Səhvi etiraf etmək müsbət haldır


DİM iddiaları əsaslı sayaraq imtahanı təkrar keçirəcək

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanlarından narazı qalanlarla Dövlət İmtahan Mərkəzində görüş keçirilib. Görüşdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak edib. Müzakirələr əsasən imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub. Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınmasını xahiş ediblər. Rəhbərlik tərəfindən bildirilib ki, bu imtahanda iştirakçılar Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə uyğun bilik və bacarıqlara malik olmalıdırlar. 

İmtahanın mürəkkəblik dərəcəsi də həmin səviyyəyə uyğun olmalıdır. İştirakçıların nəzərinə çatdırılıb ki, 12 iyunda keçirilən imtahanın sualları gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.  

İmtahanda istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı ilə bağlı yaranan uyğunsuzluqla əlaqədar müraciət edənlərə isə imtahanın yenidən keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Görüşdə olanlardan iki nəfər təklifə müsbət reaksiya verib və yenidən imtahanda iştirak etmək üçün ərizə təqdim edib. Beləliklə, səsləndirmədə olan uyğunsuzluğa görə narahatlıq keçirən və buna görə də bütün imtahan suallarının cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı bütün nəticələri ləğv edilərək yenidən imtahan təşkil olunması qərara alınıb. Bu imtahandan toplanılan bal yekun imtahan nəticəsi kimi əsas götürüləcək. Bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun - Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət etməli və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb yollamalıdırlar.

Növbəti mərhələdə danışıq (speaking) imtahanı keçiriləcək. Mövcud qaydalara əsasən, həmin imtahandan iki baldan aşağı nəticə göstərən namizədlər növbəti mərhələyə buraxılmırlar. Bununla əlaqədar, danışıq imtahanında iki baldan aşağı nəticə göstərən namizədlər üçün təkrar imtahan keçirilməyəcək.

Fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında imtahan iştirakçılarının narazılığının nəzərə alınmasını müsbət addım hesab etdiyini dedi: 
- Bu, DİM-in böyüklüyüdür ki, narazıları qəbul edib, iddiaları əsaslı sayaraq imtahanların yenidən keçirilməsinə qərar verir. Səhvi etiraf etmək, əlbəttə müsbət haldır. Görünür, dinləmə mətnləri yenidən araşdırılıb, uyğunsuzluq olduğu aydınlaşıb və ona görə də narazılıq əsaslı sayılıb. Hesab edirəm ki, bu situasiyada DİM vəziyyəti obyektiv qiymətləndirib. Bilirsiz,  burada texniki problem də ola bilər. Şübhəsiz, imtahan materiallarının hazırlanmasına mütəxəssislər cəlb edilir. Amma hər işdə nöqsan ola bilər, gözlənilməz  hallar yarana bilər, yaxud adi texniki problem imtahanın gedişatına, imtahan verənlərin, abituriyentlərin yanlış cavablar verməsinə səbəb ola bilər. Yaxşı haldır ki, bu cür məsələlər müzakirə yoluyla həllini tapır. 

R.İsmayılov qeyd etdi ki, o özü də DİM imtahan materiallarının hazırlanması prosesində ekspert kimi bir neçə dəfə iştirak edib: 

- Mən proses zamanı şahidi olurdum ki, DİM-nə cəlb edilmiş mütəxəssislər əllərindən gələni edirlər ki, imtahan materiallarında əskiklik, yanlışlıq olmasın. Suallar, test tapşırıqları düzgün tərtib edilsin. Amma bəzən istəmədən nəsə bir problem yaşanır, yanlışlığa yol verilir. Əsas odur ki, DİM “yox, biz deyən doğrudur”, deyə israr etmir, səhvini qəbul edir və şəxslərin təkrar imtahanda iştirak etmək hüququnu tanıyır