Nazirin iradları gerçəkliyi əks etdirir

Beynəlxalq elmi tədqiqatlarda nəticələrimiz yüksək deyil

"Mütəxəssis çatışmazlığı var. Tədrisi beynəlxalq standartlarla aparanlar yoxdur. Müəllimlərin hazırda aldığı əməkhaqqı fonunda onlardan çox şey tələb edə də bilmərik"

“Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar”. Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, təhsil sistemində bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır. 20 ildir bu suallar verilir və onların da hansısa cavabları var. Lakin təhsilin irəli getmə sürətinə görə bu sualların cavabları o qədər də təsir etmir. 

"Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə sistem irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi qoyub onun həlli istiqamətində çıxış yolu tapaq". O qeyd edib ki, Təhsil İnstitutunun təhsil sahəsində müəyyən uğurları var. "Təhsil İnstitutunda çalışdığım müddətdə 73-ə yaxın layihə idarə edirdik. Böyük təşəbbüslərə doğru irəliləyirik. İcma əsaslı məktəbəqədər təhsil müəssisələri ilə bağlı layihə bu gün 750-dən çox kənddə 15 mindən çox uşağa xidmət göstərir. Bu layihə vasitəsilə ucqar kəndlərdə olan 777 qadın işlə təmin oluna bildi", - deyə nazir əlavə edib. 

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında nazirin iradlarının gerçəyi əks etdirdiyini  bildirdi:

- Beynəlxalq elmi tədqiqatlarda Azərbaycanın nəticələri istədiyimiz, arzu etdiyimiz kimi yüksək deyil. Amma bunu da nəzərə almalıyıq ki, ölkəmiz 30 ildir müstəqilliyini bərpa edib. 1990-cı illərin siyasi təlatümləri, Qarabağ müharibəsi bütün sahələrə olduğu kimi, təhisl sahəsinə də mənfi təsirini göstərdi. Azərbaycan təhsili 2013-cü ildən yeni mərhələyə başlayıb. Beynəlxalq qiymətləndirmə sistemi, təhsildə rəqabətlilik, irəliləmə ilə bağlı nəticələr də 2013-cü ildən hesablanmağa başlayıb. Amma bizdə beynəlxalq qiymətləndirməni, beynəlxalq təhsil meyarlarını bilən müəllimlər, məktəb rəhbərləri hələ də yoxdur. Ona görə də biz ciddi irəliləyişlərə, yüksək nəticələrə iddia edə bilmirik. Sürət aşağıdır. Mütəxəssis çatışmazlığı var. Tədrisi beynəlxalq standartlarla aparanlar yoxdur. Müəllimlərin hazırda aldığı əməkhaqqı fonunda onlardan çox şey tələb edə də bilmərik. 

K.Əsədov qeyd etdi ki, bütün bunlara baxmayaraq son illərdə sevindirici nəticələr əldə edilib:

- Beynəlxalq qiymətləndirmə proqramları – RİSA, PİRLS, TİMSS – bu proqramları  4432 ümumtəhsil məktəbindən yalnız 15-də tətbiq edə bilmişik. Bu proqramlar müxtəlif yaş qrupuna aid şagirdlər arasında oxu bacarığı, riyaziyyat, təbiət fənləri üzrə qiymətləndirmə meyarlarıdır. Yəni şagirdlər bu fənləri necə mənimsəyir. Son illərdə müəyyən ciddi nəticələrimiz olub. Məsələn, 2013-cü illə müqayisədə 65 bal yüksəlmişik. Məntiq, riyaziyyat fənlərinin mənimsənilməsi ilə bağlı nəticələrsə 2022-23-cü illərdə açıqlanacaq. Yüksək nəticələr əldə edilməsi üçün təkcə müəllimlər qarşısına tələb qoymaq düzgün deyil. Bu sahədə universitetlər, institutlar işləməli, ciddi fəaliyyət göstərməlidirlər.