Bu kadrlara tələbat 10 dəfə artıb – Təhsil eksperti

Tələb olunan ixtisaslardan biri də informasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisaslarıdır

Elm və təhsil nazirinin müavini Həsən Həsənli əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğunu bildirib. O, "Peşə təmayüllü siniflər" layihəsinin gələcəkdə şagirdlərin əmək bazarında hazır kadr kimi yetişməsinə şərait yaratdığını söyləyib. Bildirilib ki, bu layihə 2019-2020-ci ildən fəaliyyətə başlayıb. “Şagirdlərimiz əmək bazarının iştirakçıları ilə işlədikləri proyektlərin üstündə işləməyi, komanda şəklində çalışmağı öyrənirlər. Biz əgər onların gələcək karyeraları üçün çalışırıqsa, bu iş məktəbdən başlamalıdır. Düzdür, məktəbdə vətənpərvərlik, tariximizin öyrənilməsi əsas məqsəddir. Əgər biz əmək bazarı üçün hazır kadr yetişdirə bilmiriksə, bu, böyük problemdir. Ona görə də həyata keçirilən bu layihələr çox önəmlidir. Artıq 20 məktəbdə başlayan layihə 200-ə yaxın məktəbi əhatə edir. Layihənin pandemiya dövründən başlanmasını nəzərə alsaq, bu, böyük bir uğurdur", - nazir müavini qeyd edib.O deyib ki, tədrisin səmərəli həyata keçirilməsi üçün məktəblərin təmirləri, şagirdlər üçün müxtəlif layihələr üzrə işlər davam edir.

Təhsil məsələləri üzrə ekspert, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əmək bazarı təhsil müəssisələri ilə əlaqəli işləməlidir: 

- Əmək bazarının tələbləri hələ də ödənmir. “Peşə təmayüllü siniflər”layihəsi yaxşıdır, baxmayaraq ki, layihənin icrasına başlanmasından qısa müddət keçir, onun 200-ə yaxın məktəbi əhatə etməsi müsbət haldır. Lakin, layihələrin icrası konkret nəticələrə yönəlməlidir. Bunun üçün də əmək bazarı iştikraçıları ilə sadəcə məsləhətləşmə sahəsində əməkdaşlıq yetərli deyil. Əmək bazarı iştirakçıları – müəssisələr, idarə və təşkilatlar, özəl sektorun üzərinə konkret öhdəlik qoyulmalıdır ki peşə  təmayüllü sinifləri bitirən şagirdlər, əgər ali məktəbdə təhsillərini davam etdirmirlərsə, müəyyən işlə təmin edilsinlər. Bu gün gənclərin ən böyük problemlərindən biri işsizlikdir. Ali təhsil müəssisələrini hətta əla qiymətlərlə bitirənlər, magistratura pilləsini də uğurla başa vuranlare işlə təmin olunmaqda çətinlik çəkir. Çünki ali təhsil müəssisələri əmək bazarının tələblərinə adekvat məzun hazırlamır.  Ali məktəblərimizin bir çoxu müasir əmək bazarının tələblərinə cavab verəcək səviyyədə deyil.  Ali məktəblər müasir tələbləri öyrənməli və çağırışlara cavab vermək üçün sürətlə yenilənməyi bacarmalıdırlar. Dünyada əmək bazarının tələbləri sürətlə dəyişir. Bununla ayaqlaşmaq lazımdır. Bizə rəqəmsallaşma və elektronlaşma üzrə kadrlar lazımdır. Gələcəkdə ehtiyac duyulacaq ixtisaslar arasında süni intellekt, proqramlaşdırma, kompüter qrafikası, rəqəmsal elektronika, kompüter oyunları, oyun dizaynı ixtisasıdır. Dünyanın aparıcı ali təhsil müəssisələrinin oyun dizaynı ixtisası üzrə təhsil alan tələbələri maliyyəsi getdikcə artan, məsələn 2021-ci ildə  92.4 milyard dollar olan bir sektora qatılır.  ABŞ-nin 35-ə yaxın universiteti bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində bakalavr dərəcəsi təklif edir. Hazırda səhiyyə informasiyası və ya informasiya rəhbərliyi ixtisasına zəruri tələbat yaranıb. Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu, böyük bir ehtiyacdır. Tələb olunan ixtisaslardan biri də informasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisaslarıdır. Təsəvvür edin, bu ixtisaslar üzrə kadrlara tələbat 10 dəfə artıb. Bizim ali təhsil müəssisələri də müasir dünyadakı tələbatı öyrənməli və sabah ölkənin inkişafına xidmət edə biləcək kadrların hazırlanmasında maraqlı olmalı, işlərini bu istiqamətdə aparmalıdırlar. Eləcə də orta ümumtəhsil məktəbləri müasir çağırışlarla ayaqlaşmalıdır. Amma bizim orta məktəblərdə hələ də üstünlük humanitar fənlərdədir. Şagirdlər daha çox III ixtisas qrupu üzəri hazırlaşır, qəbul imtahanlarında məhz bu ixtisas qrupuna yönələnlər daha çox olur, keçid balları da yüksək olur. Amma, hamı ali məktəbə daxil ola bilmir. Nəticədə, nə ali təhsil ala bilirlər, nə əllərində bir sənət, peşələri olur ki haradasa işləsinlər. Biz uşaqlara sənət, peşə öyrətməliyik. Bu, onların əmək bazarında iş tapmalarına daha çox kömək edər, nəinki hüquq fakültəsində təhsil almaq.