Ekspert:“Çox istərdim ki Azərbaycanda da repetitorluq geniş yayılsın”

İyulun 27-də təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqi keçirilib. Brifinqdə Strategiyanın təhsil istiqamətlərinə toxunan Emin Əmrullayev bu çərçivədə görüləcək işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb.
Sonda təhsil naziri media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırarkən repetitorların fəaliyyətindən danışıb. Nazir qeyd edib ki, kimin artıq pulu varsa, repetitor yanına gedəcək:

“Bu gün təəssüf ki, şagirdlər və valideynlər üçün əsas məqsəd ali təhsil müəssisəsinə daxil olmaqdır. Bu, özü-özlüyündə çoxlu təşviş və rasional olmayan davranışlar yaradır. Bunun bir növü özəl təhsildir. Şagirdlərin bu gün repetitorlara verdiyi pullar özəl təhsil müəssisələrində olan təhsil haqqından az deyil. Ancaq niyə valideynlər bunu seçmir, başa düşmək çətindir. İkinci məsələ məktəbin içində nələr edilməsi ilə bağlıdır. Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq. 

Yəni burada təhsilin keyfiyyəti rol oynamayacaq. Şərti olaraq bu gün Azərbaycan təhsilinin keyfiyyəti 200-300 baldır. Sabah bu bal qalxıb 360 da olsa, yenə də daha çox bal yığan qəbul olacaq. Ona görə də hər zaman kimin artıq pulu varsa, repetitor yanına gedəcək. Bu fikrim çox müzakirələrə səbəb olacaq. Amma istənilən halda insanlar repetitor yanına gedəcək. Çünki bizdə əsas kimdənsə yaxşı olmaqdır. Özünün yaxşı olmasına baxan yoxdur”.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov məsələyə münasibət bildirib. O, ”Sherg.az”a açıqlmasında qeyd edib ki, repetitorluq dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur:

“Cəmiyyətdə bəzən haqlı fikirlərə qarşı belə aqressiya olur. İnanıram ki, bu sağlam fikir olsa belə, buna da fərqli düşüncə və prizmadan münasibət bildirənlər olacaq. Biz repetitorluğun yaranma və yayılma arealına baxsaq, görərik ki, bu heç də təhsili geri olan dövlətlərlə bağlı deyil. Repetitorluğun yayılma arealı daha çox təhsil tutumlu, inkişaf etmiş ölkələrdədir. Məsələn, Yaponiya kimi təhsil tutumlu ölkədə belə, repetitorluq çox geniş yayılıb. Cənubi Koreya kimi sürətlə inkişaf edən ölkədə də kifayət qədər repetitorluq fəaliyyəti var. 

Bu onu göstərir ki, insanlar hər zaman öyrənməyə meyilli və öz övladlarının daha yaxşı təhsil almasına maraqllı olublar. Bu baxımdan nazirin fikirlərinə haqq qazandırıram. Nə qədər cəmiyyət tərəfindən qəbul olunmasa belə, o fikirlərə həmrəyliyimi ifadə edirəm. Səmimi deyim ki, mənim təhsil naziri ilə ortaq və birləşən  heç bir məqamım yoxdur. Heç bir öhdəliyim də yoxdur ki, onun fikirlərində yanlışlıq gördüyüm təqdirdə ona haqq qazandırım. Hətta bir neçə dəfə təhsil naziri Emin Əmrullayevlə fərqli fikirlərim olub və bunu birbaşa özünə demişəm. Bu dəfə cənab nazirin fikirləri ilə şərikəm. Düşünürəm ki, insanlar hər zaman övladlarının daha çox öyrənməyində maraqlı olacaqlar. Azərbaycanda təhsil nə qədər yüksək olsa da, bütün hallarda şagirdlər repetitor yanına gedəcəklər. Repetitorluğu aşağı səviyyədə görmək fikrində deyiləm.

İ.Orucov düşünür ki, xaricdə və bizim  ölkədə repetitorluq anlayışı və məqsədi fərqlidir:

“Bizdə insanlar əsasən ali məktəbə qəbul olmaq üçün repetitor yanına gedirlər. Xarici ölkələrdə bu bir qədər fərqlidir. Orada insanlar əlavə bilik almaq məqsədilə bu addımı atırlar. Güman edirəm ki, nazir də bu baxımdan həmin sözləri deyib. Repetitorlar hər zaman olub və olacaq . Cəmiyyətimiz nə qədər inkişaf etsə, təhsilli olsa, yenə də bu mövcud olacaq. Amma repetitorluğa görə məktəblərimizin səviyyəsinin aşağı olmasının tərəfdarı deyiləm. Düşünürəm ki, məktəb o qədər bilik verməlidir ki, insanlar övladlarının universitetə daxil olması üçün repetitor yanına getməsinlər. İnsanlar məhz Britaniya və digər ölkələrdəki məqsədlə repetitorlara üz tutsunlar.

Ali məktəblərə qəbulun çətin olduğunu vurğulayan ekspert onu da əlavə edib ki, bizdə təhsil verənlə onu qiymətləndirən qurum fəqlidir:

“Bu gün Dövlət İmtahan Mərkəzinin qoyduğu suallar çox çətindir. Bizdə biliyi Təhsil Nazirliyi verir, DİM isə qiymətləndirir. Bu yanlışdır. Bilik verən qurum, eyni zamanda onun qiymətləndirməsini aparmalıdır.  Bu baxımdan düşünürəm ki, ali təhsil müəssisələrinə qəbul daha asan, onu bitirmək isə daha çətin olmalıdır. Bu yanaşma dəyişmədikcə,  insanlar repetitor yanına universitetə daxil olmaq məqsədilə gedəcək. Təhsil müəssisələrimizin əsas vəsifəsi övladlarımızın orta məktəbdən birbaşa ali təhsil müəssisəsinə daxil olmaq imkanından ibarət olmalıdır. Bir daha qeyd edim ki, repetitorluq təhsil tutumlu,texnoloji baxımdan inkişaf etmiş ölkələri əhatə edir. 

Çox istərdim ki Azərbaycanda da repetitorluq geniş yayılsın. Bizim insanlarımız nə qədər öyrənməyə meyilli olsalar, əlbəttə ki, bu ölkəmiz üçün xeyirli olacaq”.