Professor:“Düşünürəm ki, elmi tədqiqat institutları da dəyişəcək və...”

“...Müəyyən elmi tədqiqata üstünlük verən universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür” 

“Elmin də yaranma yolu təhsildən keçir. Ona görə onlar bir yerdə olmalıdır”



“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ləğv olunmayıb. Bu qrum qalır, amma balacalaşır və dəyişir”.
Bu fikirləri “Sherg.az”a  təhsil sahəsindəki son islahatları dəyərləndirən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı söyləyib. O qeyd edib ki, təbiət elmləri  və dəqiq elmər üzrə olan bütün institutlar Təhsil Nazirliyinə verilir:

“Bu nazirliyin də adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilir. Dünyada da bu proses eynidir. Keçmiş Sovet İttifaqında, Ukraynada, Gürcüstanda və Qazaxıstanda da bu nazirlik Elm və Təhsil Nazirliyi adlanır. Bu görülməmiş bir şey deyil. Avropa ölkələrində də - Almaniyada, Fransada və başqa ölkələrdə də eyni vəziyyət  mövcuddur. Ona görə də buna uyğun adlandırılıb”.

 Professor qeyd edib ki, Ədəbiyyat, Tarix, Fəlsəfə, Hüquq və.s kimi humanitar sahələrə aid institutlar AMEA-nın adı altında saxlanılır:

“Yəni, AMEA qalır, lakin xeyli balacalaşır. Eyni zamanda, bu qurumda reformlar həyata keçiriləcək. O cümlədən AMEA rəhbərliyinin təklifləri gözlənilir. Təbii ki, keyfiyyəti artırmaq üçün kiçilmə məsələləri olacaq.

Elm və təhsil bir-birinə bağlıdırlar. Birini o birindən ayırmaq olmaz. Çünki elm olmalıdır ki, orada yüksək təhsil olsun. Elmin də yaranma yolu təhsildən keçir. Ona görə onlar bir yerdə olmalıdır.

Amma bir yerdə olmaq nə deməkdir ? Bu sualın cavabı addım-addım aydınlaşacaq. Düşünürəm ki, sonrakı  məqamlarda elmi tədqiqat institutları dəyişərək müəyyən elmi tədqiqata üstünlük verən universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür”.