İlahiyyatçı: Din adamlarımız yerli təhsil almalıdır

Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək tapşırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi zəruri tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Sherg.az”a açıqlamasında  "Bakı İlahiyyat Kolleci"nin yaradılması təqdir edib: 

“Çox vacib addımdır.  Azərbaycan İlahiyyat İnstitutu  fəaliyyət göstərirsə, mütləq kollecin də olması lazım idi. Bu da nəzərə alındı. Bilirsiniz ki, indiyəcən bir çox şəxslər dini təhsil üçün xaricdə oxumağa gedirdi. Hər ölkənin də özünə xas din modeli olduğu üçün bu şəxslər həmin ölkələrin "islamını" mənimsəyirdilər. Qayıdandan sonra dini fəaliyyətlərində ziddiyyətlər, qütbləşmələr, uyğunsuzluqlar olurdu. Son zamanlar isə bu kimi məsələlərə nəzarət artıb. Artıq dini mühitin nizamlanması niyyəti ilə bir çox müsbət işlər görülür. Mütləq din adamlarımız yerli təhsil almalıdır. İlahiyyat İnstituna imtahan verənə qədər gənclər dini təhsili bu kollecdə ala biləcəklər. Alt yapıları formalaşacaq. Yaxud heç universitetdə təhsil almaq istəməyənlər bu kollecdə təhsil alacaqlar. Din sahəsində milli kadrların yetişməsi çox önəmlidir. Təhsil olmayanda inanclı insanlar məcbur olur xurafata və xarici mollalara qulaq assın. Əvvəllər Bakı İslam Universiteti vardı. 3750 məzunun diplomunu xarici təsirlərlə tanımaqdan imtina etdilər. Çünki bu diplomlar tanınsa idi xaricdə təhsil alanlara təyinat üçün yer qalmayacaqdı. Belə görünür ki, xarici təsirlər oldu. Bu məzunların elmi fəaliyyət taleyini məhv etdi Təhsil Nazirliyi. İndi həmin şəxslərə ancaq məscidlərdə din xadimi olmaq üçün şans veriblər. Heç bir elmi mövzu götürüb müdafiə edə bilmirlər, başqa sahədə işləyə bilmirlər və. S. Yəni bir tərəfdən belə kolleclər açılır, bir tərəfdən də təhsil alanların diplomu tanınmır”.

T. İrfanın sözlərinə görə, Azərbaycanda ali rütbəli, milli düşüncəli din xadimləri yetişməsin deyə qaranlıq əllər Bakı İslam Universitetinin diplomlarını dövlət nümunəli kimi tanımağa imkan vermədilər:
 “ Yüzlərlə milli düşüncədə, dövlətçi gənclər vardı. Hamısının ali təhsil taleyi məhv edildi. Arzu edirəm heç olmasa bu kollecin də taleyi gələcəkdə belə olmasın. Yəni, əziyyət çəkib oxuyanların bir vaxt diplomunu rədd etməsinlər. Yaxud Bakı İslam Universitetinin məzunlarını da kənara atmasınlar, heç olmasa bu kollecdə işlə təmin etsinlər. Çünki din elə bir sahədir ki, gərək bu sahədə haqsızlıq minimum olsun. Yaxud heç olmasın. Dini təhsil önəmlidir. Gənclər orta məktəb vaxtından maarifləndirməyə cəlb edilməlidir ki, ali təhsilə qədər müəyyən qədər formalaşsınlar. Əvvəllər mədrəsələr vardı. Pərakəndə idi və məzhəbçiliyi təbliğ edirdi. İndi o boşluqlar yoxdur və bu kollec dövlət nəzdində açıldığı üçün bilirəm ki, orada normal təhsil veriləcək və dövlətimiz üçün faydalı olacaq. Əsas olan odur ki, dövlətə yararlı din adamları yetişsin. Sağlam düşüncəli, xaricə bağlı olmayan, dünyəvi elmlərə də vaqif olan, məzhəbçilikdən uzaq din xadimləri yetişsin. İnanıram ki, bu da olacaq”.