Müasir üslubda yeni tələbə yataqxanaları tikilməlidir

  "Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur". "Report" xəbər verir ki, bunu AzMİU-nun rektoru Gülçöhrə Məmmədova deyib. Rektor bildirib ki, yataqxana məsələsi problemdir: "Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb. İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur". G.Məmmədova əlavə edib ki, hazırda yataqxanaların əsaslı təmir olunması və tələbələrin istifadəsinə verilməsi üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə çıxış yolları axtarılır.

  Bir zamanlar tələbələrə məxsus olan yataqxanalarda mənfur qonşumuzun işğal siyasəti nəticəsində məcburi köçkünlərin məskən saldığı məlumdur. 30 ilə yaxın müddətdə bu yataqxanalar yeni sakinlər tərəfindən istifadə edildi, təmir işləri aparılmadığından illər keçdikcə istismara yararsız hala düşdü. Hazırda paytaxtda yararsız vəziyyətdə, hətta insan həyatı üçün real təhlükə daşıyan yataqxanalar demək olar “tükdən asılı” haldadır, bir təkana bənddi ki, uçulub-tökülsün. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılır. Erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşənlərin qısa zamanda doğma torpaqlara qayıdışı üçün dövlət proqramı icra edilir. 

Lakin keçmiş məcburi köçkünlərin bütünlüklə yurda qayıdışının nə zaman reallaşacağı və yataqxanaların da tamamilə boşaldılacağı barədə konkret müddət söyləmək mümkün deyil. Bundan əlavə, qələbə qazandığımız Vətən müharibəsindən əvvəl məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksləri tikilib istifadəyə verilirdi, məcburi köçkünlər yeni mənzillərlə təmin edilirdi. Yəni boşaldılan yataqxanalar da vardı, lakin təəssüf ki, onlar öz əvvəlki funksiyalarına qaytarılmırdı. Tələbə yataqxanası problemi hələ də çözülməmiş qalmaqdadı və bu vəziyyət tələbələri sosial-maddi sıxıntılara məruz qoyur. Regionlardan paytaxta ali təhsil almağa gələn gənclər məcburiyyət qarşısında mənzil kirayələməli olur. Paytaxtda isə kirayə haqqı məlum məsələdir ki, bahadır. Tələbələr də 2-3, bəzən 4 nəfər birləşib mənzil tutur, kirayə haqqını bölüşərək ödəyirlər. Problemdən çıxış yolu varmı? 

  Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, hər bir ali təhsil müəssisəsinin yataqxanası olmalıdır: 

- Bu, əsas şərtlərdən biridir. Yataqxana yoxdursa, tələbə məcbur qalıb mənzil kirayələyir. Bu da tələbəni maddi sıxıntıya salır. Yataqxanalarsa tələbələrin birgə yaşayışı, təhsil mühitindən kənarlaşmaması, sosiallaşması, dostlaşması üçün əsl münbit şərait deməkdir. Hazırda hansı ali məktəbin yataqxanası var? Bakı Ali Neft Məktəbidir, müasir tələblərə cavab verən kampusu, 400 yerlik yataqxanası var. Ən qocaman ali məktəb olan Bakı Dövlət Universiteti bir yataqxananı təmir edib, Tələbə Evi kimi fəaliyyət göstərir. Tibb Universitetinin də yataqxanası var. Digər ali məktəblərinsə, yataqxanaları yoxdur, niyə yoxdur, bu da məlumdur. Nə etmək olar ki, yataqxanalar mövcud olsun, tələbələrin də yükü azalsın? İlk növbədə hansı yataqxananın istismara yararlı olduğu müəyyənləşməlidir. Ola bilər elə yataqxana binası var ki, nisbətən kiçikölçülü təmirə ehtiyac duyulur. Belə yataqxanaları müəyyən miqdarda vəsait hesabına təmir edib, tələbələrin istifadəsinə vermək olar. Tələbələr yataqxanalarda az miqdarda ödəniş müqabilində qala bilər. Bu ödənişlərsə, yenə də yataqxananın təmirinə istifadə edilər. Digər daha əsaslı və gələcəyə hesablanmış variant yeni yataqxanaların tikintisi ilə bağlı Elm və Təhsil Nazirliyinin Nazirlər Kabineti qarşısında məsələ qaldırmasıdır. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Ali məktəblərin gəlir mənbələri varsa, təbii ki, var, məsələn, ödənişli təhsildən əldə edilən gəlir, bu gəlirdən də yataqxana tikintisi və ya yataqxanaların təmiri üçün istifadə edilə bilər. Bütün vasitələr, yollar nəzərdən keçirilməli və ən uyğun variantlar seçilərək bu problem həllini tapmalıdır. Dünya üzrə ali təhsil müəssisələrinin reytinqi həm də malik olduqları tələbə kampuslarına görə təyin edilir. Tələbələr üçün hansı şərait yaradılıb, onların normal təhsil almaları və istirahətləri, gündəlik məişət ehtiyaclarını normal qarşılayacaq şəraitləri varmı, bu məsələlərə də baxılır. 

  E.Əfəndi tələbələr üçün yeni yataqxanaların şəhər mərkəzindən kənarda tikilməsini məsləhət gördü: 

- Şəhərdə onsuz da sıxlıqdır. “Elmlər Akademiyası”nın əhatə dairəsində görün, neçə ali məktəb var. Onların hamısının tələbə yataqxanaları eyni ərazidə tikilsə, təsəvvür edin, necə sıxlıq yaranacaq. Məncə, yataqxanaların şəhər kənarında tikilməsi tələbələrə elə də böyük çətinlik yaratmayacaq. Zatən uzaq məsafələrdən dərsə gələn tələbələr var. Xırdalan, Masazır, Sulutəpə, Sumqayıt... Yataqxanalar mərkəzdən kənarda inşa edilsə, həm ərazi sahəsi baxımından genişlik əldə edilər, bütün lazımi infrastruktur təmin edilər, həm də gediş-gəliş rahat olar. Tələbə yataqxanası xarici tələbələr üçün sərfəli olacaq. Bu, xarici ölkələrdən gələn tələbələrin say artımına da müsbət təsir edər. Yeni yataqxanaların tikilməsini daha məqsədəuyğun hesab edirəm, çünki mövcud bazanı yeniləmək uzun müddət çəkəcək, maliyyə də xərclənəcək. Bundansa müasir üslubda yeni yataqxanalar tikilsin.