklik olacaq. Etiraf edək ki, ixtisasını yaxşı bilən bir kompüter mühəndisi bir çox məmurlardan hətta yaxşı qazanc əldə edir. Bu məsələyə də diqqət etsək, daha faydalı olar.