"Valideynlərin məktəbə yardım etməsinə mənfi tərəfdən baxmaq lazım deyil"


Günel Səfərova: "Əsas odur ki, bu yardımlar, ianələr rüşvət kateqoriyasına keçməsin"

Valideyn-Müəllim Assosiasiyaları tarixin arxivinə yol alıb. Ən birincisi, bu “assosiasiya” kəlməsinin çətin tələffüzündən xilas olacaqları münasibətilə valideyn və şagirdlərə təbrik düşür. Hər məsələdə bir son olduğu kimi nəhayət “vma”ların da axırı çatdı. Orta məktəblərdə yaranan narazılıqlar, söz-söhbətlər “vma”ların sonunu yaxınlaşdırdı, desək, yanılmarıq. Tədris ilinin əvvəli, ortası – fərq etməz, yığılan Fond pulları, bayramlar, əlamətdar günlər ərəfəsində edilən pul toplanması xəbərdarlıqları valideynlərin də, müəllimlərin də gününü göy əskiyə bükürdü. Direktorların başı az “dərd” çəkmirdi. Bundan sonra nə olacaq? Yəni doğrudan da orta məktəblərdə daha pul yığılmayacaq? İnanmaq istərdik. Amma inanıb-inanmamağa ehtiyac qalmayacaq deyəsən. VMA-ların əvəzinə başqa qurumun fəaliyyət göstərəcəyinə dair açıqlama var artıq. Bəri başdan xahiş edək ki, yeni quruma sadə bir ad tapsınlar. VMA  AVM-ə (alış-veriş mərkəzi - M.R.) daha çox oxşayırdı. Funksiyası da demək olar eyni idi...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva KİV-ə açıqlamasında bildirib ki, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulur. Yeni təşkilatın yaradılması ilə bağlı hazırda müzakirələr aparılır: "Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq". M.Vəliyeva qeyd etmişdi ki, Valideyn-Müəllim Assosiasiyaları ilə bağlı problemlər gündəmdədir:

"Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir". 
Qeyd edilir ki, VMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. O, ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir.
AVMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova “Şərq”ə açıqlamasında müzakirəsi aparılan məsələnin İctimai Şura daxilində araşdırılacağını bildirdi:

- Bu məsələ araşdırma tələb edir. Bilməliyik ki, VMA-ların rolu, səlahiyyəti, missiyası nədən ibarətdir və yeni yaradılacaq qurumun hansı fəaliyyət istiqamətləri olacaq. Təhsil Nazirliyi yanında İctimai Şura varsa, bəlkə başqa bir qurum yaradılsın? İndiyədək VMA qeyri-hökumət təşkilatı kimi qəbul edilib. Layihələrin həyata keçirilməsi məqsədilə dövlətdən qrant alıb. Başqa hansı statusu var, bilmirəm. Ümumiyyətlə, VMA-nın fəaliyyəti mənim üçün qaranlıqdır. Hüquqi statusu varmı? Təhsil Nazirliyinin icazəsi alınıbmı, onlarla görüşməliyik və bu suallara cavab tapılmalıdır. Hesab edirəm ki, bir qeyri-hökumət təşkilatının, yerli bir təşkilatın bütün orta məktəbləri əhatə etməsi mümkün deyil. Biz birgə müzakirələrlə qurulacaq yeni təşkilatın, yeni qurumun formasını müəyyən etməliyik. Ona görə də VMA-nı nə əvəz edəcək, yeni qurumun forması necə olacaq, hələ dəqiq cavab vermək mümkün deyil.
G.Səfərova tədris müəssisələrinə valideynlərin ianələr etməsi praktikasının mövcud olduğunu dedi:
- Dünyada bu praktika var. İcma əsaslı məktəblər var ki, valideynlər ora ödəniş edir. Məsələn, bir neçə şagirdin təhsil xərclərinin ödənməsinə, məktəbə lazım olan hansısa avadanlığın alınmasına və sair bu kimi məsələlərin həllinə yardım edirlər. Şəxsən mənim övladımın təhsil aldığı 83 saylı orta məktəbdə indiyədək bizdən 1 manat da pul istəyən, pul toplayan olmayıb. Hansısa məktəblərdə bu kimi hallarla bağlı məlumatlar yayılır. Hesab edirəm ki, valideynlərin məktəbə yardım etməsinə mənfi tərəfdən baxmaq lazım deyil. Tutalım, sinifdə şagirdlərin dərsləri daha yaxşı dinləməsi üçün nəsə bir avadanlıq lazımdırsa və onun alınmasına valideynlər öz istəkləri ilə yardım edirlərsə, burada mənfi hal yoxdur.  Əsas odur ki, bu yardımlar, ianələr rüşvət kateqoriyasına keçməsin. Valideynlərin maddi yardımlarını şagirdlərin tədris prosesini yüngülləşdirəcək, onların daha keyfiyyətli təhsil almasına kömək edəcək istiqamətə yönləndirməliyik.  Valideynlərin yardımlarına rüşvət kimi deyil, təhsilə edilən dəstək kimi yanaşmalıyıq. Bu halda təhsildə keyfiyyətin yüksəlməsinə nail olacağıq.