“Google”dən belə xəbərsiz olan təhsil işçiləri... - AÇIQLAMA



Nazirin toxunduğu məsələ müəllimlərin yaşı ilə əlaqədar deyil

“Bir müəllimin yaşı 40 və yaxud 80-də olsa, o dövrün əsas çağırışları ilə səsləşir, dərslərini də dövrün tələblərinə uyğun keçirsə, onun yaşının bir əhəmiyyəti yoxdur”

  “Ötən əsrin 30-u illərində tədris olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib. O bildirib ki, tədris olunan fənlər demək olar dəyişməyib: “Bu, cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqədardır. Digər tərəfdən, yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da, əslində, bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir”.
Nazir əlavə edib ki, bəzi fənlərin məzmunu dəyişib: “Bunu qəbul etməli və birlikdə bu dəyişikliyi həyata keçirməliyik”.
  Nazirin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə məsələni müzakirə edən şəxslər bununla nazirin yaşlı müəllimləri hədəf aldığını deyiblər. "Söhbət yeni modelli təhsilə keçiddən gedirsə, mütləq tədrisdə gənc kadrlar olmalıdır" kimi narazı suallar ünvanlayıblar.
  Təhsil eksperti Qoşqar Məhərrəmov isə “Sherg.az"a açıqlamasında deyib ki, nazirin toxunduğu məsələ müəllimlərin yaşı ilə əlaqədar deyil: “Azərbaycan dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən universitetlərdə çalışan və həmyerlimiz olan elm adamları ilə əməkdaşlıq edirsə, deməli, təhsilin inkişafında insanın yaşı önəmli faktor deyil. Bir müəllimin yaşı 40 və yaxud 80-də olsa, o dövrün əsas çağırışları ilə səsləşir, dərslərini də dövrün tələblərinə uyğun keçirsə, onun yaşının bir əhəmiyyəti yoxdur. Naziri narahat edən məqam odur ki, dövr dəyişsə də, bəzi insanlar yeniliklərə uyğunlaşmaq istəmir və şagirdləri də məhz köhnə üsulla öyrətməyə çalışır. Halbuki təhsil prosesi öyrənmək və öyrətmək prinsipləri ilə xarakterizə olunur. Təhsil işçisinin işi sadəcə öyrətməkdən ibarət deyil. Bu məsələ artıq öz aktuallığını itirib. Öyrənmədən öyrənən təhsil işçisi öz şagirdlərinə heç bir halda dövrün tələblərinə uyğunlaşdıra bilməz. Onun öyrətdiyi bütün məsələlər artıq arxaikləşmiş tədris hesab olunur”.
  Nazirin nitqində kifayət qədər ciddi problemə toxunduğunu vurğulayan ekspert deyib ki, həqiqətən də, orta və ali məktəblərdə çalışan bəzi müəllimlərin iş prinsipi dövrün tələblərinə cavab vermir: “Rəqəmsal yeniliklərdən, hətta “google”dən belə xəbərsiz olan təhsil işçiləri var. Yenə deyirəm, burada məsələ onların yaşı deyil. 35 yaşında olan, lakin ənənəvi tədris üsulundan kənara çıxa bilməyən təhsil işçilərinə də rast gəlmək mümkündür. Və yaxud da 55-60 yaşında aktual biliklər öyrədən, texnoloji yeniliklərdən xəbərdar olan müəllimlərimiz var”.
  Q.Məhərrəmovun sözlərinə görə, müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi hazırda təhsil sistemimizdə ən zəruri, ən ehtiyac duyulan sahələrdən biridir: “Dünyada baş verən pedaqoji yenilikləri mənimsəmək, onlardan istifadə etmək və yeniliklər yaratmaqla pedaqoji fəaliyyətin məzmununu dərinləşdirmək aktual problem olaraq təhsilimizin qarşısında durur.
  Təhsilimizin zəif inkişaf etməsinin bir səbəbi də məhz kadrların özünü yeniləyə bilməməsidir. Müəllimlərin peşə və ixtisas hazırlığının təkmilləşdirilməsi, onların özlərinin yeniliyə maraq göstərməsi, daim öz peşə və ixtisas bilik, bacarıq və vərdişlərini artırması, özünütəhsil, özünütərbiyə və pedaqoji yaradıcılıqla məşğul olması onun peşəkar və səriştəli pedaqoq kimi formalaşmasının əsasında durur. Müəllim ali məktəbdə aldığı biliklərlə, yiyələndiyi metodika
ilə kifayətlənməyərək və daim öz üzərində işləməklə peşəkar
müəllim kimi formalaşa bilər. Nazir də məsələyə məhz bu aspektdən yanaşıb. Sadəcə olaraq bizim insanlar günün reallıqları, öz nöqsanları ilə üzləşmək istəmir. Biz sözlə, yeni modelli təhsilə keçid üçün tədrisdə mütləq gənc kadrlar yox, gənc ruhlu kadrlar olmalıdır”.