Millət vəkili Rauf Əliyev isə təhsil məsələləri ilə bağlı ictimai dinləmə keçirilməsini təklif edib. O bildirib ki, bu gün birinci sinifdə yüklənmiş proqramlar məsələsi var:
"Bununla bağlı mətbuatda müəyyən müddət danışıldı, lakin nazirlik heç bir reaksiya vermədi. Bəzi ölkələrdə ev tapşırığı yoxdur, bəzi ölkələrdə isə uşaqlar sinifdən-sinfə oyunlarla keçirlər. Lakin bizdə uşaqlar həddən artıq yüklənir. Təklif edirəm ki, bu məsələ ilə əlaqədar bir dinləmə keçirilsin, həm nazirlik nümayəndələri, həm də mütəxəssislərin iştirakı ilə müzakirələr aparılsın".
İctimai dinləməni mənasız hesab etdiyini bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a söyləyib ki, vacib olan nüans Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı konkret addımdır:
"İctimai dinləmənin keçirildiyi heç bir məsələdə fərq olduğunu görməmişik. Dərsliklərdə problemlər və şagirdlərin proqramında çətinliklər mövcuddur. Bunu aradan qaldırmaq üçün müxtəlif vasitələr var. Şagirdlərə hər gün ev tapşırığının verilməsi mütləq deyil. Bəzi dərsliklərdə şeirin dili və yaxud hekayələrdəki sözlər birinci sinifdə oxuyan məktəblinin qavramasına görə asan deyil. Bu səbəblə də dərsliklər təkminləşdirilməlidir. Nəticə etibarı ilə digər ölkələrin təhsil modellərinə nəzər salsaq görərik ki, şagirdlərin daha çox valideynlə ünsiyyət qurmasına şərait yaradılıb. Dərslər isə əyləncə əsasında şagirdlərə öyrədilir. Ona görə də informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə çalışmalıyıq ki, ondan istifadə edərək öyrədək. Hazırda birinci siniflərin kifayət qədər fənn sayı var. Acınacaqlı vəziyyət ondan ibarətdir ki, uşaqlara əlifba öyrətməzdən öncə xarici dildə söz bilməyi tapşırırlar. Dərs yükünü azaltmaq istiyiriksə, bəzi fənlər sintez olunmalıdır. Misal olaraq "Həyat bilgisi" dərsliyində olan məlumatlar "Azərbaycan dili" dərsliyinə inteqrasiya olunaraq həmin hekayələrin içərisində verilə bilər. Həmçinin, şagirdlər kitabları auditoriyaya daşımaq məcburiyyətində qalmamalıdır. Dərsliklərin elektron versiyaları yaradılmalıdır".