Qəbul imtahanlarının formatı dəyişdirilə bilərmi? – İZAH 

Ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin aşağı nəticə  əldə etdikdən sonra intihar etməsi son illərdə adi hal alıb. Hər il bu mövsümdə mütamadi olaraq, bu xəbərləri təəssüf hissi ilə oxuyuruq. Bu gün meyiti tapılan 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun da eyni səbəbdən həyatına son verdiyi söylənilir. “Son zəng”indən bir gün öncə yoxa  çıxan Zaur 22 gündür ki, itkin kimi axtarılırdı. Ötən gün onun nəşi Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılıb. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.

Müxtəlif insanların fikirlərinə görə, imtahanların mürəkkəbliyi, stresi, dəsrlərin ağırlığı şagirdlərdə intihar psixologiyasını formalaşdırır. Bəs, təhsilimizdə mövcud olan imtahan sistemini dəyişməklə bu məsələnin həllinə nail ola bilərikmi ?

Sualımızı cavablandıran təhsil eksperti Elçin Əfəndi  “Sherg.az”a açıqlamasında bildirib ki, imtahan verənlər tərəfindən bəzən depressiv hallar müşahidə olunur:

“Adətən imtahan nəticələri ürəklərincə olmayan və yaxud əldə etdikləri nəticə gözlətiləri ilə ziddiyyət təşkil edən şəxslər olur ki, onlar ümumiyyətlə, intahara meyilli olurlar. Onlar fiziki  və psixoloji cəhətdən zəif olurlar. Nəticə etibarilə, çıxış yolu kimi intihara əl atırlar. Təəssüflər olsun ki, bu istənilən halda abituriyentlər üçün çıxış yolu deyil. Çünki imtahanı hər zaman, hər yaş dövründə  vermək olar. Əlbəttə, imtahanların keçirildiyi ərəfədə valideynlər və abituriyentdən gözləntisi olan tanış, yaxud qohumlar abituriyentin psixoloji vəziyyətini nəzərə  almalıdırlar. Yaxşı olar ki, onlara daha çox dəstək olsunlar”.

Ekspertin sözlərinə görə,  imtahanların formatını dəyişib, daha asan etsək də, dəbəzi abituriyentlər yenə də bu yola əl ata bilərlər:

“Düşünürəm ki, bunun üçün orta təhsil müəsisələrində psixoloqlara ehtiyac var. Hər məktəbdə bu vəzifəyə müəyyən şəxslər təyin olunmalıdır və onlar öz vəzifələrini lazımınca yerinə yetirməlidir.  

Bundan fəqli olaraq orta təhsil müəsisələrində təhsilin keyfiyyətini artırmalıyıq.  2019-cu ildən Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların formatı kurrikulum qaydasında keçirilir.  2020-2021-ci illərdə pandemiya səbəbindən abituriyentlərə 1 şans verilmişdi. Artıq bu ildən etibarən onlara 2 şans verilir. Bu da bir növ dəstək xarekteri  daşıyır. Qəbul imtahanlarının  sadələşdirilməsi isə tamam fərqli mövzudur. Əlbəttə, yeni formatda keçirilsə, daha uyğun olar. Məsələn, beynəlxalq sistem əsasında konkret hər hansı bir xarici dil üzrə, xüsusilə ingilis dili üzrə qəbul imtahanı  keçirə bilərik. Yaxud şagirdlərin riyazi və məntiqi təfəkkürü ilə bağlı  imtahan keçirə bilərik. Bunu qardaş ölkə Türkiyədə tətbiq edir. YÖS imtahanlarında məntiqi təfəkkür əsas götürülür. Biz də bu formatı yoxlaya bilərik”.

E.Əfəndi  qəbul qaydalarında edilməsi mümkün olan dəyişikliklərdən danışıb. Onun zənnincə, fənnlərin sayının azaldılması şagirdlərə müsbət təsir göstərəcək:

“Abituriyentlər, eyni zamanda şagirdlər çox yüklənirlər. Onlar imtahan verdikləri zaman  ən azı 6-7 fənn oxumağa məcburdurlar. Attestatla qəbul isə bizdə yalnız ali təhsil müəssisələrinin beşinci qrupunda və orta təhsil müəssisələrindədir. Burada 3 fənn iştirak edir: azərbaycan dili, riyaziyyat və ingilis dili. Gələcəkdə qəbul imtahanlarını bu üç fənn üzrə həyata keçirə bilərik. Yaxud fikrimcə, əsas vacib olan məntiq, informatika və xarici dil imtahanları olarsa, daha məqsədə uyğun olar. Çünki informatika demək olar ki, bütün ixtisaslara siraət edib. Hər bir sahə üzrə informasiya texnologiyalarına tələbat var. Eyni zamanda, məntiqi bilik də önəmlidir. 

Ümumilkdə, bu 3 fənn üzrə qiymətləndirmə həyata keçirilsə, məncə daha yaxşı olar. Bu zaman abituriyentlər 3 fənn üzrə hazırlaşarlar və daha az əziyyət çəkərlər. Təbii ki, bununla bağlı yekun qərarı DİM, Nazirləri Kabineti və Təhsil Nazirliyi müştərək qərar qəbul etməlidirlər.  Amma yenə də qeyd edim ki, imtahanların formatının dəyişdirilməsi və asanlaşdırılması şagird intiharları ilə birbaşa  əlaqəli olmamalıdır. Yəni, şagirdlər daha asan imtahan versələr də, yaxşı nəticə əldə etmədikləri zaman intihara əl ata bilərlər”.

Müsahibimiz sonda qəzetimiz vasitəsilə imtahan verəcək abituriyentlərə və onların valideynlərinə  çağırış edib:

“Bütün valideynlərə səslənirəm ki, övladlarının yanlarında olsunlar. Çünki  qarşıda 6-7 iyul və 20-21 iyul tarixlərində imtahanlar olacaq. Bu zaman hər hansı bir abituriyentin nəticəsi yaxşı olmazsa, valideynlər onların üzərinə getməsin. Dəfələrlə demişəm, heç bir imtahan nəticəsi övladdan şirin və dəyərli deyil. Ona görə hər bir valideyn maksimum  övladına dəstək olsun. Eyni zamanda, abituriyentlərə də üzümü tutub deyirəm ki,  imtahan nəticəsi ola bilər ki, sizin üçün əhəmiyyət kəsb etsin, amma bu həyatınızdan daha dəyərli deyil”.