Parlamentari: Ölkədə kölgə təhsili, repetitorluq artıb

Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır?

Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur


“Biz qara qızılımızı kapitala çevirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur”. 
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Etibar Əliyev deyib. 
O bildirib ki, sagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: 
“Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il artan büdcə ilə təhsil beləmi olmalıdır? Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə, elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir? Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”.
  Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirləri ilə razılaşmayıb: 
“Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa, tikilən yeni binalardan, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”.