“Ali təhsil müəssisələrinin muxtariyyət məsələsi həll olunmalıdır”


Ötən gün Azərbaycanda üç universitet publik hüquqi şəxsə çevrilib. Bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan çevrilmə yolu ilə yenidən təşkil edilməsini özündə əks etdirən 300 və 301 №-li Qərarı qəbul edilib və həmin Qərarlara əlavə olaraq həmin universitetlərin nizamnamələri təsdiq edilib.

Həmçinin digər bir qərarla Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevirilib və yeni Nizamnaməsi təsdiqlənib. Universitetin nizamnamə fondu isə 48609595,88 (qırx səkkiz milyon altı yüz doqquz min beş yüz doxsan beş manat səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilib.

Bəs bu dəyişiklik ali təhsil ocaqlarımız üçün nə ifadə edir ? Universitetlərin publik hüquqi şəxsə çevrilməsindəki səbəblər nədir ?

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Sherg.az”a açıqlamasında suallara aydınlıq gətirib. O, bildirib ki, bu tədris ocaqlarının publik hüquqi şəxsə çevrilməsi ilə bağlı verilmiş ilk qərar deyil:

 “Bundan öncə də bir neçə kollec barədə analoji  qərar qəbul olunmuşdu. Hesab edirəm ki, publik hüquqi şəxsə çevrilən universitetlər üçün eyni imkanlar yaranacaq.  Azərbaycan Respublikasının Qanunvericiliyinə görə publik hüquqi şəxslərlə əlavə imkanlar verilir. Bu iki təhsil ocağına da xüsusi imkanlar veriləcək. 

Onlar gəlirlər əldə etmək, əlavə vəsaitləri cəlb etmək,  eyni zamanda bu vəsaitlər üzərində müstəqil sərəncamlar vermək hüququ qazanırlar. Bu baxımdan sözügedən qərar ali təhsil müəssisələrinin inkişafını sürətləndirməyə kömək edən faktorudur”.

İ.Orucov düşünür ki, ali təhsil müəssisələrinin muxtariyyət məsələsi zamanla həll olunmalıdır:

 “Parlamentdə Ali Təhsil Haqqında Qanun  müzakirə olunur.  Bu qanun qəbul olunsa,  təhsil ocaqlarının inkişafında yeni mərhələ başlayacaq. İndiki halda qeyd olunan universitetlərin publik hüquqi şəxsə çevrilməsi əslində bir bir qədər muxtariyyətin də verilməsi deməkdir. 

Zənnimcə, növbəti mərhələlərdə digər ali təhsil müəssisələri barədə eyni addımların atılacağını görəcəyik.  Əlbəttə ki, bunu ölkəmizdə ali təhsil ocaqlarına verilən önəm, təhsilin inkişafına dövlətin qayğısı kimi qiymətləndirirəm”.