Müəllimlik peşəsinə hələ də axın var

Ən yüksək bal toplayanlar bu ixtisası seçirlər, çünki maaşlar normaldır

Nadir İsrafilov: “Son illər müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılıb”


  500-dən çox bal toplayaraq müəllimlik ixtisasını seçənlərin illər üzrə statistikası açıqlanıb. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
  Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı 1276 olub. Əvvəlki illərə nəzər saldıqda isə bu rəqəm 2018-ci ildə 845, 2019-cu ildə 1097, 2020-ci ildə 902, 2021-ci ildə 916 olub.
  Ekspertlər müəllimlik ixtisasına marağın artmasını müxtəlif səbəblərlə əsaslandırırlar. Bəziləri diaqnostik qiymətləndirilməni, digərləri müəllim maaşının artdığını, başqaları repetitorluq fəaliyyətinin gücləndiyini nümunə göstərir.

  Təhsil eksperti Nadir İsrafilov isə “Şərq”ə açıqlamasında deyib ki, bu artım  strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyinin önə çəkilməsi ilə bağlıdır:

 “Azərbaycanda müəllimyönümlü siyasət yürüdülməsinə başlanılıb. Əvvəlki onilliklərlə müqayisədə müəllimə olan inam və etibar nəzərəçarpacaq dərəcədə azalmışdı. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu da böyük ölçüdə arxa plana keçirmişdi. Son illər müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılıb və bu sahədə davamlı işlər uğurla davam etdirilir”. 

  N.İsrafilov deyir ki, ixtisaslar üzrə ali məktəbə qəbul prosesi repetitorların artmasına rəvac verib: “Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ “yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi, “bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. 
  Müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə, hələ 2014-cü il sentyabrın 15-dən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilib. Müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Müəllim əməyinin stimullasdırılması, əməkhaqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib və s. O da vacib amillərdəndir ki, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır: birinci istiqamət mövcud ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir. Bu kimi misalların sayını artırmaq da olar”.