İmatahan:“Azərbaycan dili və tarixdən çətinlik çəkməyiblər, amma ədəbiyyat...”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan 12 şəhər və rayonda təşkil olunub. İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Bu gün keçirilən imtahanı “Sherg.az”a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, tarix, Azərbaycan dili, ədəbiyyat fənnindən suallar tam şəkildə orta ümumi təhsil məktəb dərsliklərinə və DİM- in qəbul proqramına uyğun olaraq hazırlanıb:

“Bütün siniflər və kitablar üzrə suallar bərabər paylanılıb. Ümumilikdə bu mərhələ abituriyentlərə nəticələrini yaxşılaşdırmaq imkanı verir.  Təəssüflər olsun ki, bəzi abituriyentlər bu imkandan düzgün istifadə etməyiblər. Onlar köməkçi vasitələri imtahan binasına keçirməyə cəhd ediblər. Yekunda tamamilə imtahan nəticəsindən məhrum olublar. Bu ciddi problemi hər il yaşayırıq”.

Ekspert hesab edir ki, bu mərhələnin nəticələrindən maksimum bal gözləmək olar:

“Bu gün III ixtisas qrupu üçün keçirilən qəbul imtahanında abituriyentlər Azərbaycan dili və tarix fənnindən çətinlik çəkməyiblər. Amma ədəbiyyat fənnində müəyyən qədər çətinlik yaşayıblar. Ümumilikdə ikinci mərhələnin iyul ayında keçirilməsi abituriyentər üçün kifayət qədər vaxt yaradıb. 

Eyni zamanda, onlar may ayındakı imtahandan sonra öz zəif nöqtələrini daha yaxşı bildilər. Hesab edirəm ki, ikinci mərhələnin nəticələrində maksimum 400 balı görəcəyik”.