Sadəcə olaraq hər iki imtahandan müvafiq nəticə topladığı üçün işə qəbul olunublar
Azərbaycanda dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir.
Artıq bununla bağlı strategiya təsdiqlənib. Bu strategiya çərçivəsində Dövlət İmtahan Mərkəzi kompetensiya modelinə keçməyi nəzərdə tutur. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, bunun üçün bizim ekspertlər və mütəxəssislər hazır olmalıdır.
Təhsil eksperti Elşən Qafarov isə deyib ki, Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul imtahanları ilə bağlı ediləcək dəyişikliklərlə bağlı konkret istiqamətləri açıqlamadığı üçün fikir bildirmək çətindir:
“Amma mənim təklifim odur ki, dövlət qulluğu kateqoriyalara yox, sahələrə bölünsün. Təhsil sahəsində işə qəbul olunan elə insanlar var ki, onların təhsil strategiyasından anlayışı yoxdur. Sadəcə olaraq hər iki imtahandan müvafiq nəticə topladığı üçün işə qəbul olunublar. Sinif üzü görməyən, əlinə qələm alıb jurnal yazmayan gənclər təhsil sahəsində məsləhətçi kimi işə düzəlirlər. Halbuki konkret tələb qoyulmalıdır ki, ən azı 3 il təhsilin idarə edilməsi üzrə stajı olan şəxslər bu vəzifəyə qəbul oluna bilər. Universiteti yeni bitirən gənc dövlət qulluğuna qəbul imtahanından müvəffəqiyyətlə keçib deyə 20-30 ilin məktəb direktoruna məsləhətçi təyin olunur. Bu, düzgün yanaşma deyil. Hesab edirəm ki, hər bir sahə üzrə işə qəbul imtahanları fərdi keçirilsə daha yaxşı olar. Suallar da həmin peşəyə uyğun, spesifik olmalıdır”.