Sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.
Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən məktəbdə olub.
Valideynlər hadisənin ört-basdır edildiyini bildiriblər:
“Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”.
Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib.
6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib.
Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib.
Bu hadisə digər valideynlərin narahatçılığına səbəb olub. Azərbaycanda digər ölkələrdə olduğu kimi aşağı siniflə yuxarı siniflər ayrılmalıdırmı?
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, bu kimi vəziyyətlər ümumtəhsil seqmentində kütləvi şəkildə baş vermir:
"Hər il bir neçə belə hadisə qabardılır. Ötən il də üçlü qrup 1 şagirdə fiziki zorakılıq etmiş, videosunu çəkərək sosyal şəbəkələrdə paylaşmışdılar. Doğrudur, hər sinifdə çətin tərbiyyə olunan uşaqlar var. Təbii ki, onlar məktəbdə bir sıra problemlərin yaranmasına səbəb olacaq. Ancaq bunu məktəblərin və təhsilin üzərinə atmayaq. Təhsilimizdə bir sıra problemlər mövcuddur. Tədris prossesi qismən aşağı səviyyədədir. Amma bütün məktəblərdə zorakılıq halları artıb və digər ölkələrdəki kimi aşağı, yuxarı siniflər ayrı məktəblərdə oxusun desək, bu absurd yanaşma olar. Ona görə ki, buna maddi infrastruktur olaraq hazırlığımız yoxdur. Onu da qeyd edək ki, xaricdə bu üsuldan istifadə sırf bu mövzuya görə tətbiq olunmayıb. Buranın öz tədris fəlsəfəsi var. Sadəcə olaraq belə halların qarşısını almaq üçün nəzarət mexanizmini gücləndirməliyik".
Ekspert təklif edib ki, pilot layihə kimi təqdim olunan, bütün məktəbləri əhatə etməyən "Məktəblinin dostu" layihəsi digər elm ocaqlarında da təşkil olunsun:
"Sözügedən layihə tətbiq olunan məktəblərdə bu cür hadisələrə yol verilmir. Həmçinin, müəllimlər belə mövzuda öz aralarında təbliğat işi aparsınlar. Xatırlayırsızsa, iki il öncə məktəblərdə təlib-tərbiyyə işinin təşkili ilə bağlı qaydalar hazırlandı. O zaman şagird davranışın pozulması ilə bağlı kartlar tərtib olunmuşdu. Bu prossesi top atəşinə tutdular ki, məktəb təlim-tərbiyyə yeridir, uşaqlar dərs oxumayacaqlar? Çox təəssüf ki,orta yolu tapmaqda çətinlik çəkirik. Həmin qaydalarda şagird dəhlizdə sürətli qaçsa, ona müəyyən cəzalar verilirdi. Məncə, bu qədər ciddi qaydalara ehtiyac yoxdur. Bir sözlə, psixologiyanı pozacaq sərt cəza tətbiq etməməklə məktəblərdə özbaşnalığın qarşısını almaq lazımdır".