Uşaq payı yeyən bağçalar!  - "Müdirlər rüşvətlə..."

Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən çıxarılıb. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinq aparlıb:

“Belə ki, Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Hadisəyə münasibət bildirən təhsil ekperti Elşən Ramizoğlu "Sherg.az"a açıqlamasında , bağçaların icra hakimiyyətinin tabeliyi vaxtında onlara "pul yeyintisi" kimi yanaşıldığını bildirib:

“ İnsan nə qədər vicdansız olsun ki, uşaqlar üçün verilən  çörəyi satıb, gəlir götürsün.  Bağçalara verilən ərzaqların əksəriyyətini müdirlər satıb,pul qazanırdı. Monitorinq davam etsə, daha çox direktor  işdən çıxarılacaq. Bağça müdirlərinin əksəriyyəti rüşvət ilə işə götürülüb və ya tanışlıqla orda oturub”.

Ekspert kənd yerlərdində də dəhşətli məqamlar olduğunu vurğulayıb:

“Təsəvvür edin, elə bağçalar var ki, kənd icra nümayəndəsi o bağçada nə qədər pul qazanıb. Ancaq  qıraqdan o bağçaya baxsaq, elə bilərik, fəaliyyətsizdir. Artıq vəziyyət daha yaxşı olmalıdır. Olacaq da... Çünki bağçalar artıq icra hakimiyyətinin yox, Təhsil Nazirliyinin tabeliyindədir. Bu dəyişkənlik özünü göstərməlidir”.