Yeni təklif: 12 illik təhsilə keçilir?

Təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, təhsilin pillələri, səviyyələri və məzmunu ilə bağlı məsələlərə rəsmi münasibət bildirilməli idi:
 “Hesab edirəm ki, nazirin açıqlaması gözlənilən idi. Başqa sözlə, gec-tez təhsilin pillələri, səviyyələri və məzmunu ilə bağlı məsələlərə rəsmi münasibət bildirilməlidir. Yəni, nazirin özünün də qeyd etdiyi kimi, bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlamalıyıq. 10 və 11-ci siniflər yalnız ali təhsil hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür. Ona görə də başqa bir model seçməlidir. Onu da xatırlatmaq yerinə düşər ki, nazir bir müddət əvvəl də “təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir” kimi fikir söyləyərək, bu kimi məsələlərə diqqət çəkib”.
 O qeyd edib ki, Azərbaycan 2020-ci ildə 12 illik təhsilə keçməli idi:
 “Məktəbdə tədris müddətinə gəlincə, müxtəlif ölkələrdə bu rəqəm fərqlidir – bəzi yerlərdə 10 il, bəzi yerlərdə isə 13 ildir. Bizdə isə 12 il oxumağın optimal olması qərara alınıb və bu rəqəm strategiyada göstərilib. Eyni zamanda 2013-cü ildə təsdiq edilib. Ona görə Azərbaycanda artıq 2020-ci ildə 12 illik təhsilə keçilməli idi. Ancaq bu fikir birmənalı qarşılanmadı - bəziləri bunun əlavə bir il vaxt aparacağına, bəziləri bu qərarın düzgün olduğuna inanırdılar.

Məsələni "Sherg.az"a dəyərləndirən  təhsil eksperti Elçin Əfəndi bildirib ki, faktiki baxsaq, hazırda 12 illik təhsil sistemi bəzi ərazilərə tətbiq olunub: 
"Çünki, hazırlıq qrupları mövcuddur. Artıq şagirdlər 5 yaşından bu qruplara yazılırlar. Birinci sinifə başlamamışdan əvvəl məktəblə, mövzularla bağlı ilkin təsəvvürlər formalaşır. Ondan sonrakı mərhələdə isə birinci sinifə başlayırlar və bir növ 12 illik təhsil sistemi tətbiq olunmuş hesab edə bilərik. Paralel olaraq 11- ci sinifdən sonra bir ildə əlavə oxumaq doğru deyil. Belə olduğu halda digər prosseslərdə bir-birinə qarışmış olur. Ona görə ki, oğlanların hərbi xidmətə çağırış məsələsi var. Beş yaşdan yuxarı uşaqların hazırlıq qruplarına getməsi daha məqsədəuyğundur".                                                                                                               

Ekspert vurğulayıb ki, erkən yaşlarda məktəb mühitinə adaptasiya olmaq vacib elementlərdən biridir: 
"Dünyanın bəzi ölkələrində on iki illik təhsil tətbiq olunub. Hətta, elə ölkələr var ki, ibtidai təhsil 6- cı sinif, digərlərində isə 4- cü sinifdə bitir. Bundan sonra digər təhsil pilləsi başlayır. Bizim ölkədə vəziyyəti, qanunvericilikləri nəzərə alaraq qərar vermək daha məsləhətlidir. Bir sözlə,1 ildə artırmaq hansısa ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq".