Ekspert: Bu müəllimliklə yox, birbaşa yaş nəsli ilə bağlıdır

“Ötən əsrin 30-u illərində tədris olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.  Cəmiyyətin mühafizəkar mövqeyinə toxunan nazir deyib ki, yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Bəzi fənlərin məzmununun dəyişdiyini vurğulayan nazir qeyd edib ki, bunu qəbul etməli və birlikdə bu dəyişikliyi həyata keçirməliyik.
  Nazirin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə məsələni müzakirə edən şəxslər bununla nazirin yaşlı müəllimləri hədəf aldığını deyiblər. "Söhbət yeni modelli təhsilə keçiddən gedirsə, mütləq tədrisdə gənc kadrlar olmalıdır" kimi narazı suallar ünvanlayıblar.

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a nazirin açıqlamasında hansısa bir narahatlıq görmədiyini deyib. Onun fikrincə nazir çıxışında müəllimləri yox, vaxtında öz oxuduqlarını, öyrədiklərini özündən gənclərə tövsiyyə edən adamları nəzərdə tutub: 
“Bu  müəllimliklə yox, birbaşa yaş nəsli ilə bağlıdır. Azərbaycanda, hazırkı gənclik, yeni sistemdə təhsil alır. Sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya açıla bilir. Təhsildən əlavə, şəxsi həyatda da müasir düşüncə tərzinə əsasən yaşamağa can atır. Ortayaşlı və yaşlı nəsil isə mühafizəkardır. Dövr və mühit önəmlidir. Hər doğulan uşaq, öz dövrünə uyğun doğulur. Nəinki öncəki nəsillərdən, hətta öz valideynlərindən belə genis potensiala sahib olur. Onların tövsiyyələri müasir təhsil standartları ilə uyğunlaşmır. Ona görə də, müasir təhsil çağırışlarını özündə əks etdirən tövsiyyələrə üstünlük verilməli, təhsil sistemi də məhz dünya standartlarına uyğun  qurulmalıdır.
30- cu illərlə  bu gün tədris olunan dərs saatlarına aşağı yuxarı eynilik var. Yəni əvvəllər də əsas fənnlərə daha çox dərs saatı ayrılırdı, bu gün də elədir. Amma əvvəlki nəsil Sovet təhsil sistemində yetişiblər. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. Ona görə də yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsəyə bilmirlər və yaxud da buna cəhd etmirlər. Müəllim, öz dövrünün digər insanları kimi ən adi ənənələrin mühafizəkarına çevrilməməlidir. Çünki, müəllimin missiyası öyrətməkdir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, dövrün təhsil sistemi və imkanları çərçivəsində, bəzən də o çərçivədən kənara çıxıb, daha üstün çalarlarla tədris etməyi bacarmalıdır”.

E. Əfəndinin sözlərinə görə, yaşlı kadrların müasir təhsillə ayaqlaşmamasıda günün reallığıdır. Müasir dərsliklərlə tanışlıqları yoxdur, çağdaş təhsil sistemi barədə təsəvvürləri azdır və 30 il əvvəlki tərzdə dərs deməklərini davam etdirirlər: 
“Lakin bunun həlli yaşlı kadrları ixtisara salmaq, təhsil sahəsindən uzaqlaşdırmaq deyil. Yaşlı kadrlar arasında  rəqəmsal təhsil sistemi ilə bağlı kifayət qədər biliyə sahib olanları var.  Bu standartlar digər kadrlar tərəfindən də mənimsənilməlidir.   Təhsilalanların bilik və bacarıqlarını müasir dövrə uyğunlaşdırmaq lazımdır. Ən əsası isə uşaqlara əldə etdikləri biliklərdən düzgümn istifadə qabiliyyətini aşılamaq lazımdır”.