Ayaqyolunun olmamasına etiraz edən müəllimdən ŞOK XƏBƏR: “Artıq özümü...” – “Sındırırlar”?

Leyla Nəcəfquliyeva:“Məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər”

Cəsarət Hüseynzadə:“İctimaiyyət fəal vətəndaşlarımızı müdafiə etməlidir. Əllbəttə ki, məmular belə insanları müxtəlif yollarla sındırmağa çalışacaq”

İmişli rayonu Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbindəki ayaqyolu  problemini sosial şəbəkədə ictimailəşdirən həmin məktəbin müəllimi Leyla Nəcəfquliyevaya qarşı anti-təbliğat kampaniyasına son qoyulduğu zənn edildi. Lakin belə deyilmiş. Üzürsüz səbəbdən (ayaqyolunun olmaması üzürsüz səbəb hesab edilmir – M.R.) işə gəlmədiyinə görə töhmət alan L.Nəcəfquliyeva haqqında indi də məktəbin sabiq direktorunun  gəlini olduğu qeyd edilir və müəllimənin problemi qabartmasını ailə-məişət müstəvisinə, şəxsi ədavətə bağlamağa çalışırlar.

Halbuki problem ictimailəşdikdən sonra Regional Təhsil İdarəsinin məktəbdə monitorinq apardığı və problemin təsdiqləndiyi bildirilirdi. L.Nəcəfquliyevanın sonuncu videosu isə həm də bardağı daşıran son damla olduğundan ictimai qınaq fəaliyyətə keçdi və müəllimin müdafiəsinə qoşulanların sayı artdı. 

Xatırladaq ki, yayımladığı videoda L.Nəcəfquliyeva müdafiəçilərinə aksiyanı dayandırmalarını xahiş edirdi, həm də böyük təşviş içində və ağlayaraq: “Çox xahiş edirəm, aksiyanı dayandırın. Dayandırmasanız, birazdan məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər. Hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Mən özümdən qorxmuram, artıq özümü saxlaya bilmirəm. Mən indi məktəbə necə gedəcəm? Bilmirəm... Yazın ki, Leyla müəllimə işdən azad edilsin”. Təbii ki, bu müraciətdə haqsız hücumlara məruz qalan xanım müəllimin qınaq obyektinə çevrilməsindən doğan sarsıntılı halı göz önündədir. Vəziyyət elə bir həddə çatıb ki, müəllim müdafiə olunmaq belə istəmir artıq.

Lakin cəmiyyətimiz bu dəfə yüksək həmrəylik nümayişini sərgilədi. Və məhz ictimaiyyətin təpkiləri sayəsində məktəbin sanitar qovşaq probleminin həlli istiqamətində konkret addımlar atılımağa başlanıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də bu fikirdədir ki, ictimai rəy proseslərə təzyiq göstərmək iqtidarındadır: 

- Bütün çətinliklərə bağmayaraq ölkəmizdə ictimai rəy və qınaq öz təsirini göstərə bilir. Biz buna İmişli rayonu, Aranlı kənd orta məktəbinin müəlliminin müdafiəsində bir daha şahid olduq. Deməli, vətəndaş təşəbbüsü ilə inkişaf və irəliləyişlər üçün imkanlar mövcuddur.

 Dövlətimizin milli maraqlarına qarşı olmayan hər bir şəxs çətin bir zamanda cəmiyyətimizin ayrı -ayrı nümayəndələri tərəfindən müdafiə ediləcək. Vətəndaş cəmiyyəti müəllimənin müdafiəsinə qoşulmalıdır. Bu, təhsilimiz üçün çox vacibdir. 

Ümumi rəy də bundan ibarətdir ki, ictimaiyyət fəal vətəndaşlarımızı müdafiə etməlidir. Əllbəttə ki, məmular belə insanları müxtəlif yollarla sındırmağa çalışacaq, çünki onların "əməllərinə" mane olurlar. Lakin ictimaiyyət bunun qarşısını almağa qadirdir.

 QHT-lər belə işdə xüsusi fəallıq göstərməlidir. Vətəndaş cəmiyyətinin formalaşması, bu kimi xoşagəlməz halların aradan qaldırılmasında vacib rol oynayır. İctimai qınağın vacibliyini nəzərə alsaq gələcəkdə bu və ya digər hadisələrə vətəndaş münasibətində ictimai qınağın faydasını görmüş olacağıq. Məhz ictimai qınaq sayəsində problemə aydınlıq gətirildi. Müəlliməyə qarşı müsbət münasibət formalaşdı.